Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2019 14:39
Bakı. Trend:
Aprelin 13-dən 20-dək Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində ənənəvi doqquzuncu beynəlxalq film festivalı keçirilib. Festival çərçivəsində 16-17 aprel tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) təşkilatçılığı ilə “Film və müəlliflik hüququ: imkanlar və çətinliklər” mövzusunda beynəlxalq forum da təşkil olunub.
Trend-in məlumatına görə, tədbirə ÜƏMT-nin Baş direktorunun müavini xanım Vanq Binyinq, Çinin Milli Müəllif Hüquqları Administrasiyasının Müəlliflik hüququ şöbəsinin baş direktoru Yu Cike, Pekin Müəllif Hüquqları Bürosunun baş direktoru Vanq Yefei, o cümlədən Çinin müxtəlif təşkilatlarının və on beş ölkənin nümayəndələri qatılıb. Forumda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdir müavini Elnur Məmmədli də iştirak edib.
Beynəlxalq forumda “Film və müəlliflik hüququ: hüquqi prinsiplərdən istehlakçılara qədər”, “Film və mədəniyyət: filmlər mədəni müxtəlifliyin səfirləri kimi – siyasi yanaşmalar və strategiyalar”, “Audiovizual ifalara dair Pekin Müqaviləsinin rolu və faydaları”, “Film və kreativ sənaye: film və televiziya sənayesinin çətinlikləri və imkanları”, “Kreativ sənayelərin inkişafının təşviq edilməsi: ən yaxşı təcrübələr və biznes modellərinin yaradılması” və s. mövzular ətrafında müxtəlif çıxışlar və təqdimatlar olmuş, Pekin beynəlxalq film festivalı və Beynəlxalq müəlliflik hüququ ticarət sərgisinə, o cümlədən “IQIYI Technology” və “Tencent Technology” şirkətlərinə səfərlər təşkil edilmişdir.
Tədbirin əsas məqsədlərindən biri “Audiovizual ifalara dair Pekin Müqaviləsi”nin hüquqi prinsipləri haqqında ÜƏMT-nin üzv-dövlətlərinin nümayəndələrinə daha çox məlumat vermək, rəqəmli şəbəkələrdə audiovizual ifaların qorunması qorunması üzrə yeni beynəlxalq normaların tətbiqinin bu sahədə çalışan şəxslərin hüquqlarının qorunması və iqtisadi fayda əldə etmələrinin təbliğ edilməsi olmuşdur.
Müzakirələr zamanı Agentliyin nümayəndəsi tərəfindən ölkəmizdə son vaxtlar əqli mülkiyət sahəsində həyata keçirilən tədbirlər, o cümlədən instutisional islahatlar və bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə məlumat verilib.
Qeyd etmək lazımdır ki, “Audiovizual ifalara dair Pekin Müqaviləsi” 2012-ci il iyunun 24-də Pekin şəhərində ÜƏMT tərəfindən keçirilən diplomatik konfransda qəbul edilib. Müqavilənin qüvvəyə minməsi üçün 30 dövlət tərəfindən ratifikasiya etməsi və ya qoşulması tələb olunur. Hazırda belə dövlətlərin sayı 26-dır. Pekin Müqaviləsinin qüvvəyə minməsi ilə audiovizual ifaların qorunması sahəsində yeni beynəlxalq normaların tətbiqinə başlanılacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin