Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yarımçıq qalan missiyasını 54 yaşında tamamlayan qazi - FOTO

Yarımçıq qalan missiyasını 54 yaşında tamamlayan qazi - FOTO

Tarix: 14 Noyabr 2021 19:50

Mənim mübarizəm 1994-cü ildən yarımçıq qalmışdı. Düz 26 il bu anı gözlədim. 2020-ci il sentyabrın 29-dan isə missiyamı tamamlamaq üçün yenidən savaş meydanına qayıtdım. Bu dəfə döyüş meydanından qalib ayrılmaq qismətim oldu. Əlli dörd yaşımda ötən illərin və şəhid olan yaxınlarımın qisasını almaq, Zəfər qazanmaq xoşbəxtliyini daddım.

Milli.Az bildirir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində həm Birinci Qarabağ müharibəsi, həm Vətən müharibəsi qazisi Adil Quliyev deyib.

Quliyev Adil Şahbaz oğlu 1966-cı il yanvarın 25-də Füzuli rayonunun Govşatlı kəndində anadan olub. Qazi Birinci Qarabağ müharibəsində iştirakını belə xatırlayır: "Ötən əsrin 80-ci illərinin sonlarında ermənilərin Azərbaycana qarşı ərazi iddiaları baş qaldırmışdı. Mənfur qonşularımız fəallaşmışdılar. Govşatlı kəndi erməni kəndləri ilə sərhəd olduğundan könüllü özünümüdafiə dəstəsi yaratmışdıq. Təxminən 1990-cı ildən bizim kənddə səngərlər var idi, gecələr postda keşik çəkirdik. Azərbaycanda ordu yarananda Füzulidə 3 özünümüdafiə taboru və bir təminat taboru mövcud idi. Füzulidə bir briqada - 702 nömrəli briqada - yaratmışdıq. Həmin briqadanın nəzdində 839 nömrəli hərbi hissə, onun tərkibində 3-cü rota mövcud idi. Həmin rota döyüşçülərin əksəriyyətinin Govşatlı kəndindən olması səbəbindən kəndimizin adı ilə bağlı olaraq Govşat rotası adlandırılırdı. Govşat rotasının komandiri idim. 1991-ci ildə Füzuli könüllü özünümüdafiə batalyonuna ərizə ilə müraciət edib qeydiyyata alındım. Erməni işğalçılarının ölkəmizə qarşı təcavüzü başlayanda bölük komandiri olaraq Füzulinin müdafiəsi məqsədilə ön sıralarda idim. O vaxtlar təminat və təchizatda çatışmazlıqlar var idi, indiki kimi nizami ordu formalaşmamışdı. Lakin könüllülər olaraq var qüvvəmizlə mübarizə aparırdıq. İlk müharibədə yaxın qohumlarımdan bir neçəsi şəhid oldu. Əmilərim Quliyev Çərkəz və Quliyev Nizami, dayım oğlu Quliyev Bayram, əmim oğlu Quliyev Azər, bibim oğlu Əliyev Vüqar, yaxın qohumum Məmmədov Tahir şəhadətə yüksəldilər. Mən Füzulidə aparılan bütün döyüş əməliyyatlarında iştirak etdim. 1993-cü il avqustun 21-də Füzuli şəhərində küçə döyüşlərində yaralandım. Üzbəüz döyüş zamanı düşməni məhv etsəm də, güllə yarası aldım. Amma məni daha çox yaralayan iki gündən sonra rayonun işğal edilməsi xəbəri oldu. Yenə də ümidimi itirmədim, əməliyyat və müalicədən sonra yenidən döyüş meydanına qayıtdım. Briqadanın uğurlu əməliyyatları nəticəsində Füzulinin tam işğal olunmasının qarşısı alındı. 1993-cü ilin dekabr - 1994-cü ilin yanvar aylarındakı Horadiz əməliyyatını orta yaşlı nəsil yaxşı xatırlayar. Həmin əməliyyat zamanı Füzulinin Horadiz qəsəbəsi və 22 kəndi və Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Mən də həmin əməliyyatın iştirakçılarından idim. Məlum məsələdir ki, sonra tərəflər arasında atəşkəs imzalandı. Buna baxmayaraq, ara-sıra cəbhə xəttində təxribatlar olurdu. Mən ordu sıralarından 1996-cı ilin sentyabrında tərxis olunmuşam. Həmin müddətə qədər 702 nömrəli briqadanın tərkibində bölük komandiri kimi xidmətimi davam etdirmişəm".

Adil Quliyev mübarizənin yarımçıq qaldığını və uzun illər o son döyüşün gələcəyi günü gözlədiyini bildirib: "Biz düşmənə uduzmamışdıq, sadəcə olaraq mübarizəmiz yarımçıq qalmışdı. 26 il idi ki, daxilimdəki nifrət hissi, intiqam duyğusu, şəhidlərimizin narahat ruhu məni rahat buraxmırdı. Mən həm torpağımı, həm də əzizlərimi itirmişdim. Ümid edirdim ki, yenidən döyüş meydanına qayıdacaq və qisasımı alacağam. Ötən il Azərbaycan Ordusuna əks-hücuma keçmək əmri veriləndə və qismən səfərbərlik başlayanda keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm. Mən illərdir bu günü gözləyirdim. Allaha dua edib yalvarırdım ki, yenidən savaş meydanına qayıtmaq, rayonumuzun azad edilməsində iştirak etmək və şəhidlərimizin qisasını almaq üçün mənə möhlət versin. Bu imkan əlimə 54 yaşımda düşdü. Yaşım neçə olur-olsun əlim silah tutduğu müddətdə döyüşməyə hazır idim.

Birinci müharibədə 140 nəfərlik bir bölüyün komandiri olduğum və səriştəm olduğu üçün müraciətimi nəzərə aldılar. Könüllü əsgər olaraq sentyabrın 29-dan cəbhədə 72 nəfər könüllü dəstə ilə birlikdə döyüşlərə qatıldım.

Biz peşəkar döyüşçülər idik və əraziləri yaxşı tanıyırdıq. Ona görə də müraciətimiz müsbət qiymətləndirildi. Vətən müharibəsində Füzuli və Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak etdim. Yenidən döyüşçü kimi öz torpağıma qayıtmışdım. Doğrusu, Füzulini görəndə tanımadım. Erməni barbarları rayonun hər daşına-divarına, ağacına zülm etmişdilər. Doğma torpağımın hər qarışında erməni vəhşiliyinin izləri var idi. Füzuliyə ayaq basdıqca torpaqdan güc alırdım sanki. Yurdumuz bizi tanımışdı, öz sakinini, öz döyüşçüsünü unutmamışdı. İrəlilədikcə şəhid olan qohumlarımın ruhunun şad olduğunu hiss edirdim. Oktyabrın 17-də Füzuli Zəfərini döyüş meydanında yaşamaq ifadə edilə bilməyəcək bir hiss idi. Mən bu anı necə gözləyirdim, necə arzulayırdım... Öz kəndimizin də azad edilməsi uğrunda döyüşlərdə iştirak etmək istəyirdim. Təəssüf ki, burada da sonadək gedə bilmədim. Oktyabrın 20-də Ordumuzun digər bölmələrinin Zəngilanı azad etdiyi xəbərini aldıq. Bu, işğaldan təmizlənən üçüncü rayon idi - Cəbrayıl, Füzuli, Zəngilan. Zəngilan azad edilən gün mən Füzuli rayonunun Qaraxanbəyli kəndində yaralandım. Yaxınlığıma düşən minaatan mərmisinin qəlpəsi hər iki qoluma xəsarət yetirmişdi. Sol qolum yüngül, sağ qolum ağır yaralanmışdı. Bu da döyüşləri davam etdirməmə və Govşutlu kəndinin azad edilməsi uğrunda hərbi əməliyyatlarında iştirak etməmə imkan vermədi.

Lakin xəstəxanada olanda Qubadlının, Şuşanın, noyabrın 9-da isə doğma kəndimizin azadolunma xəbərini aldım. Sonra isə Ermənistan təslim oldu və müharibə başa çatdı. Aldığım yaraları, illərin iztirabını bir anda unutdum. Mənim üçün bundan böyük sevinc ola bilməzdi".

Qazinin sözlərinə görə aldığı yaralardan dolayı ikisi Türkiyədə olmaqla ümumilikdə 5 dəfə əməliyyat olunub, sağ qoluna İlizarov aparatı taxılıb: "Göstərilən qayğı və diqqətə görə dövlətimizdən də, "YAŞAT" Fondundan da razıyam. Fondun hesabına Türkiyədə əməliyyatlar keçirmişəm. Hazırda müalicəm davam edir".

"Döyüşlərdə iştirakıma görə Prezident İlham Əliyevin sərəncamları ilə "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşam. Onu da qeyd edim ki, Vətən müharibəsində mənimlə yanaşı, oğullarımdan biri də iştirak edib. Həmin oğlum Daxili Qoşunların zabitidir və hazırda xidmətini davam etdirir. Bundan əlavə, tale elə gətirdi ki, Vətən müharibəsində bir bacım oğlu ilə eyni briqadada çiyin-çiyinə döyüşdük. O da Azərbaycan Ordusunun giziri kimi Vətənin keşiyindədir. Həmçinin ordumuzun zabitlərindən olan bir dayım oğlu və bir bacım oğlu da Vətən müharibəsi qaziləridirlər. Təəssüf ki, Vətən müharibəsində də qohumlarım arasında şəhadətə yüksələn oldu. Əmim nəvəsi Bəhruz İbrahimov Vətən torpağına qarışan qəhrəmanlarımızdan biridir. Allahdan cəmi şəhidlərimizə rəhmət, qazilərimizə və hərbi qulluqçularımıza cansağlığı arzu edirəm. Vətən sağ olsun!", - deyə A.Quliyev fikirlərini yekunlaşdırıb.

Milli.Az


Etiketlər:  Yarımçıq qalan missiyasını 54 yaşında tamamlayan qazi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ