Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2022 21:32
Azərbaycanın Tovuz və Şəmkir rayonlarında kiçik fermerlərin əksəriyyəti əsas dolanışıq yeri olan və son 2-3 ilədək yaxşı gəlir götürdükləri istixanalarını sökür. Fermerlər deyirlər ki, yanacaq, gübrə və digər xərclər artıb, təsərrüfatları saxlaya bilmirlər və çəkdikləri xərc qazancı üstələyir. Yerli bazarda pomidora təlabat azdır, Rusiya bazarında isə idxal pomidoru son illər ucuzlaşdığından qiymət sərfəli deyil. Bir yandan da kiçik fermerlər son illər fəaliyyətə başlayan dördüncü nəsil istixanalara - aqroparklara rəqabətdə uduzurlar. Buna görə də vaxtilə 200-500 min dollar xərc çəkib qurduqları istixanaları ləğv etmək məcburiyyətində qalıblar.
Fermer: "Peşimanam..."
Tovuzlu fermer Səlahəddin Rzayev deyir ki, bu il Tovuzda cəmi 4 fermer istixana şəraitində pomidor yetişdirir. Onun özü 4 hektarda pomidor əkib, lakin peşimandır. Çünki son 1-2 ildir ki, min bir əziyyətlə becərdiyi məhsulunu sata bilmir. Ötən il 70 min dollar ziyana düşüb, bu il də vəziyyətin düzələcəyinə ümidi yoxdur.
Qərb bölgəsində istixana sahibləri məhsullarını ancaq Rusiya bazarlarına çıxarmaqla qazanc götürüblər. Rusiya bazarında hazırda 6 kiloluq pomidor yeşiyinin qiyməti təxminən 8 manatdır. S.Rzayevin sözlərinə görə, bunun yarısından çoxu daşınma, qablaşdırma, orada qalma, bazarda yer haqqı və digər xərclərə gedir. Üstəlik, istixananın saxlanılma xərci də var. Yanacaqdan tutmuş yeşiyə, fəhlə pulunadək xərclər artıb. Məsələn, ayda təkcə işçilərin maaşı 12 min manat edir.
S.Rzayev bildirib ki, ötən il Tümenə yola saldığı maşının yolu iki dəfədən çox uzanıb, məhsullar yolda xarab olub. Moskva bazarına məhsul 20 günə gedib çatıb və qəpik-quruşa satılıb. Halbuki daşınma xərci iki dəfədən çox artıb. Nəticədə ziyana düşüb. İndi də maya dəyəri 1 manat 50 qəpiyə başa gələn pomidoru ən yaxşı halda 70 qəpikdən sata bilirlər: "Mənim iki banka 116 min manat borcum yaranıb. Şəmkirli istixana sahibləri də bizim kimi qaza, işçiyə, banka borcludurlar. Qazı işlədiriksə, pulunu da vaxtlı-vaxtında ödəməliyik. Amma qazanc olmur, ödəyə bilmirik".
Daha Rusiyaya pomidor "vurmaq" fərdi istixana sahibləri üçün sərfəli deyil
Fermerlər onu da bildiriblər ki, yeni nəsil istixanalarda müasir avadanlıqlar quraşdırılıb. Hansı ki, yanacağa qənaət edir, ənənəvi istixanalardan fərqli olaraq əlavə xərclər olmur. Bu istixanalarda yetişdirilmiş pomidorlar da ucuz satılır. Buna görə də belə aqroparklar kiçik fermerləri-fərdi istixana sahiblərini sıxışdırıb bazardan çıxarır.
Adının mətbuatda açıqlanmasını istəməyən şəmkirli fermer isə danışıb ki, təxminən 7-8 il əvvəl istixana qurmağa təxminən 500 min dollardan çox vəsait sərf edib və son illərədək yaxşı qazanıb. İndi isə gəlir gətirmədiyindən istixananı ləğv edir.
"Biz istixana şəraitində olsa da, pomidoru torpaqda yetişdirirdik və Rusiya bazarında satırdıq. Yəni indiki aqroparklarda olduğu kimi, pomidoru suda, dərmanlarla yetişdirmirdik. Amma son bir-iki ildir Rusiyada satış əlverişli deyil. Onların özləri də başlayıblar iri istixanalar qurmağa. Üstəlik, daşınma xərci, bazarda yer haqqı, yemək, qalmaq xərcləri də artıb. Ötən il pomidor satılmadı, məhsul xarab olmasın deyə qəpik-quruşa verdik, nəticədə ziyana düşdük. Amma aqroparklar üçün sərfəlidir, çünki maya dəyəri aşağıdır", - şəmkirli fermer bildirir.
Borclarını ödəmək üçün istixanalardakı avadanlıqları kəsib satırlar...
Fermerlər onu da deyiblər ki, məsələdən icra hakimiyyətləri də xəbərdardılar. İstixana sahiblərinin iştirakı ilə məsələ müzakirə edilib və vəziyyətdən çıxmaq üçün müəyyən kömək təklif edilib. Amma əvvəl-axır qaza, işığa və s. görə yaranmış borc ödənilməlidir. Fermerlərin bəziləri istixanadakı avadanlıqları kəsib satmaqla borcun bir hissəsini ödəməyə çalışır.
Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli isə deyib ki, Qərb bölgəsində ənənəvi istixanaların sökülməsinə ötən ildən başlanılıb: "Fermerlər əsasən Rusiya bazarına hədəfləniblər. Ötən il Rusiya bazarına çıxışa məhdudiyyətlərin qoyulması fermerləri çətinliklə üzləşdirib. Şəmkir və Tovuzda fərdi istixanalarda pomidor yetişdirənlər öz mallarını Rusiya bazarına vaxtlı-vaxtında çatdırmaqla bağlı bir çox süni əngəllərlə qarşılaşırlar. Üstəlik daşınma xərcləri artıb, Rusiya gömrüyü bəzi hallarda pomidor yüklü maşınları sərhəddə günlərlə, həftələrlə ləngidib. Nəticədə məhsul zay olub. Fərdi istixana sahiblərinin son illər kütləvi şəkildə borcu yaranıb, hamısı qaza, gübrəyə, istifadə etdikləri dərmanlara görə borclu qalıblar, indi də məhsullarını istədikləri qiymətə sata bilmirlər".
Kimlər qazanır, kimlər itirir?
Bununla belə ekspert hesab edir ki, istixanaların sökülməsinin daxili bazarda qiymətlərə təsiri böyük deyil. Çünki müəyyən mərhələdə, yazın əvvəllərində pomidor bahalaşa bilər, lakin daha sonra bazarda məhsul artacaq və qiymətlər aşağı düşəcək. İtirən isə qərb bölgəsindəki kiçik və orta sahibkarlar, bir də fərdi istixanalarda günəmuzd işləməklə dolanan yerli sakinlər olacaq. Çünki fərdi istixana təsərrüfatları bu bölgədə əhalinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rola malik idi.
Qeyd edək ki, iri aqroparkların sürətlə fərdi istixanaları sıxışdırıb müflis edəcəyini kənd təsərrüfatı üzrə ekspertlər daha əvvəl proqnozlaşdırmışdılar. Hərçənd məsələ bundadır ki, heç iri aqroparkların özlərinin də pomidor yetişdirməkdən qazanclarının yaxşı olmadığı, Rusiya bazarında qiymətin aşağı düşməsi nəticəsində onların da ziyan etdikləri haqda xəbərlər var.
Rəsmi statistikaya əsasən 2021-ci ilin 10 ayında (yanvar-oktyabr) Azərbaycandan 129 milyon 652 min dollar dəyərində 120 min 342 ton pomidor ixrac olunub. 2020-ci ilin 10 ayında isə Azərbaycandan 173 milyon 19 min dollar dəyərində 160 min 269 ton pomidor ixrac edilmişdi.
Gömrük Komitəsinin o zaman açıqladığı statistika göstərirdi ki, pomidor ixracı 2020-ci ilin 10 ayı ilə müqayisədə 2021-ci ilin 10 ayında dəyər ifadəsilə və miqdar ifadəsilə də 25 faiz azalıb. 2021-ci ilin 9 ayında (yanvar-sentyabr ) Azərbaycandan 128 milyon 243 min dollar dəyərində 119 min 138 ton pomidor ixrac olunub. Beləliklə, oktyabr ayında ixrac demək olar ki, dayanıb. Həmin ay 1 milyon 409 min dollarlıq 1 204 ton pomidor ixrac olunmuşdu.