Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2022 00:24
Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi...
İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır
Sonxeber.net xəbər verir ki, lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.
Layihəmizdə bu dəfə sabiq mədəniyyət naziri Polad Bülbüloğludan bəhs edəcəyik.
Polad Murtuza oğlu Məmmədov 4 fevral 1945-ci ildə Bakıda anadan olub. O, 1965-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Polad Bülbüloğlu 1987-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, vəzifələrində çalışıb. 1989-cu ildә Azərbaycan Respublikasının mədəniyyət naziri təyin olunub. Sonralar Azərbaycanda üç dəfə hakimiyyət dəyişikliyi baş verib və Polad Bülbüloğlu hər gələn prezident tərəfindən nazir postunda saxlanılıb.
1995-ci ildə həm də Milli Məclisin deputatı seçilir. 2006-cı ildə nazir postundan gedən Polad Bülbüloğlu elə həmin il Rusiya Federasiyasına səfir göndərilib.
Bəstəkar, müğənni, ictimai xadim və Xalq artisti olan Polad Bülbüloğluna ən çox şöhrət gətirən isə müəllifi və ifaçısı olduğu "Gəl, ey səhər" mahnısıdır. Bundan əlavə, "Doğma diyar", "Şən Azərbaycan", "Durnalar", "Bayatılar", "Vətən haqqında mahnı", "Bakı", "Məni gözlə", "Gözəllər", "Bənövşələr", "Həsrətimsən" və digər nəğmələri Azərbaycan estrada mahnı irsinin parlaq nümunələri kimi bu gün də sevilir.
Sabiq nazirin 2 oğlu, bir qızı var. Böyük oğlu Teymur Polad Bülbüloğlunun birinci xanımı, məşhur ukraynalı opera müğənnisi Bela Rudenko ilə evliliyindən doğulub.
Polad Bülbüloğlunun ikinci xanımı Gülnarə Şıxəliyevadan iki övladı dünyaya gəlib. Gülnarə Şıxəliyeva Polad Bülbüloğlu nazir işləyərkən onun referenti olub. Və münasibətlər də buradan meydana gəlib. Qızı Leylanın indi 24 yaşı var. Polad Bülbüloğlu ikinci oğluna atasının adını verib. Murtuzanın 19 yaşı var. Yeri gəlmişkən, onun böyük oğlu Teymur və qızı Leyla atalarının sənətini davam etdirirlər.
Bir dəfə Prezident İlham Əliyev onun haqqında belə demişdi:
"Ermənilər dahi şəxsiyyətlərimizin büstlərini təhqir edəndən sonra onları əridib satmaq, pul əldə etmək üçün Ermənistana aparıblar. O vaxt Polad Bülbüloğlu bundan xəbər tutmuş və Heydər Əliyevə müraciət edib. Görülmüş tədbirlər nəticəsində bu büstlər ermənilərdən alındı. Onu da açıq deməliyəm, pulla alındı. Satdılar onlar. Necə ki, hər şeyi satıblar ömrü boyu. Büstləri də biz pulla almışıq. O vaxt gətizdirdik və onlar İncəsənət Muzeyinin həyətində yerləşdirildi".
18 may 2016-cı ildə məşhur heykəltəraş və rəssam Zurab Seretellinin "Mənim müasirlərim" adlı heykəllər silsiləsi çərçivəsində Moskvada Polad Bülbüloğlunun abidəsinin açılışı olub.
Qeyd edək ki, o, "Rus ifaçılıq sənəti" İctimai Fondunun 25 illiyi medalına, "Əməkdar incəsənət xadimi", "Xalq artisti" fəxri adlarına layiq görülüb, "İstiqlal", "Şərəf", "Vətənə xidmətə görə" və "Heydər Əliyev" ordenləri ilə təltif edilib. Hazırda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini yerinə yetirir.