Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid atası: Fəxr edirəm ki, oğlum Vətən uğrunda canından keçib - FOTO

Şəhid atası: Fəxr edirəm ki, oğlum Vətən uğrunda canından keçib - FOTO

Tarix: 19 Noyabr 2021 23:12

Muxtar respublikanın Babək rayonunun Nehrəm kəndində noyabrın 16-sı Azərbaycan-Ermənistan dövlət sərhədində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan leytenant Niftəliyev Ümüd Oruc oğlu ilə vida mərasimi keçirilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Ordusunun gənc zabiti Nehrəm qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində Babək Rayon İcra Hakimiyyətinin başçısı, dövlət və hökumət nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, Ali Məclisin deputatları, ictimaiyyət nümayəndələri, minlərlə sakin iştirak edib.

İzdihamlı mərasimdə çıxış edənlər şəhidin ailəsinə başsağlığı verib, Vətən uğrunda şəhid olan qəhrəman övladımızın qanının yerdə qalmadığını qeyd ediblər. Bildirilib ki, noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalanlardan biri də 1998-ci ildə Babək rayonunun Nehrəm qəsəbəsində doğulub boya-başa çatan Niftəliyev Ümüd Oruc oğludur. Gənc zabit Füzuli, Cəbrayıl, Şuşanın azad olunması uğrunda şücaətlə vuruşub, ayağından qəlpə yarası alıb. Hələ Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlığa görə Müzəffər Ali Baş Komandan tərəfindən "Şuşanın işğaldan azad olunmasına görə" medalına layiq görülmüşdü. Ümüd Niftəliyevin qısa, amma şərəfli ömür və döyüş yolu gənc nəsillər və gələcək zabitlər üçün bir örnəkdir. Xalqımız Ümüd kimi oğulları ilə qürur duyur. Onların rəşadəti və qəhrəmanlığı hesabına bu gün Qarabağ torpağı dirçəlir, üçrəngli bayrağımız işğaldan azad olunmuş ərazilərdə dalğalanır.

Qəhrəman şəhidimizin ruhuna dualar oxunub, yaylım atəşi açılıb. Mərasimdə şəhidin tabutuna bükülən üçrəngli bayrağımız atasına təhvil verilib.

Şəhidimizin atası Oruc Niftəliyev AZƏRTAC-ın Naxçıvan bürosunun müxbirinə deyib: "Ümüd hələ uşaq vaxtlarından Vətənə xidmət edəcəyini, Vətən üçün canından keçəcəyini deyirdi. O, Vətəni canından çox sevirdi. Ümüd Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseydə oxumaq istəyirdi. Bu arzusuna çatdı. Sonra Bakı şəhərində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirdi, zabit oldu. Vətən müharibəsində şücaətlə vuruşdu. Döyüş yoldaşları həmişə onun haqqında qürurla danışırlar. Sonunda öz arzusuna çatdı, canından çox sevdiyi Vətən üçün canını fəda elədi, Azərbaycan Ordusunun qəhrəman zabiti kimi şəhidlik zirvəsinə yüksəldi. Mən onunla fəxr edirəm! Fəxr edirəm ki, oğlum Vətən, torpaq, müqəddəs yurdumuz Azərbaycan uğrunda canından keçdi".

Ümüdün ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucaldığını və bununla qürur duyduğunu vurğulayan qardaşı Sərxan isə deyib: "Qardaşım Vətən müharibəsində iştirak edib, qazi olub. Sonra şərəfli xidmətini davam etdirib. O, qəhrəmandır, bizim fəxrimizdir. Mən də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçusu olaraq Vətənimizin müdafiəsində olmağa, onun uğrunda canımdan keçməyə hər zaman hazıram".


Etiketlər:  Şəhid atası Fəxr edirəm oğlum Vətən uğrunda canından keçib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ