Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2021 23:14
Rusiya Prezidenti Vladimir Putin NATO-nun şərqə doğru hərəkət etməyəcəyi ilə bağlı verdiyi sözə əməl etmədiyini və onlara təhlükəsizliklə bağlı dərhal zəmanət verməli olduğunu bildirib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Putin bu barədə Moskvada keçirdiyi illik mətbuat konfransında danışıb.
"Ukraynaya və ya başqa bir suveren ölkəyə hücum etməyəcəyinizə zəmanət verə bilərsinizmi, yoxsa bu, Rusiya ilə ABŞ və NATO arasında müxtəlif təhlükəsizlik zəmanətləri barədə danışıqlardan asılı olacaq?", - sualına cavab verən Putin deyib:
"Bizim hərəkətlərimiz danışıqların gedişatından deyil, Rusiyanın bu gün və tarix boyu təhlükəsizliyinin qeyd-şərtsiz təmin edilməsindən asılı olacaq. Bu kontekstdə biz NATO-nun şərqə doğru irəliləməsinin qəbuledilməz olduğunu hərtərəfli izah etdik.
Burada aydın olmayan nə var? ABŞ sərhədlərinə yaxın raketlər? Xeyr! ABŞ öz raketləri ilə evimizə gəlib. Bu raketlər indi evimizin astanasındadır. Hücum raketlərinin evimizin yaxınlığında yerləşdirilməməsini tələb etmək gərəksiz tələbdirmi? Burada qeyri-adi nə var?"
"Biz raketlərimizi Kanada ilə ABŞ, ABŞ və Meksika arasındakı sərhədə yerləşdirsəydik, ABŞ buna necə reaksiya verərdi? Meksika ilə ABŞ arasında ərazi problemi yox idi? Kaliforniya, Texas əvvəllər kimə məxsus idi? Bunu unutmusunuz?", - Putin əlavə edib.
Rusiya Prezidenti bildirib ki, Vladimir Lenin Sovet İttifaqını yaradanda Ukraynanı yaradıb.
O, Rusiya, ABŞ və NATO arasında gedən danışıqların nəticələrinin onlar üçün mühüm olduğunu vurğulayıb:
"NATO bizə 90-cı illərdə şərqə doğru hərəkət etməyəcəyinə söz vermişdi".
Putin sözlərini belə yekunlaşdırıb:
"Bizi həyasızcasına aldatdılar. İndi NATO beş dəfə genişlənib. İndi Rumıniya və Polşada raketlər yerləşdirilib. Biz heç kimə hədə-qorxu gəlmirik. Biz ABŞ və ya İngiltərə sərhədlərinə getmişik? Bizə gəliblər. İndi Ukrayna da içəridədir. İndi Ukraynanın da NATO-ya daxil olacağını deyirlər. O zaman Ukraynada da oxşar sistemlər olacaq, ya da iki səviyyəli bazalar və hücum sistemləri olacaq. Siz bizdən zəmanət istəyirsiniz. Bizə dərhal zəmanət verməlisiniz".