Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda oğurlanan iki yaşlı uşağın FOTOSU

Bakıda oğurlanan iki yaşlı uşağın FOTOSU

Tarix: 6 Yanvar 2022 20:18

Bakıda iki yaşlı oğlan uşağının oğurlanmasından 8 gün keçsə də, onu tapmaq hələ də mümkün olmayıb.

Daxili İşlər Nazirliyinin (DIN) mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Araşdırma zamanı məlum olub ki, oğurlanan uşağın ailəsi artıq həmin evdə yaşamır. Belə ki, uşağı oğurlanmış ailənin digər dörd azyaşlı övladı dövlət tərəfindən sığınacağa yerləşdirilib. Azyaşlının atası Elgün Şıxəliyev və anası Reyhan Şıxəliyeva isə başqa yerə köçüb.

2 yaşlı M.Şıxəliyev oğurlanana qədər ailə eni və uzunu 2 metr olan (sahəsi 4 kv.m) kiçik bir daxmada yaşayıb.

Qonşuların dediklərindən bəlli oldu ki, ailə qeyri-sağlam, tüfeyli həyat tərzi sürüb. Onlar hətta ata və ananın narkotik aludəçisi olduğunu iddia edirlər.

Hadisənin necə baş verməsinə gəlincə, qonşuların sözlərinə görə, dekabrın 29-u axşam saatlarında yaşlı bir qadın 2 yaşlı uşağı anasının yanına aparmaq adı ilə evdən çıxarıb. Bütün bunlar digər azyaşlı uşaqların gözü qarşısında baş verib. Ailənin 8 yaşlı övladı bildirib ki, 2 yaşlı qardaşını yaşlı qadın atasının köynəyinə bükərək evdən aparıb.

Həmin vaxtdan qadını və uşağı bir daha görən olmayıb. Hadisədən sonra uşağın atası Elgün Şıxəliyev məhəlləyə gəlib və uşağının oğurlandığını deyib.

Qonşularla söhbətdən o da məlum oldu ki, uşağı oğurladığı deyilən qadın bir neçə gün əvvəl ərazidəki digər evlərə gələrək, orada yaşayan ailələrə ünvanlı sosial yardım düzəldəcəyini deyib. Hətta digər qonşudan da yeniyetmə qızını ona verməsini istəyib.

Ailənin yaşadığı evin sahibi Gülüş Soltanova APA-ya bildirib ki, ailə 15 gün əvvəl onun evinə yığışıb. Evi kirayəyə versə də, ailə həddindən artıq kasıb olduğu üçün onlardan pul almayıb:

"Uşaqların anası Reyhanı bir-iki dəfə görmüşəm, bazarda limon satırdı. Atası isə heç bir yerdə işləmirdi. Uşaq oğurlanandan sonra dekabrın 31-i Reyhan bizə gəlmişdi. Mənə dedi ki, yəqin M.-i sosial yardım düzəldən qadın aparıb, uşağın başındakı yaranı müalicə etdirəcək".

Qonşularla aparılan söhbətdən, danışılanlardan hadisədə xeyli müəmmalı məqam olduğu ortaya çıxır. Əsas sual doğuran məqam isə uşağı oğurladığı iddia edilən yaşlı qadınla bağlıdır. Bu qadının kimliyi, harada olduğu barədə suallar açıq qalır.


Etiketlər:  Bakıda oğurlanan yaşlı uşağın FOTOSU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ