Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan və Türkiyə Mərkəzi Asiyanın geopolitik taleyini həll edəcək

Azərbaycan və Türkiyə Mərkəzi Asiyanın geopolitik taleyini həll edəcək

Tarix: 13 Noyabr 2021 13:00

"Türk Dövlətləri Əməkdaşlıq Şurasına (TDƏŞ) dünəndən etibarən Türk Dövlətləri Təşkilatı adlandırılmağa başladı".

Bunu Milli.Az-a açıqlamasında siyasi analitik Turab Rzayev deyib.

O bildirib ki, Şuşa Bəyannaməsi türkdilli ölkələrdə bir oyanışa səbəb oldu:

"Bu Şuranın yaranmasında, həm inkişafında, həm də son 1 ildə daha da mütəşəkilləşməsində Azərbaycanın xüsusi rolu olub. Belə ki, TDƏŞ-in ilkin olaraq formalaşdırılmasında o vaxt Heydər Əliyevin də böyük rolu olmuşdu. Hətta xatırlayıram ki, bəzi Orta Asiya respublika rəhbərləri demişdilər ki, biz bu Şuranın nə ilə məşğul olacağını bilmirik. Əsas odur ki, bizi bura ağsaqqal Heydər Əliyev çağırıb və biz də onun dəvətini qəbul edib, bu təşkilata qoşulduq". 

Bu Şura bir neçə əlamətdar hadisə ilə yadda qaldı. Belə ki, Özbəkistan yenidən Şuranın tərkibinə qayıtdı, Türkmənistan artıq daimi üzv kimi Şuraya qoşuldu.

Şuranın adının dəyişməsi həm də onun mahiyyətinin dəyişməsinə gətirib çıxaracaq. Belə ki, ilk öncə düşünülürdü ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası daha çox mədəni, sosial sahələr üzrə bir qədər aşağı profilli bir əməkdaşlıq Şurası idi. İndi isə son 1 ildə bu sahədə əhəmiyyətli addımlar atıldı. Belə ki, Qarabağ müharibəsinin əvvəlində, həm müharibə ərzində, həm də müharibədən sonra Azərbaycan və Türkiyənin sıx əməkdaşlığı digər ölkələrə bir model formalaşdırdı. Müharibə vaxtı bəlli oldu ki, əslində Azərbaycanla Türkiyənin qarşılıqlı müqaviləsi var və bu müqaviləyə əsasən hər hansı bir ölkəyə hücum edilərsə digər ölkənin bütün hərbi varlığı ilə onu qorumasını ehtiva edir. Bu, əslində hərbi müttəfiqlik müqaviləsi idi. Daha sonra Qarabağ müharibəsi dövründə Türkiyənin Azərbaycanın yanında olması, açıq şəkildə bunu elan etməsi və müharibə bitdikdən sonra da bu hadisələr Şuşa Bəyannaməsi ilə taclandırıldı. Və rəsmi olaraq Azərbaycan və Türkiyə Şuşa Bəyannaməsindən sonra hərbi-siyasi müttəfiq oldular, əslində bunu elan etdilər.

Bu, digər türkdilli ölkələrdə bir oyanışa səbəb oldu. Qazaxıstan Türkiyə ilə hərbi əməkdaşlıq və təlimlərlə bağlı müqavilə imzaladı. Özbəkistan hansı ki, əvvəlki rəhbərliyin dönəmində Türkiyəyə düşmən münasibətdə idi, Özbəkistan bir həftə Türkiyə ilə Əfqanıstan sərhəddində ortaq təlimlər keçirdi, iki ölkə arasında hərbi müqavilə imzalandı. Qırğızıstan Türkiyədən hərbi yardım istədi, hərbi əməkdaşlıq müqaviləsi imzaladı. Türkmənistan yenidən Türk Şurasına maraq göstərdi. 

Əslində buna 44 günlük Vətən müharibəsində Türkiyə-Azərbaycan qardaşlığının ifadə olunmasının nəticəsi deyə bilərik. Bu ölkələr gördülər ki, onlara real təhlükə zamanı məhz Azərbaycan və Türkiyə bu ölkələrin yanında olacaqlar. Türk Dövlətləri Təşkilatı sadəcə türkdilli ölkələrin bir təşkilatı deyil, əslində çox da geniş bir geopolitik hədəflərə yönəlib. Orada Macarıstan var, hansı ki, TURAN ideyasının formalaşmasında həmişə Macarıstanın xüsusi rolu olub. Bundan başqa, Türkiyə-Azərbaycan-Pakistan adlı 3-lü başqa bir platforma var, hansı ki, biz "3 qardaş" təlimlərində sübut etdik ki, təkcə Türkiyə ilə Azərbaycan ikili təlimlər yox, eyni zamanda Pakistan da yanımızda üç qardaş birgə təlim keçirə bilirik və bu təlimlər yenə davam edəcək.

Müharibədə Pakistan və Əfqanıstanın qeyd-şərtsiz Azərbaycanın yanında durmasını da unutmamışıq. Bu, onu deməyə əsas verir ki, gələcəkdə Türk Dövlətləri Təşkilatı sadəcə Mərkəzi Asiya və Cənub-Qərbi Asiyadakı türk ölkələrinin deyil, eyni vaxtda Pakistan, Əfqanıstan kimi regional ölkələr də daxil olacaqlar. Bu da bizə Cənub-Qərbi Asiyada və Mərkəzi Asiyada əsas dominant gücün məhz türk gücü olacağını deməyə əsas verir. Tək bu regiona nəzarət etməkdən başqa, TDT eyni vaxtda Çin və Avropa arasında əsas körpü, əsas nəqliyyat-kommunikasiya rolunu oynacaq. Xüsusilə Zəngəzur dəhlizinin açılmasından sonra artıq Avropadan və ya Çindən qarşılıqlı istiqamətdə hərəkət edən hər hansı yük maşınları Türkiyədən birbaşa Naxçıvana, Naxçıvandan Zəngəzur dəhlizi ilə Bakıya və buradan da Xəzər dənizi ilə birbaşa Orta Asiyaya daxil olacaq. Türkmənistan və Özbəkistandan Əfqanıstan üzərindən Çin-Pakistan iqtisadi yolu ilə birbaşa Çinə və yaxud birbaşa Qazaxıstan və Qırğızıstandan Çinə daxil ola bilər. Biz əslində bununla Çinə və Avropaya ticarət üçün yeni bir alternativ yol təklif etmiş olduq.

Təsadüfi deyil ki, Türkiyə artıq İğdırdan Naxçıvana dəmiryolu xəttini çəkməyə başlayıb. Eyni şəkildə Azərbaycan da Zəngilanın Ağbənd qəsəbəsinə qədər həm avtomobil, həm də dəmiryolunun artıq təməlini qoyub. Və gələcəkdə 40 kilometrlik Zəngəzur dəhlizi ilə bu yol birləşdikdən sonra, artıq Cənub-Qərbi Asiyanın və Mərkəzi Asiyanın geopolitik taleyi məhz bu Türk Dövlətləri Təşkilatının əlində olacaq deyə bilərik".

Təhməz Əsədov
Milli.Az


Etiketlər:  Azərbaycan Türkiyə Mərkəzi Asiyanın geopolitik taleyini həll edəcək


RƏYLƏR