Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2021 14:26
Çətin vəziyyətdə yaşayan daha bir Vətən müharibəsi şəhidinin ailə üzvü şəhid ailəsi statusu ala bilmir. Söhbət milliyətcə rus olan şəhidimiz Dmitri Solnsevin bacısı Yuliya Solnsevadan gedir.
Y. Solnseva "Qafqazinfo"ya açıqlamasında bildirib ki, şəhid ailəsi statusu almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, rədd cavabı alıb: "Bildirdilər ki, bizim respublikanın qanunvericiliyində bacının bu statusu alması nəzərdə tutulmayıb və bu statusu yalnız ana, ata, həyat yoldaşı və uşaqları ala bilər. Lakin bizdə vəziyyət başqadır, qardaşımla birlikdə yaşayırdıq. O, mənim ailə başçım idi. Mənə, uşaqlarıma baxırdı. Yoldaşım dünyasını dəyişəndə Dmitri mənim üçün ailədə başçı oldu. Uşaqlıqda isə mən ona baxmışam. Bizim nə anamız, nə atamız var idi, birlikdə yaşayırdıq.
Mən işləmirəm. Hazırda şəkərli diabet xəstəliyindən əziyyət çəkirəm. Qardaşım da digər şəhidlərimiz kimi ərazilərimizi işğaldan azad etməyə yollanmışdı. Üstəlik, müharibəyə könüllü gedib. Pandemiya başlayanda isə, Dmitri könüllü olaraq TƏBİB-də işləməyə başlamışdı. 2 ay müddətinə orada maaşsız çalışıb, bir çox insanın həyatını xilas edib. Qardaşım bu ölkə üçün çox şey edib. İmtina cavabı almağım mənə pis təsir edir. Mən bilirəm ki, yazdığım məktublar Prezidentimizə çatmır. Bilirəm ki, məktubum Prezidentə çatsa, bilsə ki, belə bir problemim var o, mənə kömək edər".
Yuliya Solnsevanın sözlərinə görə, problemi ilə bağlı Prezident Aparatına da müraciət edib: "Mənə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən cavab gəlib. İndi isə Mehriban Əliyevaya məktub yazmaq istəyirəm. Amma məktubumun ona çatıb-çatmayacağını bilmirəm. Belə başa düşürəm ki, bu məktublar ünvanına çatmır, bizim siyasətçilər orda məktublara baxır və ona imtina yazırlar.
Mən bilirəm ki, bizim ölkəmizdə bacıya bu statusun verilməsi qanunvericilikdə yoxdur. Lakin bizim heç kimimiz, heç bir qohumumuz yoxdur. Yalnız mən və iki uşağım var. Böyük oğlumun 20 yaşı tamam olacaq, kiçik oğlum isə 13 yaşındadır. Bu səbəbdən də bizə istisna etmək olar".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şəhid bacısına ünvanlanan cavab məktubunda bildirilib ki, Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il qərarı ilə "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi" qaydalarına əsasən, qanunvericilikdə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik deyil.
Xatırladaq ki, bundan əvvəl də eyni problemlə Sumqayıtdan olan Vətən müharibəsi şəhidi 19 yaşlı Nurlan Nuruzadənin ailə üzvləri qarşılaşmışdılar. N. Nuruzadənin şəhadətindən 3 ay sonra anası, 6 ay sonra isə atası vəfat edib. Mebel sexinin zirzəmisində dözülməz şəraitdə yaşayan bacı və qardaşların evlə təminat və digər köməkliklər üçün olunan bütün müraciətlərinə gələn cavab da Y. Solnsevaya gələn cavabla eynidir: "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna görə, şəhidin yalnız həyat yoldaşı, valideynləri, 18 yaşadək uşaqları şəhidin ailə üzvləri hesab olunurlar.
Ötən ay millət vəkili Fazil Mustafa da Parlamentin iclasında ata və anası olmayan şəhidlərin bacı və qardaşlarına müavinət və ya ev verilməsi məsələsini gündəmə gətirmişdi: "Çox az sayda şəhidin ata-anası yoxdur. Ancaq həmin şəhidlərin himayəsində bacı və qardaşları var idi. Şəhidlərin bacı və qardaşlarının da taleyini düşünərək bu humanist addım atmalıdır".
Göründüyü kimi, bu vəziyyətdə olan şəhid ailələrinin sayının az olmasına, eyni zamanda problemin dəfələrlə gündəmə gətirilməsinə baxmayaraq, qəhrəman ailələrinə eyni cavablar verilir. Vətəndaşlara vəziyyətdən çıxış yolu deyil, yalnız yazılı qanunlar göstərilir.
Vətən müharibəsində könüllü iştirak edən D. Solnsev Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi şücaətə görə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə, "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.