Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2021 18:06
Ermənilər 30 illik işğal dövründə olduğu kimi indi də özlərini həm suçlu, həm güclü göstərməyə çalışırlar. 44 günlük müharibəyə kimi daim cəbhə boyunca yüzlərlə təxribatlar törətmiş, yeni işğal planları qurmuş ermənilərin son günlər yenidən bu "həvəslərində" bir artım müşahidə edilir. II Qarabağ müharibəsindən nəticə çıxartmayan revanşist qüvvələr hər yolla Azərbaycan Ordusunun qərarlaşdığı mövqelər istiqamətində müxtəlif təxribat planlarını işə salmağa cəhd edirlər. Bu cür təxribatlardan biri ötən gün baş verə bilərdi ki, Azərbaycan əsgəri düşmənin məkirli planının üstündən xətt çəkib. Belə ki, oktyabrın 14-də Füzuli rayonu istiqamətində kəşfiyyat məqsədilə Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilərək ələ keçirilib.
Bunu həzm edə bilməyən ermənilər müharibə zamanı daha çox tanıdığımız tərəflərini işə saldılar. Dünəndən bu günə sosial şəbəkələrin erməni seqmenti ilə yanaşı bir çox xəbər saytlarında güya Azərbaycan əsgərinin qərarlaşdığı postdan "dinc ermənilərə" atəş açdığı kadrlar işıq sürəti ilə yayılmaqdadır. Lakin kadrlara diqqətlə baxanda həqiqət gözə girir. Görüntüdən məlum olur ki, sözügedən videoda Azərbaycan əsgərinin hədəfi məhz Füzuli rayonu istiqamətində kəşfiyyat məqsədilə Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə məxsus Drondur. Ermənilər məhz bu videonu sosial şəbəkələrdə paylaşaraq iddia edirlər ki, azərbaycanlı əsgər "dinc erməniləri atəşə tutur". Halbuki, videodan da aydın görünür ki, əsgərimiz havadakı erməni kvadrikopterinə atəş açır.
Düşmən bunu istəklərinə uyğun ictimailəşdirməkdə iki əsas məqsədi var:
Ermənilərin bu kadrları "dinc erməniləri atəşə tutur" başlığı ilə yaymaqda əsas məqsədlərindən biri Rusiya sülhməramlısı ilə Azərbaycan əsgərini qarşı-qarşıya qoymaq və Rusiya sülhməramlısının fəaliyyətini şübhə altına almaqdır. Qərbin bəzi dairələrinin maraqlarına xidmət edən, onların sifarişlərini yerinə yetirən revanşist qüvvələr bununla nəyəsə nail olmağa çalışırlar.
Bu kadrları ermənilərin ictimailəşdirməkdə digər məqsədi isə dünya ictimaiyyətinə guya "Azərbaycan xalqının nə qədər qəddar, azərbaycanlılarla bir yerdə yaşamağın mümkünsüzlüyünü" göstərərək, bununla Qarabağın "statusu" məsələsini gündəmdə saxlamaqdır. Lakin revanşist qüvvələr hələ də anlamırlar ki, artıq rəsmi İrəvan Bakının şərtləri ilə razılaşdığını bəyan edib və sərhədlərin delimitasiya, demarkasiyası ilə yanaşı Zəngəzur dəhlizi ilə bağlı məsələdə çox yaxın gələcəkdə öz həllini tapacaq.
Təhməz Əsədov