Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Noyabr 2021 21:16
Noyabrın 15-dən etibarən Avstriyada koronavirusa qarşı peyvənd olunmamış şəxslər üçün lokdaun qüvvəyə minəcək.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ölkədə koronavirusa yoluxmanın sürətlə artımının qarşısını almaq üçün hökumət sərt tədbirlərə əl atmalı olub. Mətbuatda dərc olunan layihəyə əsasən, bütün ölkə üzrə koronavirusun ilk dalğasında olduğu kimi lokdaun tətbiq olunacaq. Peyvənd olunmuş və xəstəlikdən sağalmış şəxslər, eləcə də 12 yaşına çatmamış uşaqlara lokdaun şamil olunmayacaq, peyvənd olunmamış şəxslər isə yaşadıqları ünvanı yalnız əvvəlki lokdaunlarda məlum olan şərtlər əsasında tərk edə biləcəklər. Qərar məhdudiyyətlərin minimal həddini müəyyən edir, hər bir federal əyalət yerli şəraitə uyğun olaraq əlavə məhdudiyyətlər tətbiq etməkdə sərbəstdir.
Qeyd edilib ki, qərarın parlament tərəfindən formal qəbulundan öncə noyabrın 14-də federal əyalət qubernatorları federal hökumətlə məsləhətləşmələr aparacaqlar. Sürətlə artan infeksiya statistikasını (gündəlik təxminən 13 min yoluxma) nəzərə alaraq yeni qaydalar ölkənin səhiyyə təminatının sıradan çıxmasının qarşısını almalıdır.
Bildirilib ki, əhalinin koronavirusa qarşı peyvənd olunması üçün bütün imkanlar yaradılıb. Peyvənd olunmayanlar üçün lokdaun qaydaları noyabrın 24-dək qüvvədə olacaq və lazım gələrsə, müddəti uzadılacaq.