Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2021 22:45
Havalar soyuyan kimi oynaq, sümük, bel və kürək ağrıları artır. Həmin ağrıların yaranmasının müxtəlif səbəbləri var. Onlardan ən geniş yayılanı revmatizmdir. Revmatizm hər yaş qrupunda, o cümlədən uşaqlarda əzələ, skelet və bağlarda müşayiət olunan xroniki haldır.
Sonxeber.net məlumatına görə, həkim-revmatoloq İlqar Məmmədov bildirib ki, revmatizm xəstəliyi əsasən genetik faktorlarla bağlıdır:
"Kəskin soyuq hava şəraitində hava təzyiqinin aşağı düşməsi ilə əlaqədar olaraq sinir sisteminin ağrıya həssaslığı artır. Xəstənin hansısa oynaq və əzələsində iltihab varsa, həmin sinirin həssaslığı daha da artmış olur. Xüsusilə periferik oynaqlarda, əl və ayaq barmaqlarında kəskin ağrılar, oynaqlarda şişkinlik olarsa və həmin ağrılar səhər yuxudan oyananda sərtliklə müşahidə olunarsa, ürəyin struktur elementində dəyişiklik və zədələnmə olub-olmadığını izləmək üçün exokardioqram aparılmalıdır".
Revmatizm ürəyə, qalxanabənzər vəzinə, gözə, dəriyə, hətta daxili orqanlara təsir edir: "Ümumilikdə revmatoloji xəstəliyi birdəfəlik aradan qaldırmaq mümkün deyil. Xəstəlik sakitlik mərhələsinə gətirilərək həyat davam edir. Həmin etiologiyanı tərpədən faktorlar var. İlk növbədə, hava şəraitinin dəyişməsi, bundan başqa stres faktoru, həmçinin fiziki və zehni gərginlik zamanı, eləcə də COVID-19 xəstəliyindən sonra xəstəliyin fəallaşması mümkündür".
Revmatik xəstələrdə ilk olaraq əzələ, bel, oynaq ağrıları və şişkinlik, ürək-damar, həzm sistemində problemlər nəzərə çarpır. Xəstəliyin müalicəsi uzunmüddətli də ola bilər. Müalicə bitəndən sonra xəstə pəhriz saxlamalı, orqanizmin gücləndirilməsi daim diqqət mərkəzində olmalıdır. /medicina.az