Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Art Zone Week” Simpozium - FOTO

“Art Zone Week” Simpozium - FOTO

Tarix: 22 Dekabr 2021 11:36

"Postpandemiya dövrünə xoş gəlmisiz"! Bu sözlər hamımız üçün bəlkə də son illərin ən böyük arzusu olardı. Təəssüf ki, hələ də dünya 21-ci əsrin bəlasından tam qurtula bilməyib və biz də qeyri-müəyyənliyin acısını-ağrısını çəkməkdə davam edirik. Amma şər deməsən, xeyir gəlməz - sevindirici hal odur ki, artıq geriyə dönüş də olmayacaq - ölkəmiz addım-addım əvvəlki, gündəlik həyatına dönür.

Artıq 4-cü dəfə keçirilən və gözəl bir ənənəyə çevrilən "Art Zone Week" rəngkarlıq Simpoziumu söylənilən fikirin bariz nümunəsidir.  Biz şeytanın qıçını qırdıq və ölkəmizin tanınmış rəssamlarını növbəti dəfə bir məkana toplaya bildik. Köhnə dostlarımız - əsrarəngiz Şahdağın qoynunda yerlıəşən, "Şahdağ" Hotel & SPA Azərbaycanın adlı-sanlı rəssamlarına yenidən qucaq açır. 

Dekabrın 20-dən 27-nə qədər "Şahdağ"da fırça ustalarımız öz rəng dünyasını kətana köçürməklə hazırda ağappağ qara bürünmüş möhtəşəm Şahdağa təbiətin bütün rənglərini qatacaqlar. Burda yaranan əsərlər yazın əvvəlinə elə "Şahdağ" Hotel & SPA-da sərgilənəcək, uzaqdan yaxından gələn qonaqların zövqünü oxşayacaq. Turizm sənayesi ölkəmizin qədim tarixinin, unikal coğrafiyasının, zəngin mətbəxinin nümayişi ilə bərabər, eyni zamanda mədəniyyətinin, incəsənətinin təbliği üçün gözəl imkanlar yaradır. İnsan həm də mənəvi qidaya möhtacdır. "Art Zone Week" Simpoziumu rəngkarlıq sənəti vasitəsi ilə fırça ustalarımızla birbaşa təmas yaradaraq mədəniyyətimizi daha da zənginləşdirir.

Bu dəfəki Simpoziumun qonağı olan orta və gənc nəsil Azərbaycan rəssamlarının özlərinin də maraqlı qonaqları gözlənilir. Bunlar ilk növbədə Qusarın orta məktəblərində təhsil alan şagirdləri və rəssamlığa həvəs göstərən gəncləridir. Ənənə üzrə böyük sənətkarlar onlara "Ustad dərsləri" keçəcəklər. Adlı-sanlı rəssamlarla görüşün gənclərin həyatında yaşatdığı hissləri və buraxacağı izləri indidən söyləmək çətin deyil - uğura aparan yolda motivasiyanın önəmi böyükdür. Simpozium müddətində yerli və xarici qonaqlar "Şahdağ" Hotel & SPA foyesində sərgilənən möhtəşəm rəsm əsərləri ilə yaxından tanış olacaq, müəlliflərlə ünsiyyət qura biləcəklər. Dəvətlilər arasında ölkənin mədəniyyət sahəsinə və turizm sənayesinin inkişafına məsul olan dövlət və hökümət nümayəndələri də vardır. Onların qonaq qismində, qeyri-formal şəraitdə istər rəssamlar, istərsə də yerli və əcnəbi vətəndaşlarla fikir mübadiləsi aparması özlüyündə maraqlı bir format olacaq. Və nəhayət, 4-cü "Art Zone Week" Simpoziumunda Azərbaycanın Əməkdar rəssamları  Vüqar Muradov, Eldar Qurbanov, Yelena Haqverdiyeva, İrina Eldarova, Məmmədhüseyn Hüseynov, tanınmış rəssamlar İlqar Tahiri, Anar Hüseynzadə, Rafail Əliyev, Diana Əliyeva, Ramina Saadatxan, Elşən Qaraca, Elçin Vəliyev, Bəhruz Kəngərli, Bayram Salamov, Röya Həsənova və Adil Yusif iştitrak edəcəklər.

Bu möhtəşəm Mədəniyyət və İncəsənət həftəsi Azərbaycan Turizm Agentliyinin dəstəyi ilə Şahdağın ətəyində yerləşən və ölkənin bir nömrəli Xizək Mərkəzi saylan "Şahdağ" Hotel & SPA-da baş tutacaq. "Şahdağ" Yay-qış Turizm Mərkəzi "Art Zone Week" rəngkarlıq Simpoziumuna artıq ikinci dəfədir ki ev sahibliyi edir. İnanırıq ki, bu xoş və gözəl ənənə uzun müddət davam edəcək və  hamımız bir-birimizin görüşünə sevərək, sevinərək gələcəyik.

Milli.Az


Etiketlər:  Art Zone Week Simpozium FOTO


RƏYLƏR