Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2022 08:22
Rusiya Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Entoni Blinkenin "Keçmiş tarixdən bir dərs: ruslar evinizə girdisə, onları getməyə məcbur etmək çətin olur" açıqlamasına cavab verib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN teleqram kanalı vasitəsilə açıqlama yayıb.
"ABŞ dövlət katibi Entoni Blinken Qazaxıstanda baş verən faciəli hadisələrlə bağlı məzəli zarafat etməyə çalışıb. Əgər Antoni Blinken tarix dərsləri ilə maraqlanırsa, ağlımıza gələn budur: amerikalılar sizin evinizdə olanda qarət edilmək və ya zorlanmamaq deyil, sağ qalmaq çətin ola bilər. ABŞ dövlətçiliyinin 300 ili ərzində ancaq onlara bu öyrədilib. Şimali Amerika qitəsinin hinduları, koreyalılar, vyetnamlılar, iraqlılar, panamalılar, yuqoslavlar, liviyalılar, suriyalılar və bu çağırılmamış qonaqları öz evlərində görmək nəsib olmayan bir çox başqa bədbəxt insanlar bu barədə çox şey danışacaqlar" - XİN-in açıqlamasında bildirilir.
Qeyd edək ki, Blinken daha öncə Almaniyanın xarici işlər naziri Annalena Baerbokla birgə keçirdiyi brifinqdə Rusiyanı işğalçı adlandırmışdı. Belə ki, Blinkenə Rusiyanın NATO-nun şərqə doğru genişlənməməsi ilə bağlı son vaxtlar artan təminat tələbləri və yanvarın 10-na planlaşdırılan ABŞ-Rusiya təhlükəsizlik danışıqlarından gözləntiləri barədə sual verilib. Blinken isə qeyd edib ki, regionda qeyri-sabitliyin mənbəyi NATO deyil, Rusiyadır.
"Bəli, Rusiya öz ictimai bəyanatlarında və irəli sürdüyü sənədlərdə Avropanın təhlükəsizliyi ilə bağlı məsələləri qaldırıb. Amma gəlin bunu çox açıq deyək: NATO Ukraynanı işğal etməyib; NATO Gürcüstanı işğal etməyib; NATO Moldova xalqının iradəsinə zidd olaraq Moldovada hərbi qüvvələr yerləşdirməyib", - deyə dövlət katibi Blinken bildirib.
O əlavə edib ki, ABŞ Rusiyanın narahatlığını dinləməyə hazırdır, lakin Vaşinqtonun da öz narahatlıqları var, Moskva da onlara qulaq asmalıdır.