Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı aktrisa evindən 80 min avroluq qızıl oğurlandığını iddia edir, qarşı tərəf isə...

Azərbaycanlı aktrisa evindən 80 min avroluq qızıl oğurlandığını iddia edir, qarşı tərəf isə...

Tarix: 23 Yanvar 2022 20:05

Aktrisa Çimnaz Sultanova evindən külli miqdar dəyərində oğurluq edildiyini iddia edib.

Sonxeber.net bildirir ki, bu barədə APA-ya aktrisanın özü məlumat verib.

Aktrisa bildirib ki, oğurluq hadisəsi 2018-ci ildə yaşadığı Binəqədi rayonu ərazisində yerləşən evdə baş verib.

Ç.Sultanovanın sözlərinə görə, prodüser Zərif Əlixanova yeniyetmə qızı ilə birgə müxtəlif vaxtlarda yaşadığı evdən 80 min avro dəyərində qızıl-zinət əşyaları oğurlayıblar:

"Zərif əvvəllər "Lider" televiziyasında prodüser işləyirdi. Bir neçə dəfə onun verilişində qonaq olduqdan sonra münasibətimiz yarandı və rəfiqə olduq. Bundan sonra Zərif vaxtaşırı olaraq bizə qonaq gəlirdi. Evimdən oğurluq etdiyini biləndə çox məyus oldum. Bunları etdiyi ilk vaxtlarda məndə xahiş etdi ki, polisə məlumat vermə, əvvəl 40 min manat verəcəm, sonra da qalanını ödəyəcəm. Üstündən xeyli müddət keçdi ödəmədi.

Məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət etdim. Sonra Zərif oğurluq əməlini məktəbli qızının üstünə atdı. Qızı da müstəntiqə ifadə verərkən deyib ki, qızılları o oğurlayıb sonra da hamısını nəyəsə büküb atıb. Amma mən əminəm ki, uşaq belə bir şey edə bilməz".

Ç.Sultanova qeyd edib ki, 4 il keçəndən sonra polis yenidən araşdırmaya başlasa da hələ ki, bir nəticə əldə olunmayıb.

İddia ilə bağlı Zərif Əlixanova bildirilib ki, aktrisanın dedikləri həqiqəti əks etdirmir.

Zərif Əlixanovanın sözlərinə görə, Çimnaz Sultanovanın müraciəti ilə bağlı iki dəfə Binəqədi Rayon Polis İdarəsində araşdırma başlanılsa da cinayət işinin açılması rədd edilib. Ərizəçi verilən qərarlardan narazı olaraq, Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib və yenidən araşdırma davam edib:

"Hazırda iş üzrə icraat dayandırılıb. Lakin ərizəçi araşdırmanın nəticəsini gözləmədən bizim hüquqlarımızı kobud şəkildə pozur. O, mənim, ailəmin, övladımın şəkillərini paylaşaraq şərəf və ləyaqətimizi alçaldır. Özündən hökm çıxarıb çağırışlar edir. Cinayət Məcəlləsinin 156-cı maddəsinə görə bu kimi addımlar, şəxsi həyata toxunulmazlıq hüququnu kobud şəkildə tapdalayır və bu əməlləri törədən hər addıma görə, hüquqi məsuliyyət daşıyır. Şəxsin törətdiyi bu qanunsuz addımlara görə, azyaşlı övladım ciddi psixoloji sarsıntı keçirib, hətta intihar həddinə çatıb. Qeyd edilənlərə və Konstitusiyanın 26-57-ci maddələrində nəzərdə tutulmuş hüquqlarımdan istifadə edərək Cinayət Məcəlləsinin 204-cü maddəsinə əsasən, aktrisanın qanunsuz əməlləri barədə hüquq mühafizə orqanlarına müraciət etmişik. Növbəti günlərdə isə Ombudsman Aparatına, Daxili İşlər Nazirliyinə və digər aidiyyatı qurumlara rəsmi şikayət ərizəsini təqdim edəcəyik".

Z.Əlixanova hal-hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparıldığını deyib. Buna görə də o hüquq müstəvisində həll olunacaq məsələ barədə sosial şəbəkədə və media qurumlarında heç bir məlumat verməyəcəyini bildirib.

O, həmçinin media nümayəndələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət edərək, hüquqi qiymət verilməyən məsələ ilə bağlı yayılan məlumatlara görə məsuliyyət daşıdıqlarını xatırladıb.

Xatırladaq ki, Zərif Əlixanova yazıçı Vaqif Əlixanlı ilə jurnalist, əməkdar incəsənət xadimi Şəfəq Əlixanovanın qızıdır.


Etiketlər:  Azərbaycanlı aktrisa evindən avroluq qızıl oğurlandığını iddia edir qarşı tərəf isə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ