Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın həddi Bakıda tənzimlənəcək

İranın həddi Bakıda tənzimlənəcək

Tarix: 12 Oktyabr 2021 12:27

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşü ümidləri doğrultmayınca, son zamanlar Bakıya aqresiyası səngimək bilməyən Tehran "B planını" işə salmağa çalışır. Rusiyanın xarici işlər naziri iranlı həmkarıyla görüşdən əvvəl ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışaraq Tehranla Vaşinqton arasında vasitəçi olmağa çalışması İranın nəinki bölgədəki vəziyyətinin, heç dünyadakı mövqeyinin də ürəkaçan olmadığını göstərir.

Rusiyanın ABŞ-la münasibətlərində buzların ərimək bilmədiyi bir vaxtda Rusiya rəsmisinin Tehranla bağlı Vaşinqtonun kompromisə getməsi üçün etdiyi cəhd İranın diplomatik müstəvidəki vəziyyətindən xəbər verir. Rusiya İranın nüvə proqramıyla bağlı yeni sazişin imzalanmasında maraqlıdır. Lakin görünür Tehran inadkarlığından əl çəkmək haqda düşünmür. Bu isə 44 günlük müharibə ilə Cənubi Qafqazda itən nüfuzunu bərpa etmək, varlığını bir yolla göstərməyə çalışan İranın Bakı qarşısında ciddi mövqe səhvi ola bilər. 

Bilirik ki, quyruğu qapı arasında qalan kimi Moskvaya qaçmaq Ermənistanın köhnə vərdişidir. Görünür İran sürətlə rəsmi İrəvanın Azərbaycandan şikayət üçün seçdiyi ünvanı özlərinə pənah yeri görməkdən utanmadılar. Ancaq ermənilərin şikayətləri işə yaramadığı kimi iranlıların da şikayətlərinin Tehran üçün heç bir faydası olmadığını Abdullahianın Moskva səfərində şahid olduq. Rusiya-Azərbaycan münasibətlərində istər müharibə vaxtı, istərsə də müharibədən sonra, - xüsusilə də sülhməramlı kontingentin işi ilə bağlı suallar olsa da, Kreml başqalarının saxta ittihamları əsasında Azərbaycanla münasibətləri gərginləşdirməyəcəyi mesajını Tehrana çox məharətlə çatdırdı.

 

Hətta Tehranın həyasızlığı o həddə çatdı ki, İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani işə qarışmalı oldu. İran televiziyasında canlı yayımda Süleymani "Siz demirsinizmi ki, biz bütün dünya müsəlmanlarının, xüsusən şiələrin haqlarını dünyanın harasında olursa qorumalıyıq? Soruşuram: Azərbaycan əhalisi şiə deyilmi? Xocalı soyqırımında niyə susdunuz, heç bir açıqlama və etiraz etmədiniz? Etirazınıza dair sənəd varsa göstərin, boşuna danışmayın" çıxışı ilə Tehranın ermənipərəst siyasətini elə onların dilində milyonlarla insanın gözü qarşısında ifşa etdi. 

Bütün bu hadisələr fonunda digər diqqətçəkən məqam: Abdullahian Moskvadan geri döndükdən sonra İranın şimal-qərbində yerləşən bütün hərbi birliklər tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

Kimə qarşı?

Diyako Hosseini adlı, İran baş hərbi və strateji mütəxəssisi, İranın prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru açıqlama yaydı ki, "Təlimlər lazımdır, amma kifayət qədər deyil. Azərbaycan Respublikası ilə İsrail rejiminin arasındakı dağıdıcı əməkdaşlıq İranın digər həyati maraqlarına məhəl qoymadan davam edəcəksə, Ermənistanla təhlükəsizlik sazişi bağlamağı nəzərdən keçirməliyik. Və Sünik (Zəngəzur) bölgəsində İran ordusu mövcudluğu vacibdir". Bununla da Tehran Bakı ilə arasındakı gərginliyi, aqresiyanı bu qədər artırmağının dolayısı ilə əsl mahiyyətini açıqlamış olur.

Ardınca da...

Rusiyanın XİN müavini Serqey Rıbakov açıqlama verir ki, Rusiya və İranı müttəfiq ölkə kimi saymaq düzgün olmaz. Bu iki ölkənin işbirliyi ancaq Suriyada olub. Bir növ Rusiya tərəfindən gələn bu açıqlama Moskvanın Tehranla bir də Qafqazda müttəfiqlik, şərik iş görmək kimi bir məqsədinin olmadığı demək idi. Rusiya İranla eyni ritorikadan çıxış etmək niyyətində deyil. Moskva anlayır ki, İranın könlünü almaq üçün atılacaq belə bir addım sürətlə nüfuzu artan Türkiyəni qarşısına almaq deməkdir. Çünki 44 günlük müharibə zamanı və ondan sonrakı proseslərdə bölgədəki vəziyyəti tənzimləmək baxımından Türkiyə-Rusiya əməkdaşlığı özünü heç də pis tərəfdən göstərmir. Və bir çox məsələlərdə fikir ayrılıqları olsa da, yekunda hər iki ölkə bir-biri ilə dil tapmaqda elə də çətinlik çəkmir. Biz bunu Ərdoğanla Putin arasında baş tutan Soçi görüşündə də hiss etdik.

Rəsmi Bakının qətiyyətli mövqeyi, verdiyi qərarlara sayqı gözləntisi Tehranı fakt qarşısında qoymağa başlayıb. Lavrovun Moskva görüşündə İranın Azərbaycanla sərhəddəki irimiqyaslı təlimlərini "təxribat" adlandırmasından sonra Abdullahian soyuq başla narazılığını bildirsə də, qısa zaman kəsiyində səhv etdiyi anladığı üçün dərhal Bakıya gəlmək istədiyini, azərbaycanlı həmkarı ilə görüşmək istədiyini deməsi İranın B planı idi. Belə ki, Cənubi Azərbaycandakı soydaşlarımızın Bakıya dəstəyindən narahat olmağa başlayan Tehran rəsmilərinin (Ərdəbildən olan deputat, Rəisiyə yaxınlığı ilə tanınan Əli Nikzad - red) dilindən "Ölkənin şimal-qərbində yaşayan əhali və azəri türkləri fitnə və ixtilafların əsirinə çevrilməyəcəklər" kimi açıqlamaların artması İranın qorxularından xəbər verir. İstisna deyil ki, İran cənubdakı soydaşlarımıza qarşı repressiv addımlarını genişləndirə bilər. Azərbaycanda baş verən hər şeyi beynəlxalq platformalara çıxaran bəlli qruplar indi diqqətlərini cənuba yönəltsə, imkanlarını Arazın o tayındakı azərbaycanlılar üçün istifadə etsə, yaxşı olardı.

Son günlər İranın vahimədən, yaxud acığından atdığı epileptik, qarışıq addımlar durmadan artır. Arazın bu tayından İsraili özünə bir təhlükə mənbəyi kimi hədəf götürüb səs-küy salan Tehranın Bakıya qarşı yumşaq siyasəti yenidən Azərbaycana güc nümayişi ilə əvəz edildi. 

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yaxın günlərdə Azərbaycana gələcəyi xəbərləri sürətlə yayılmağa başlayıb. Bu səfər öncəsi İranın "İslam İnqilabı Keşikçiləri Korpusu" (SEPAH) və İran ordusu "strateji obyektləri müdafiə etmək" üçün birgə hava təlimləri keçirməyə başlayıb. Bu gündən etibarən iki gün davam edəcək hərbi təlimdə İran Ordusunun Hərbi Hava, Hava Hücumundan Müdafiə Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələri iştirak edirlər. Sözügedən hadisənin Abdullahianın Bakıya səfəri öncəsi keçirilməsi bilavasitə Bakıya növbəti güc nümayişindən başqa bir şey deyil. İran bununla həm də rəsmi Bakı ilə aradakı gərginliyi saxlamaqda maraqlı olduğunu göstərir. Bu cür davranışı da məhz Tehranın epileptik, qarışıq addımları siyahısına yazmaq olar.

Xüsusilə də İranın xarici işlər nazirinin Azərbaycan haqqında diplomatik etikadan kənar ifadələr işlətdikdən, rəsmi Tvitter hesabından Bakı və Ankara üçün xoşagəlməz karikaturalar paylaşmasından sonra Bakıya gəlməyə qərar verməsi yaxşı heç nə vəd etmir. Tehran qısa zamanda Azərbaycanla münasibətləri o qədər korladı ki, bu səfərlə münasibətlərin normallaşacağını gözləmək sadəlövhlük olar. Yəni dəyişən bir şey olmayacaq. Güman ki, Bakı İranın xarici işlərinə növbəti xəbərdarlığı məhz Bakıda edəcək. Ona bir daha başa salınacaq ki, Azərbaycanın daxili işlərinə - dost və tərəfdaşlarımızın seçiminə, sərhədimizi müəyyənləşdirməyə heç kim qarşıa bilməz, xüsusilə də Tehran. 

Təhməz Əsədov


Etiketlər:  İranın həddi Bakıda tənzimlənəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ