Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2021 10:54
Dekabrın 14-də gerçəkləşən Brüssel görüşünü Ermənistanın Azərbaycanla münasibətlərində bir dönüş nöqtəsi adlandırmaq olar. Hətta bu görüşdən sonra Ermənistan baş nazirinin Gürcüstana səfəri zamanı səsləndirdiyi fikirlər də bir daha rəsmi İrəvanın mübahisəli məsələlərlə bağlı Bakıya qarşı konstruktiv mövqe nümayiş etdirmək üzrə olduğunu təsdiq edəcək bir neçə məqamın şahidi olduq.
Ermənistanın Baş naziri Nikol Paşinyan Gürcüstanın paytaxtı Tiflisdə səfərdə olarkən Azərbaycanla avtomobil əlaqəsinin mümkünlüyünü bəyan edib. O bildirib ki, artıq Azərbaycan Prezidenti İlham Əliyevlə dəmir yolu əlaqəsi ilə bağlı prinsipial razılaşma var. Paşinyan həmçinin Tiflisdə Azərbaycanla avtomobil yolunun bərpasının mümkünlüyünü də qeyd edib: "Nəzərinizə çatdırmaq istəyirəm ki, noyabrın 26-da Soçidə Rusiya Prezidenti Vladimir Putin və dekabrın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən görüşlərin yekununda Azərbaycanla avtomobil əlaqəsinin bərpasına dair razılaşmanın əldə olunması imkanı yaranıb".
Bu azmış kimi 44 günlük müharibənin nəticəsinin regionda yaratdığı yeni reallıq əsasında Azərbaycan və Türkiyə Prezidentlərinin təşəbbüsü əsasında yaradılan "3+3" əməkdaşlıq platformasının ilk iclasında iştirakdan imtina edən Gürcüstan hökümətini sıralarına qatılmaq üçün Paşinyanın bu səfər çərçivəsində canfəşanlığı da diqqətdən qaçmadı. Paşinyan Tiflisdə ticarət-iqtisadi əməkdaşlıq üzrə Ermənistan-Gürcüstan hökumətlərarası komissiyasının iclasında bildirib ki, "Əgər Ermənistanın Azərbaycanla yol əlaqəsinə dair razılığa gələ bilsək, bu layihə əhəmiyyətli dərəcədə dəyişəcək və Şimal-Cənub, Şərq-Qərb marşrutuna çevriləcək". Erməni baş nazir qeyd edib ki, regionda dəmir yolunun inkişafı Gürcüstanın maraqlarına mənfi təsir göstərməyəcək, ticarət münasibətlərinin fəallaşmasına səbəb olacaq. Onun Gürcüstanı da bu platformada iştiraka razı salmaq cəhdləri İkinci Qarabağ savaşından sonra bu platformaya zidd olan davranış sərgiləyən, regionun gələcəyinə hesablanmış belə bir iqtisadi platformanın yaradılmaması üçün əlindən gələni edən Paşinyanın mövqeyində 180 dərəcəlik dəyişiklik diqqətdən qaçmaya bilməz. Görünür Bakı İrəvana planlarını diqtə etdirməyi bacardı.
26 noyabrda Rusiya, Azərbaycan Prezidentləri və Ermənistan baş nazirinin Soçi danışıqlarından sonra Paşinyan qeyri-adekvat addımlarla bəyanatlara zidd davranışıyla Qərbdən dəstək almaq üçün gözünü məsələni Aİ paytaxtı Brüssel səfərinə daşıyaraq bu zamana kimi Ermənistana havadarlıq, himayədarlıq edənlərdən növbəti dəstəyini alaraq Bakını geri addım atmağa məcbur edəcəkləri barədə xülyalar qursa da, hadisələrin gedişi göstərdi ki, gözlənilənin əksi olaraq Azərbaycanın haqlı mövqeyinə istər NATO, istərsə də Avropa İttifaqı tərəfindən böyük dəstək verildi. Elə bu amil də Paşinyanın istər kommunikasiyalar məsələsi, istərsə də sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı proseslər yanaşmasında ciddi korrektə etməsinə səbəb oldu. Erməni baş nazir anladı ki, Qərbin geri addım atıb, reallığı qəbul etmək məcburiyytində qaldığı bir zamanda İrəvanın əlindən heçnə gələ bilməz.
Son olaraq Nikol Paşinyanın ötən gün Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüşü zamanı Qarabağda yaşayan ermənilərin gələcək taleyi ilə bağlı səsləndirdiyi fikirlər bir daha Ermənistanın bu məsələdəki son qərarını və bu zərurəti yaradan səbəbi ortaya qoydu. "BMT Dağlıq Qarabağı ermənilər və azərbaycanlılar yaşayan Azərbaycan ərazisi kimi tanıyır. Bu, vacib məqamdır. Əgər Dağlıq Qarabağın statusu ilə bağlı hər hansı qərar verilərsə, o zaman yekun status Azərbaycanın konstitusiyasına uyğun dəqiqləşdirilməlidir", deyən Nikol Paşinyan Ermənistan cəmiyyətinə bununla da Qərbin Qarabağın və orada yaşayacaq ermənilərin gələcək taleyi ilə bağlı mövqeyinin onun üçün artıq qırmızı çizgi olduğunu, bu qərardan kənara çıxmağın onlar üçün imkansız məsələyə çevrildiyini, məcbur da olsa bu məsələni qəbul etməli olacaqları mesajını verdi. Bu açıqlama həm də Brüssel görüşünün qeyd etdiyim kimi rəsmi İrəvanın reallığı qəbul etmək üçün ciddi hadisəyə çevrildiyi nümayiş etdirdi. Ermənistan hakimiyyəti Avropa İttifaqının paytaxtında bir da əmin oldu ki, bu gün bütün proseslər məhz rəsmi Bakının isəyi əsasında, onun diqtə etdiyi kimi yekunlaşır.
Nikol Paşinyanın bu açıqlamaları düşünməyə əsas verir ki, sanki ictimaiyyətə çox da açıqlanmayan, bağlı qapılar arxasında bu istiqamətdə daha böyük işlər gedir. Çox güman ki, bunun da bir səbəbi var: Məhz Ermənistan daxilində və xaricdə revanşist qüvvələrin populizminin, xalqı küçələrə səsləmələrinin qarşısını almaq üçün belə gedişi məqsədə uyğun saya bilərlər. Elə bu səbəbdən də sülhə doğru atılan önəmli addımlardan biri hesab edilən Azərbaycanla kommunikasiya əlaqələrinin bərpası istiqamətində görülən tədbirlər, aparılan hazırlıq prosesi barədə ictimiayyətə çox da detallı bilgilər verilmir. Amma Paşinyan xüsusilə son çıxışlarında istifadə etdiyi cümlələrlə eyni zamanda sanki cəmiyyəti bu barışa, bu əlaqələrə hazırlamağa çalışır.
Bəli, bu proses Azərbaycan Prezidentinin iştirakı ilə Brüsseldə baştutan üçtərəfli və ikitərəfli görüşlər sonrası daha da intensiv xarakter aldı. Görünür erməni baş nazirə izah edildi ki, istənilən halda indiki məqamda belə bir addım Ermənistanın xeyirinə olacaq, o da artıq bu reallığı qəbul etməkdən başqa çıxış yolunun qalmadığını anlayır. Qalır rəsmi İrəvanın səsləndirdiyi bu bəyanatları praktiki olaraq icra etməyi ki, bunu da çox gözləməmək üçün Azərbaycan rəhbərliyi bütün diplomatik imkanlarını, gücünü səfərbər edib. Çünki rəsmi Bakı anlayır ki, 10 noyabr, 11 yanvar və 26 noyabrda razılaşdırılan bütün məsələlər, bəyanatlarda qeyd olunan məsələlərin hələ də həllini tapmaması revanşist qüvvələrə Azərbaycana qarşı növbəti təxribatlar üçün verilmiş fürsətdən başqa bir şey deyil.
Təhməz Əsədov