Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində pandemiyanın sonuncu dalğası ilə əlaqədar 40 minə yaxın adam tibbi nəzarət altındadır

Çində pandemiyanın sonuncu dalğası ilə əlaqədar 40 minə yaxın adam tibbi nəzarət altındadır

Tarix: 3 Noyabr 2021 21:46

Çində COVID-19 pandemiyasının oktyabrın 16-da başlayan sonuncu dalğası ilə əlaqədar 39 min 716 nəfər tibbi nəzarətə cəlb olunub.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, həmin şəxslərin bir hissəsi xüsusi karantin yerlərində, qalanı isə yaşadıqları yerlərdə tibbi nəzarət altındadır. Yoluxması təsdiqlənənlərlə təmasda olduqları üçün nəzarətə cəlb olunun həmin şəxslər tələb olunan müddətdə tibbi nəzarətdə qalacaqlar.

Qeyd edək ki, Çində oktyabrın 16-dan başlayan pandemiyanın sonuncu dalğası zamanı bir neçə yaşayış məntəqəsində virusa yoluxmalar aşkarlanıb. Ötən sutka ərzində sonuncu dalğanın ən yüksək rəqəmi olan 93 təsdiqlənmiş, 11 asimptomik yoluxma aşkarlanıb. Əsas yoluxma ocaqları Heyloncian, Hebey və Qansu vilayətləri, Daxili Monqolustan muxtar bölgəsidir. Bundan başqa, paytaxt Pekində, Çinin ən böyük bələdiyyəsi olan Çunçin şəhərində (35 milyon sakini var), Çinhay, Ciansi, Yünnan, Siçuan vilayətlərində, Ninsia Huy muxtar bölgəsində də yoluxmalar aşkarlanıb. Budəfəki yoluxma coğrafiyasının belə geniş olması səlahiyyətli qurumları ciddi qərarlar qəbul etməyə vadar edib. Belə ki, yoluxma ocaqları olan bir neçə yaşayış məntəqəsində qapanma elan edilib, iş yerləri və məktəblər bağlanıb, kütləvi tədbirlər ləğv olunub, Şanxaydakı "Disneyland" parkı fəaliyyətini müvəqqəti dayandırıb. Yoluxma zəncirini tapmaq üçün epidemioloji təhqiqat çərçivəsində bir neçə mərhələdə kütləvi test prosesi həyata keçirilir. Yoluxmaların sayından asılı olaraq bəzi yaşayış məntəqələri yüksək və orta riskli zonalar elan edilib. Çinin dəmir yolu operatoru virusla mübarizə tədbirləri çərçivəsində yoluxma ocaqları olan şəhərlərə gedən və oradan çıxan qatarlarda sərnişinlərin sayına məhdudiyyət qoyub, bəzi istiqamətlərdə isə ümumiyyətlə qatarların hərəkəti dayandırılıb.

Pekinin xəstəliklərə nəzarət və profilaktika mərkəzi sakinlərə vacib səbəb olmadığı təqdirdə şəhəri tərk etməməyi tövsiyə edib. Hava limanları, dəmir yolu və avtobus vağzallarında, avtomobil yollarının şəhərə girişlərində epidemiya əleyhinə yoxlanış tədbirləri gücləndirilib. Kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olanlar, soyuducu anbarlarda, ictimai iaşə sektorunda, poçt xidmətində çalışanlar hər 14 gündən bir, aptek işçiləri isə həftədə bir dəfə koronavirus testi verməlidirlər. Paytaxtdakı bir neçə kinoteatr və internet kafeləri fəaliyyətini dayandırıb.


Etiketlər:  Çində pandemiyanın sonuncu dalğası ilə əlaqədar minə yaxın adam tibbi nəzarət altındadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ