Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2021 12:08
Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Sonxeber.net XəzərXəbər-ə istinadən xəbər verir ki, günün ikinci matçında "Qarabağ" son çempion "Neftçi"ni qəbul edib.
"Azersun Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşə "köhlən atlar" daha üstün başlayıb. 10-cu dəqiqədə Filip Ozobiç meydan sahiblərini hesabda önə keçirib. 4 dəqiqə sonra isə Abdullah Zubir "ağ-qaralar"ı növbəti dəfə mərkəzə dəvət edib. Ozobiç 23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə özünün ikinci, komandasının isə üçüncü qolunu vurub.
"Neftçi"nin müdafiəçisi Ömər Buludov 37-ci dəqiqədə zədələndiyi üçün görüşə davam edə bilməyib. Onun yerinə meydana İsmayıl Zülfüqarlı daxil olub. 90+2-ci dəqiqədə Marko Vesoviç komandasının 4-cü qoluna imza atıb.
Bu nəticədən sonra xallarının sayını 20-yə çatdıran "Qarabağ" vahid lider olub. Qonaqlar isə 17 xalla ikinci sıradadır.
Qeyd edək ki, günün ilk matçında "Zirə" "Keşlə"ni 2:0 hesabı ilə üstələyib. IX turun "Qəbələ" - "Sabah" və "Sumqayıt" - "Səbail" oyunları oktyabrın 31-də olacaq.
30 oktyabr 2021. Saat 18:30. "Azersun Arena", 1150 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Müslüm Əliyev
Dördüncü hakim: Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Qara Qarayev, 70 (qeyri-idman hərəkəti) // Sabir Buqrin, 29 (hakimin qərarına etiraz); Ömər Buludov, 37 (qeyri-idman hərəkəti); Mert Çelik, 55 (qeyri-idman hərəkəti); Mamadu Mbodj, 57 (qeyri-idman hərəkəti); Tiaqo Bezerra, 80 (qeyri-idman hərəkəti)
Qollar: Filip Ozobiç, 10, 23 (p.); Abdullah Zubir, 14; Marko Veşoviç, 90+3
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 5 dəq.