Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Parlamentin komitə sədri: “Azərbaycanda antiinflyasiya tədbirləri gücləndiriləcək”

Parlamentin komitə sədri: “Azərbaycanda antiinflyasiya tədbirləri gücləndiriləcək”

Tarix: 19 Yanvar 2022 21:12

"Qlobal istiləşmə və quraqlıq, tələb-təklif arasında balansın pozulması, daşınma-logistika xərclərinin artması və enerji daşıyıcılarının sürətlə bahalaşması qlobal bahalaşmanı şərtləndirən əsas faktorlardır".

Sonxeber.net xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

T. Mirkişili deyib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, 2021-ci ildə dünya ərzaq qiymətləri son 10 ilin ən yüksək səviyyəsinə çatıb: "Azərbaycanda bütövlükdə 2021-ci ildə ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub. Bununla belə, orta illik inflyasiya 6,7%, o cümlədən ərzaq inflyasiyası 8,1%, qeyri-ərzaq inflyasiyası 5,1% təşkil edib, inflyasiyanın illik səviyyəsi 12% olub. Çünki dünyada ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsi ilə dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri yüksəlib. Qlobal iqtisadiyyata inteqrasiya etmiş Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə qiymət artımları müşahidə olunur".

Parlamentin komitə sədri qeyd edib ki, 2021-ci ildə inflyasiyanın xarici amilləri əhəmiyyətli dərəcədə aktivləşib və Azərbaycanda xarici mənşəli ərzaq inflyasiyasının təsiri çox olub. Məsələn, dünya bazarlarında taxılın qiymətində 2021-ci ilin dekabr ayında son iki ilə nəzərən 45%-dən çox artım baş verib. 2021-ci ilin yanvarından başlayaraq idxal buğdasının bir tonu üçün qiymət 253 dollardan dekabr ayında 340 dollara qədər artıb. T. Mirkişili ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədilə hökumət tərəfindən bir sıra tədbirlər həyata keçirildiyini xatırladıb: "Daxili bazarda satılan un və un məmulatlarının hər tonu üçün subsidiya məbləği artırılıb, buğdanın idxalı və satışının, buğda ununun və çörəyin istehsalı və satışının ƏDV-dən azad edilməsi müddəti 2024-cü ilədək uzadılıb. O cümlədən iri taxıl idxalatçılarına Mərkəzi Bankın vəsaitləri hesabına çox aşağı faizli kreditlər ayrılıb. Ancaq bu kompleks tədbirlərə baxmayaraq buğda və unun qiymətlərinin real qiymətlərdən uzunmüddətli dövrdə belə aşağı səviyyədə saxlanılması çətin məsələ idi və nəticədə unun və çörəyin qiyməti artıb. Amma hökumət süni qiymət artımına imkan verməmək üçün qabaqlayıcı tədbirlər görür. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri daha da gücləndirilib və respublikanın 68 şəhər və rayonu üzrə unun satışı və çörəyin çəki və qiymətinə gündəlik ciddi monitorinqlər aparılır. Digər tərəfdən, bahalaşmanı nəzərə alaraq Prezidentin tapşırığına uyğun olaraq ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyi məsələlərinə, idxaldan asılılıq səviyyəsinin azaldılmasına xüsusi diqqət yetirilir".

Parlamentin komitə sədri Azərbaycan Prezidentin tapşırığına uyğun olaraq azad edilmiş torpaqların təxminən 100 min hektarında əkin işlərinin aparılmasının ərzaq təhlükəsizliyini, həm də kənd təsərrüfatı emalı üzrə fəaliyyət sahələrinin yaradılmasının bu sektorda artımı dəstəkləyəcəyini vurğulayıb: "Eyni zamanda haqsız rəqabət, bazar sövdələşməsi, qiymətlərin süni artırılması hallarında dövlət qurumları inzibati rıçaqlardan istifadə etməklə möhtəkirlik hallarının qarşısının alınması, istehlak bazarına antiinhisar nəzarətinin gücləndirilməsi haqda tapşırıq verilib. Aidiyyəti dövlət qurumlarına qısa müddət ərzində "Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" Tədbirlər Planı barədə təkliflərini də Hökumətə təqdim etmələri tapşırılıb. "Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" Tədbirlər Planı antiinflyasiya tədbirlərinin daha ardıcıl və davamlı həyata keçirilməsini təmin edəcək. Beləliklə, Azərbaycanda antiinflyasiya tədbirləri gücləndiriləcək".


Etiketlər:  Parlamentin komitə sədri Azərbaycanda antiinflyasiya tədbirləri gücləndiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ