Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2021 21:18
Çində son günlər COVID-19 infeksiyasına yoluxmaların çoxalması fonunda ölkənin populyar turizm məkanlarından olan Şanxay "Disneyland"i noyabrın 1-dən etibarən ziyarətçilərin qəbulunu dayandırıb.
Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, turizm parkının məsələ ilə bağlı yaydığı elanda ziyarətçi qəbulunun müvəqqəti dayandırılması barədə qərarın ölkədə pandemiya ilə mübarizə tədbirlərinə dəstək məqsədi daşıdığı bildirilib. Elanda parkın fəaliyyətini bərpa edəcəyi vaxt göstərilməyib.
Yerli medianın məlumatına əsasən, parkın fəaliyyətini dayandırması prosesi oktyabrın 31-də başlayıb. Həmin gün parkdakı attraksionların çoxu işləmirmiş. Şanxayın xəstəliklərə nəzarət və profilaktikası mərkəzinin təcili qərarına əsasən, ötən gün parkda olan ziyarətçilər koronavirus testindən keçiblər. Mərkəz ziyarətçilərdən bir sutka sonra yenidən test verməyi və 12 gün ərzində sağlamlıq vəziyyətlərini nəzarətdə saxlamağı xahiş edib.
Ötən gün Şanxay metrosunun "Disneyland" parkı yaxınlığındakı stansiyalarının fəaliyyəti də anidən dayandırılıb.
Şanxaydakı "Disneyland" ötən ilin birinci yarısında pandemiya səbəbindən bir neçə ay bağlı qalıb.
Qeyd edək ki, Çində oktyabrın 16-da başlayan pandemiyanın yeni dalğasında paytaxt Pekin də daxil olmaqla, bir neçə yaşayış məntəqəsində ümumilikdə 500-dən çox yoluxma aşkarlanıb. Ötən sutka isə ümumilikdə 59 yoluxma qeydə alınıb. Yoluxmaların sayından asılı olaraq bəzi yaşayış məntəqələri yüksək və orta riskli zonalar elan edilib. Həmin yaşayış məntəqələrində karantin rejimi sərtləşdirilib, giriş-çıxış məhdudlaşdırılıb, kütləvi tədbirlər ləğv edilib. Bəzi yaşayış məntəqələrinin məktəblərində dərslər təxirə salınıb, uşaq bağçalarının fəaliyyəti dayandırılıb, ali məktəblərdə isə qapalı rejim tətbiq olunur. Bir neçə məntəqədə sakinlərin kütləvi test prosesi həyata keçirilir. Çinin dəmir yolu operatoru virusla mübarizə tədbirləri çərçivəsində yoluxma ocaqları olan şəhərlərə gedən və oradan çıxan qatarlarda sərnişinlərin sayına məhdudiyyət qoyub, bəzi istiqamətlərdə isə ümumiyyətlə qatarların hərəkəti dayandırılıb.