Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2021 12:54
Bakıda tikilən yeni binaların birinci və ikinci mərtəbələri qeyri-yaşayış obyektləri üçün nəzərdə tutulduğundan əvvəlcədən konstruksiya buna uyğun inşa edilir. Lakin şəhərin az qala hər yerində, xüsusilə də mərkəzi hissələrdə köhnə binaların əksəriyyətində zirzəmilər və birinci mərtəbələr alınaraq obyektlər açılıb. Bəzən bu cür obyektlərin açılması bina sakinlərinin narazılığı ilə qarşılanır, Çünki , fəaliyyətə başlayandan sonra isə bir sıra hallarda həmin bina sakinləri üçün yaşayış dözülməz həddə çatır. Bəs hansı hallarda binalarda qeyri-yaşayış obyektlərinin açılmasına icazə verilir?
Elxan dayını hər gün isti yerindən didərgin salan səbəb yaşadığı evdən, daha dəqiqi yatdığı otaqdan gələn qorxunc səsdir.
Bütün bu vahimə, hər gecə 5 mərtəbəli binanın zirzəmisində fəaliyyət göstərən kafedə mühərrik işə düşəndə baş verir.
Şiranə xanımın isə yaşadığı binanın yolunu kəsiblər. Problem eynidir, zirzəmi kiminsə xoşuna gəlib, kafe açıb, sonra isə kafenin ərazisini genişləndirərək yolu kəsib.
Alimin yaşadığı binanın zirzəmisinə isə qaz xətti çəkiblər. Qaz sızmasının baş vermə ehtimalı onların da yuxusuna haram qatıb.
Şəhərin müxtəlif ərazilərində yaşayış binalarının içində sonradan salınan çox sayda qeyri-yaşayış obyektləri və onların yaratdığı problemlər ucbatından narazı qalan sakinlərə rast gəlmək olur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirildi ki, zirzəmilərin və birinci mərtəbələrin obyektə çevrilməsi məsələsinə müvafiq icra hakimiyyətləri icazə verir. Yəni qaydalara uyğun şəkildə fəaliyyət göstərmək şərti ilə bu obyektlərin açılmasında problem yoxdur. Bəs vacib qaydalar nədir və sahibkarın bina sakinlərini narahat etməmək üçün qarşısına qoyulan şərtlər nədən ibarətdir? Tikinti üzrə ekspert Ramil Osmanlı deyir ki, bu qaydalar tikinti məcəlləsində öz əksini tapır.
Görünən isə odur ki, bu qaydaların pozulduğu binaların sayı şəhərimizdə az deyil. Hər zaman qonşusu pis olana köçüb canını qurtarmaq məsləhət görülür, qonşusu kafe-restoran olan bina sakinlərinin də öz evində yaşayıb-yaşaya bilməməsi də həmin sahibkarların insafına bağlıdır.