Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2021 14:51
"Qarabağda son günlər erməni hərbi təxribatlarının geniş vüsət alması Ermənistanda bəzi hərbi-siyasi dairələrin Moskvanın vasitəçilik təşəbbüslərinə qarşı cəhdləri kimi qiymətləndirilə bilər".
Bunu Sonxeber.net-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.
O bildirib ki, Qarabağda qanunsuz erməni silahlıları tərəfindən hərbi təxribatların intensivləşməsinin arxasında Rusiyanın vasitəçiliyinə qarşı yönəlmiş bir cəhd dayanır:
"Aydın məsələdir ki, Ermənistanda bəzi dairələr Qərbdən aldığı sifariş əsasında fəaliyyət göstərirlər. Onlar Qərbdəki dairələrin verdikləri təlimatlar əsasında addımlar atırlar və Qərbdəki bəzi dairələrin mövqeyi də bəllidir. Onlar münaqişənin başa çatmadığı reallığını qəbul etdirmək istəyirlər. Həmin dairələr çalışırlar ki, konflikt şəraiti mövcud olsun, Rusiyanın sülhməramlı qismində burada iştirakına müəyyən kölgə düşsün, müəyyən şübhələr yaransın və bütün bu proseslərin fonunda həmin o mərkəzlər də buradakı proseslərə cəlb olunsun.
Son vaxtlar nəzərə alaq ki, Rusiyanın vasitəçilik təşəbbüsləri kifayət qədər genişlənib, Moskvanın fəallığı aydın şəkildə müşahidə olunmaqdadır. İstər kommunikasiyaların açılması, istər sərhədlərin delimitasiya və demarkasiyası məsələlərində, istərsə də Ermənistanla Azərbaycan arasında sülh və etimad körpülrinin qurulması barədə biz Moskvadan intensiv şəkildə açıqlama və bəyanatların şahidi oluruq. Eyni zamanda onu müşahidə edirik ki, Moskva münaqişənin başa çatdığı reallığının daha möhkəmlənməsində maraqlıdır. Bunu verilən son bir neçə bəyanatlarda aydın şəkildə müşahidə etmişik.
Onu da nəzərə alaq ki, elə bu günlərdə Minsk şəhərində MDB-nin sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin də bir görüşü keçirilməlidir. Elə həmin görüş ərəfəsində də bu hərbi təxribatların intensivləşməsi bir daha onu göstərir ki, bu təxribatların arxasında Rusiyaya qarşı da bir niyyət, Rusiyanın vasitəçiliyinə qarşı yönəlmiş bir cəhd dayanır".
Təhməz Əsədov