Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2021 22:36
Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) Arktika üçün yeni temperatur rekordunu rəsmən təsdiq edib. Bu rekord Selsi şkalası üzrə müsbət 38 dərəcəyə bərabərdir. ÜMT ekspertləri qeyd ediblər ki, keçən il yayda Sibirin Arktika zonasında orta temperatur normadan 10 dərəcə yüksək olub.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ÜMT-nin mətbuat katibi Kler Nullis deyib: "Ümumdünya Meteorologiya Təşkilatı Arktika üçün temperatur rekordunu təsdiq edib. Keçən il iyunun 20-də Rusiyanın Verxoyansk şəhərində qeydə alınmış temperatur rekordu Selsi şkalası üzrə müsbət 38 dərəcə və ya Farengeyt şkalası üzrə 100,4 dərəcədir".
Verxoyansk şəhəri qütb dairəsindən təqribən 115 kilometr şimalda yerləşir. Arktikadan daha çox Aralıq dənizi bölgəsi üçün səciyyəvi olan yeni temperatur rekordu Sibirdə sürəkli isti dalğa dövründə meteoroloji müşahidə stansiyasında ölçülüb. Saxa (Yakutiya) Respublikasının şimal hissəsində yerləşən Verxoyansk meteoroloji stansiyasında havanın temperaturu 1885-ci ildən müşahidə edilir.
2020-ci ilin iyun ayında Sibirdə temperatur normadan xeyli yüksək olub. Birləşmiş Krallıqdan olan məşhur iqlimşünas, ÜMT-nin komitə üzvü doktor Fil Cons: "Bu rekord bütün Sibir ərazisində istiləşməyə əyani sübutdur".
ÜMT-nin baş katibi professor Petteri Taalas: "Arktika üçün bu yeni rekord, - ÜMT-nin ekstremal meteoroloji və iqlim hadisələri barədə məlumatlar arxivinə daxil olmuş növbəti göstərici, - iqlim dəyişmələri barədə həyəcan siqnalıdır".