Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyandan sülhməramlıların fəaliyyətini ŞÜBHƏ ALTINA ALAN BƏYANAT

Paşinyandan sülhməramlıların fəaliyyətini ŞÜBHƏ ALTINA ALAN BƏYANAT

Tarix: 25 Dekabr 2021 12:45

"Paşinyanın bu açıqlamaları onu göstərir ki, Ermənistanın siyasi elitası, - orada müxtəlif siyasi qruplar var, ölkədaxili, ölkədən xaricdə yaşayan qruplar, - bu məsələdən əl çəkməyəcəklər".

Bunu Sonxeber.net-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.

O bildirib ki, erməni tərəfi hələ də belə bir mənzərə yaratmağa çalışır ki, güya Azərbaycan 44 günlük müharibə nəticəsində öz məqsədlərinə çatmayıb:

"Qondarma qurumun legitimləşdirilməsi ilə bağlı addımlar atmağa davam edəcəklər və "Qarabağ münaqişəsi" terminini tez-tez dilə gətirəcəklər. Əslində münaqişə onların mövcudluğunu təsdiq edən bir vasitədir. Ona görə də bu siyasi qruplar, qüvvələr üçün bu mövzu onların siyasi legitimliyini təsdiqləyən bir amildir. İllər boyu onlar öz siyasi gündəliyini bu mövzu ətrafında qurublar. İndi də bu mövzudan əl çəkmələri ondan xəbər verəcək ki, onların siyasi platforması yoxdur. Əsas siyasi platformaları elə bu mövzudur, erməniçiliyin əsas isyasi platforması bu qondarma Artsax prinsipi üzərində qurulub. Ona görə də Paşinyan sadəcə olaraq bu fikirləri bir daha Ermənistan cəmiyyətinə çatdırır və bax bu siyasi qruplarla bu məsələdə əlbir olduğunu göstərmək istəyir. Bunu da onun üçün edir ki, Ermənistanda daxili siyasi vəziyyət gərgin olaraq qalır. Yenə də müxətlif siyasi qruplar "Qarabağ" kartından öz oyunları üçün istifadə edirlər. Ermənistan lideri də və onun ətrafındakılar çalışırlar ki, burada belə bir mənzərə yaratsınlar ki, onlar güya doğurdan da bu məsələdə eyni platformada çıxış edirlər, sadəcə daxili siyasi məsələlərdə onlar arasında fikir ayrılıqları var. 

Paşinyanın son çıxışında yenidən "Qarabağ münaqişəsi", "Artsax xalqı" kimi sərsəm ifadələrə yer verməsi əlbəttə ki, regionda gedən proseslərə, Azərbaycana mənfi təsiri olacaq. Çünki erməni tərəfi belə bir mənzərə yaradır ki, "vəziyyət tam olaraq normallaşmayıb, hələ də açıq məsələlər qalıb və Azərbaycan 44 günlük müharibə nəticəsində öz məqsədlərinə çatmayıb". Təəsüflər olsun ki, bu, müəyyən dərəcədə beynəlxalq səviyyədə və regional siyasət səviyyəsində gedən proseslərlə uzlaşmır. Yəni bir yandan kommunikasiyaların açılmasından söhbət gedir, o biri tərəfdən delimitasiya, demarkasiya məsələsi ilə bağlı fikir söylənilir, amma digər yandan da Paşinyan bu cür fikirlərlə çıxış edir. Bununla o digər tərəfdən də destruktiv qüvvələrə ismarıc verir ki, "Əgər siz indiki regional vəziyyətdən narahatsınız və başqa oyun qaydalarını burada həyata keçirmək istəyirsinizsə, mən sizə bu məsələdə dəstək verə bilərəm. Mənim bu "münaqişə həll olunmayıb" yanaşmam sizə də imkan verəcək. Əgər siz burada o və ya digər şəkildə öz maraqlarınızı ifadə etsəniz, onda sizə də imkan verəcəyik ki, mənim vasitəmlə buradakı vəziyyətə müdaxilə edəsiniz". Yəni əslində, bütün münaqişə konstruksiyaları elə bunun üzərində qurulub. Digər qüvvələrin gəlməsi və vəziyyətin mürəkkəbləşdirilməsi hesabına münaqişənin "yaşadılması"na çalışırlar. 

Bu cür yanaşmaya əslində təkcə Azərbaycan yox, eyni zamanda Türkiyə və Rusiya da müəyyən reaksiya verməlidir. Azərbaycanla Türkiyə üçün məsələ aydındır, əgər doğurdan da Rusiya bu münaqişə gündəmini regionda saxlamaq niyyətindədirsə, burada qeyri-stabil vəziyyət yaratmaq istəyirsə, o zaman onun da maraqları müəyyən dərəcədə sual altına endirilir. Çünki Rusiya vasitəsilə sülh əldə olunub. Bax, Paşinyanın çıxışı Rusiyanın sülhməramlılığını əslində şübhə altına alan bir tezisdir. Ona görə də bu ziddiyətli çıxış ondan xəbər verir ki, Ermənistana təzyiq göstərmək lazımdır, Ermənistana bu işlərlə bağlı regionda post-münaqişə dövründə yaranmış tendensiyaları möhkəmləndirmək lazımdır ki, bu cür ifadələr və bu cür yanaşma tədricən yoxa çıxsın. Paşinyana ümidlər vermək lazım deyil. Kim ki, ümid verir ki, bu qondarma problem həll olunmayıb və onu Ermənistansayağı həll etmək mümkündür, onda o tərəflər, qruplar, ölkələr əlbəttə ki, əslində destruktiv yanaşma aşılayır və regionda qeyri-sabitliyin saxlanılmasının tərəfdarlarıdırlar".

Qeyd edək ki, Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüşü zamanı Qarabağ məsələsinə də toxunub və onun fikirlərində bu sitatlar da yer alıb: "Bizim vəzifəmiz "artsax"ın mövcudluğunu və "artsax" xalqının hüquqlarının tam şəkildə qorunmasını təmin etmək, Qarabağ münaqişəsinin həlli, "artsax"ın beynəlxalq səviyyədə tanınmasını həyata keçirməkdir. Və bu sahələrdə görəcəyimiz işlər bizdən çox fədakarlıq, ardıcıllıq, balans tələb edəcək".

Təhməz Əsədov


Etiketlər:  Paşinyandan sülhməramlıların fəaliyyətini ŞÜBHƏ ALTINA ALAN BƏYANAT


RƏYLƏR