Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Dekabr 2021 19:08
Vəkil Vaan Ovannisyan Azərbaycanın qaytardığı erməni hərbçilərin ifadələrini yayımlayıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bir müddət öncə Ovannisyan özünün Feysbuk səhifəsində tam təchizatlı 62 erməni hərbçisinin bir güllə atılmadan Azərbaycan Ordusu (əslində o əməliyyatı DTX keçirmişdi - red.) tərəfindən əsir götürüldüyünü yaymışdı. Lakin istifadəçilərin əksəriyyəti bu məlumatın doğruluğuna inanmadıqları üçün vəkil əsirlikdən qayıdanların ifadələrini yaymağa məcbur olub.
Əsirlikdən qayıdan S.S. adlı hərbçinin dediklərindən:
"Biz 62 nəfər 15-20 dəqiqə oturduqdan sonra nə baş verdiyini anlamaq üçün bizdən irəlidə olan yoldaşların yanına getməyə qərar verdik. Onlar deyirdilər ki, düşmən tərəfdən kimsə səlis rus dilində "narahat olmayın, hər şey normaldır" deyirdi".
O, ifadəsində yolda 4-5 nəfər yoldaşını və yerə atılmış erməni silahlarını gördüyünü bildirib. Onların yanında isə digərlərinə də silahlarını təhvil vermələrini deyən azərbaycanlı zabit dayanıbmış.
"İrəli gedəndə ocağın kənarında 3-4 silahlı azərbaycanlının dayandığını gördük. Orda cəmi 7-8 azərbaycanlı var idi".
Əsirlikdən qayıdan R.K. adlı digər hərbçi də ifadəsində bildirib ki, onlar 62 nəfərlik tam heyətlə öz mövqelərini tərk ediblər və növbə ilə onların hamısı silahlarını təhvil verib. O da həmin ərazidə cəmi 7 azərbaycanlı hərbçi və komandirin olduğunu təsdiqləyib.
Digər hərbçilər də oxşar ifadələr veriblər. Amma bəziləri ifadələrində iddia edib ki, azərbaycanlı hərbçilərin bəzilərinin forması "Yaşma" xüsusi təyinatlılarına aid olub.