Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhlükəsiz ərzaq siyasəti - VİDEO

Təhlükəsiz ərzaq siyasəti - VİDEO

Tarix: 7 Dekabr 2021 12:44

şğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı istehsalının bərpa edilməsi Azərbaycanın ərzaq təhlükəsizliyi ilə bağlı göstəricilərini önəmli səviyyədə yaxşılaşdıracaq.

İşğaldan azad olunan zonada əkinə yararlı 130 min hektara yaxın ərazinin böyük hissəsində taxıl, xüsusilə də buğda əkiləcəyinə böyük ümidlər var ki, bu, Azərbaycanın idxal buğdasından asılılığını xeyli azalda bilər. Ekspert dairələrində yayılan fikirlərə görə, Azərbaycan özünü buğda ilə təxminən 48 faiz təmin edir, yəni ölkə hər il 1,4 milyon ton buğda idxalına məcbur olur ki, bu da,çağdaş dünyada baş verən proseslər fonunda çox təhlükəlidir.

Belə ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO-nun hesablamalarına görə, 2021-ci ilin yanvar-oktyabr aylarında qlobal ərzaq qiymətləri indeksi 30 faizdən çox artıb ki, bu məsələdə buğda liderdir - bu ərzaq növü 43,5 faiz bahalaşıb. Amma ötən ilin avqustu ilə müqayisədə buğdanın bahalaşması 83,3 faiz olub.

UNEK İqtisadi Forumunda "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" mövzusunda keçirilən paneldə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, artıq işğaldan azad olunmuş rayonlarda payızlıq əkinlərə başlanılıb.

Nazirin sözlərindən belə görünür ki, zonanın bərpa olunan aqrar sektorunda əsas ağırlıq ərzaq məhsullarının istehsalına veriləcək. Çünki tarixən Azərbaycanın ərzaqla təminində bu rayonların xüsusi payı olub. İşğala qədər Azərbaycanda istehsal olunan ümumi daxili məhsulun təxminən 24 faizi bu zonanın payına düşüb və həmin istehsalın böyük hissəsi ərzaq məhsulları olub. Zonada iqtisadiyyatın bərpa planına görə, Azərbaycan ümumi daxili məhsulunda azad edilmiş rayonların payı 10 faizə qədər qalxacaq və əsas diqqət ərzaq istehsalına və turizmə veriləcək.

Təbii ki, bu zəngin spektrdə əsas yeri ərzaq məhsulları tutacaq və bu zaman yalnız buğda ilə kifayətlənilməyəcək. Azərbaycanın ərzaq balansında idxalın yetərincə çox paya malik olduğu heyvandarlıq və arıçılıq məhsullarının istehsalına da önəm veriləcək. İnam Kərimov bu istiqamətdə atılan addımların yüksələn xətlə davam etdiyini bildirir.

İşğaldan azad edilmiş rayonlarda istehsal ediləcək heyvandarlıq məhsullarının bir qisminin xaricə ixrac edilməsi də planlara daxildir. Bu, hər il ərzaq idxalı üçün yönəldilən 1,7 milyrad dollara yaxın valyutanın manatın məzənnəsinə təzyiqini müəyyən qədər azalda bilər. Yəni məqsəd, ən azından ərzaq ticarəti dövriyyəsində balanslı saldo əldə etməkdir.

Azad olunmuş rayonlarda çağdaş innovativ həllərin tətbiqi üzrə əldə edilən ilk təcrübi nəticələr göstərir ki, Azərbaycan bu bölgədə həm idxalın əvəzlənməsi, həm də ixrac yönümlü ərzaq istehsalının qurulması istiqamətində böyük uğurlar qazanacaq. Əsas diqqət çağdaş dövrün ən səmərəli aqrar istehsalı variantının - ağıllı kənd təcrübəsinin Qarabağ və Şərqi Zəngəzur zonasının digər rayonlarına da yayılmasına yönəldiləcək.

Azərbaycanın işğaldan azad olunmuş rayonlarda həyata keçirdiyi bərpa layihələrinin, təbii ki, ən əsas məqsədi 30 illik ayrılıqdan sonra doğma ocağına qayıtmaq imkanı qazanmış insanların məşğulluğunun təmin edilməsidir. Bu sosial problemi həll etməyə çalışan Azərbaycan, təbii ki, həm də dünyada gündən günə artan ərzaq qıtlığı fonunda daxili bazarda bolluğu təmin etməyə çalışır. Çünki, ərzaq qıtlığı yaxın on illiklərdə dünyanın qarşısında duran ən önəmli çağırışlar sırasında olacaq.

Təsadüfi deyil ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO bildirir ki, bu gün dünyada 811 milyon insan aclıqdan həddindən ağır vəziyyətdə yaşayır, 2 milyard insan qida mikroelementlərinin - vitaminlərin, zülalların çatışmazlığından əziyyət çəkir, milyonlarla uşaq isə qida ilə lazımi mineralları ala bilmədiyindən qısa boyluluqla üzləşir, bunların içində çox sayda taqətdən düşmüşlər, zəif qidalanmanın ölümcül formaları ilə üz-üzə qalanlar var.

Azərbaycan son illərdə aqrar sektora böyük sərmayələri məhz bu problemlərlə üzləşməmək üçün yatırır. Hazırda ölkənin buğda və heyvandarlıq məhsulları ilə təminini yaxşılaşdırılması üçün 43 iri kənd təsərrüfatı kompleksi yaradılır ki, bu məqsədlə cəlb edilən özəl investisiyaların həcmi 1,2 milyard manatı ötüb. Bütövlükdə, Azərbaycanın 32 rayonunda toplam 240 min hektar sahədə 50-dən çox belə iri müəssisə yaradılacaq ki, bu, ölkənin idxal buğdasından asılılığını 20 faizdən aşağı salacaq.

Sonxeber.net Real Tv-yə istinadla sujeti təqdim edir:


Etiketlər:  Təhlükəsiz ərzaq siyasəti VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ