Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2022 20:18
Cəlilabad rayonu, Zərifə Əliyeva küçəsində 30 ailənin yaşadığı yataqxana binasında mavi yanacağın olmaması sakinlər üçün çətinlik yaradır.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər deyir ki, 1993-ci ildən sözügedən binada yaşayırlar. Amma elə ilk qışdan mavi yanacaq problemi yaşayıblar.
Əvvəllər mənzillərini odun sobası ilə qızdırdıqlarını bildirən sakinlər hazırda elektrik sobasından istifadə edərək qızınmağa çalışsalar da, yenə çətin olur.
Mənzil sahibləri bildirir ki, 30 ailəlik bina 1993-cü ildə 4 saylı şərab emalı zavodu tərəfindən bu müəssisənin işçiləri üçün tikilib. Amma qaz xəttinin binanın yanından keçməsinə baxmayaraq, yataqxanaya hələ də qaz çəkilməyib.
Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətində bildiriblər ki, sözügedən bina icra hakimiyyətinin balansında deyil. Daha doğrusu, bina yataqxana tipli olduğu üçün heç bir quruma aid deyil.
"Azəriqaz" İB -nin mətbuat katibi Eldəniz Vəliyev isə "Xəzər Xəbər"ə bildirdi ki, sakinlərin yaşadığı yataqxana hər hansı qurumun balansında deyilsə, vətəndaşlar toplu şəkildə binanın texniki şərti ilə bağlı FHN-ə müraciət etməlidir. Ondan sonra binaya qaz verilmə məsələsinə baxıla bilər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: