Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həkim-infeksionist: “Omikron”dan qorunmaq üçün...

Həkim-infeksionist: “Omikron”dan qorunmaq üçün...

Tarix: 19 Yanvar 2022 23:12

Yeni növ koronavirus (COVID-19) infeksiyasının "omikron" ştamı bir sıra ölkələrdə dominantdır. Bu, həmin ştamın yüksək yoluxduruculuq xüsusiyyəti ilə əlaqəlidir. Hətta bəzi Qərb ölkələrində "omikron" ştamı "delta"nı da üstələyib. Yoluxduruculuğun sürətli olmasına baxmayaraq, "omikron"la yoluxan xəstələrdə xəstəliyin gedişatı nisbətən zəif olur. Qapanmalar isə xəstələr arasında xüsusən hospitalizasiya halları artdıqda, ölkənin səhiyyə sisteminin ehtiyatı azaldıqda tətbiq edilir. Ölkədə epidemioloji vəziyyətin stabil qalması üçün yoluxmaların sayını bacardığımız qədər minimum səviyyədə saxlamağa çalışmalıyıq. Bunun üçün qapalı məkanlarda hətta ikiqat tibbi maska taxılması tövsiyə edilir.

Sonxeber.net xəbər verir ki, bu barədə həkim-infeksionist Mədinə Abdullayeva deyib.

Həkim-mütəxəssis bildirib ki, "omikron" ştamından qorunmaq üçün gigiyenik qaydalara əməl etmək vacibdir: "Hətta "omikron"un yüksək yoluxduruculuğunu nəzərə aldıqda bu qaydaların zəruriliyi daha da artır. Yoluxmadan qorunmaq, virusun yayılmasının qarşısını almaq üçün qapalı məkanlardan, mümkün qədər, uzaq qalmaq, kütləvi toplaşmalarda mütləq tibbi maska taxmaq lazımdır. Həmçinin sosial məsafənin qorunması da zəruri tədbirlərdəndir. Belə olan halda virusun geniş yayılmasının qarşısı alınar, xəstələnənlər infeksiyanı daha yüngül keçirər. Nəticədə səhiyyə sisteminin yükü azalmış olar. İstənilən halda, COVID-19 virusuna qarşı ən yaxşı profilaktika vaksinasiyadır. Ona görə də vətəndaşların peyvəndləmədə fəal iştirakı vacibdir. Vaksinasiyanın iki mərhələsində də iştirak edənlər isə "buster" doza ilə peyvəndlənməlidirlər. Bu, onların "omikron" ştamı ilə yoluxduğu təqdirdə xəstəliyi daha yüngül keçirməsinə səbəb olacaq".

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın endemik xarakter alması üçün peyvəndləmə prosesinin sürətləndirilməsini zəruri hesab edir. Pandemiyanın sonlanması üçün kollektiv immunitetin formalaşdırılması vacibdir. Ona görə də, 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70 faizi peyvənd olunmalıdır. Nəzərə almaq lazımdır ki, infeksiyanın yayılmasını şərtləndirən ən vacib məqam bir çox ölkələrdə vaksinasiya prosesinin zəifliyi, xüsusən də "buster" doza vurduranların sayının azlığıdır.

Yaxın həftələrdə dünyada "omikron" ştamı ilə əlaqədar olaraq növbəti dalğanın başlayacağı ehtimal edilir. ÜST-nin proqnozlarına əsasən, mart ayında Avropa əhalisinin yarısından çoxu "omikron" ştamına yoluxacaq.


Etiketlər:  Həkim infeksionist Omikrondan qorunmaq üçün


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ