Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2021 13:56
Vətəndaşların lombardlarla bağlı qarşılaşdıqları problemlər birdəfəlik həll olunacaq. Lombardlara girov kimi qoyulan qiymətli əşyalar isə daha təhlükəsiz formada saxlanılacaq.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, bu məqsədlə Mərkəzi Bank tərəfindən "Lombardlar haqqında" qanun layihəsi hazırlanıb.
Layihənin hazırlanmasında iştirak edən hüquqşunas Əfqan Baxışovun sözlərinə görə, sözügedən qanun lombard fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər, müştərilər və nəzarət orqanı arasında yaranmış bir sıra problemləri aradan qaldıracaq. Bununla da təklif olunan standartlaşdırılmış lombard məhsullarının bazarda artmasına və istehlakçıların hüquqlarının qorunmasına nail olunacaq.
Əfqan Baxışov bildirib ki, qanuna görə lombard sahibləri yalnız fiziki şəxslərə maksimum 12 ayadək müddətdə kredit verə biləcəklər. Kreditin faizinin yuxarı həddinin maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyənləşdirilməsi nəzərədə tutulur. Qanun layihəsinə görə girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyaların təhlükəsizliyi, kənar təsirlərdən və kənar şəxslərin müdaxiləsindən qorunması üçün lombard tərəfindən tədbirlər görülməlidir.
Yeni qanun layihəsinə görə lombarların girov qoyulmuş əşyadan istifadə etmək, ona dair sərəncam vermək və ya onu dəyişdirmək, onların hesabına kredit təşkilatlarından kredit əldə etmək və hər hansı şəkildə borc vəsaiti cəlb etmək hüququ olmayacaq. Bəzi hallarda vətəndaşlar lombardlara qoyduqları girovlara görə kredit ödənişi başa çatdıqdan sonra həmin girovları geri qaytarmaqla bağlı bəzi problemlərlə qarşılaşırlar. Artıq bu qanunun qəbul edilməsi ilə bu kimi problemlər də həll olunacaq.
Lombardlarla bağlı Mərkəzləşdirilmiş Kredit Reyestri də yaradılacaq.Bu da rəsmi fəaliyyətdə olan lombardlar barədə məlumat toplamağa imkan yaradacaq.
Qeyd edək ki,"Lombardlar haqqında" qanun layihəsi artıq Milli Məclisə təqdim olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: