Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2021 22:15
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə 1-5 noyabr tarixlərində keçirilən "4.4 Qısa Tamaşalar Festivalı" (QTF) başa çatıb.
Xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı zəfərə və bu zəfəri bizə yaşadan şəhidlərimizin xatirəsinə ithaf edilən Festifalın bağlanış mərasimi tədbirin keçirildiyi Akademik Musiqili Teatrında baş tutub.
Tədbir Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyevin giriş sözü ilə başlayıb.
Festival iştirakçılarını bu teatr bayramının başa çatması münasibəti ilə təbrik edən E.Əliyev teatr sənətinin mədəniyyətimizdə xüsusi yerə malik olduğunu vurğulayıb.
O, həmçinin, festivalın ənənəvi olaraq keçirilməsini arzu etdiyini bildirib. Tamaşaçılar "4.4 Qısa Tamaşalar Festivalı"nın 4 gün ərzində keçdiyi yolu əks etdirən videoicmalı izlədikdən sonra çıxış edən Festivalın layihə rəhbəri Vidadi Qafarov bu teatr bayramının baş tutmasında əməyi olan hər kəsə öz munnətdarlığını bildirib. Sonra qaliblərin mükafatlandırılması mərasimi başlayıb. 3-cü yerin mükafatçısını Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev elan edib.
Lənkəran Dövlət Dram Teatrının gənc rejissoru Tərlan Abdullayevin müəllifi və rejissoru olduğu "Sonuncu görüş" tamaşası 3-cü yerə və 750 manat pul mükafatına layiq görülüb. "Sonuncu görüş" tamaşasının nümayişindən sonra səhnəyə münsiflər heyətinin sədri Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov dəvət edilib.
O, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, Əməkdar incəsənət xadimi Əli Əmirli, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzdə və Xalq artisti Pərviz Məmmədrzayevdən ibarət münsiflər heyətinin Festivalın uğurlu keçməsində rolunu xüsusi vurğulayıb. Daha sonra İ.İsrafilov 2-ci yerə layiq görülmüş "44" tamaşasının yaradıcı heyətini səhnəyə dəvət edərək, xüsusi diplom və 1000 AZN həcmində pul mükafatını onlara təqdim edib. Tamaşanın müəllifi və rejissoru, Akademik Musiqili Teatrın rejissoru Zaur Əliyev yüksək dəyərə görə münsiflər heyətinə və təşkilatçılara öz təşəkkürünü bildirib. "44" tamaşasının nümayişindən sonra Festivalın qalibi elan olunub. Festivalın qalibi ƏSA Teatrının "Qonşu" tamaşası olub.
Qalib tamaşaya mükafatı Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev təqdim edib. Nihad Qulamzadənin müəllifi və rejissoru olduğu "Qonşu" tamaşasının yaradıcı heyəti xüsusi diplom, "Dəfnə mükafatı" və 1500 AZN pul mükafatına layiq görülüb. N.Qulamzadə çıxış edərək yüksək etimada görə təşəkkürünü çatdırıb. Daha sonra tamaşaçılar "Qonşu" tamaşasını izləyiblər. Sonda tədbirin aparıcısı Zaur Mirzəzadə Festivalın direktoru Elçin Cəfərovu dəvət edib.
O, bu teatr bayramının uğurla başa çatması münasibəti ilə hamını təbrik edərək, əməyi keçənlərə öz minnətdarlığını bildirib və bütün Festival iştirakçılarını səhnəyə çağırıb.
Akademik Musiqili Teatrın baş rejissoru Cavid İmamverdiyevin quruluş verdiyi bağlanış mərasimi bayram əhval-ruhiyyəsində başa çatıb.