Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2022 07:51
Uşaqlarda, eləcə də yeni doğulanlarda bir çox nevroloji problemlərə rast gəlinir.
Yeni doğulanlarda olan nevroloji problemlər isə valideynlər tərəfindən çox zaman gec görülür. Bəs hansı əlamətlər körpələrdə nevroloji problemlər olduğundan xəbər verir?
E-tibb.az bildirir ki, nevroloq Rima İbadova bu əlamətləri açıqlayıb, "Hansı uşaqlarda nevroloji problemlər daha sıx görülər" mövzusunda məlumat verib.
Onun sözlərinə görə, doğulandan sonra gec ağlayan, tın-tın və ya mızıltılı səslə ağlayan, döşü və ya əmziyi çətin götürən, normal əmə bilməyən, süst vəziyyətdə çox yatan və ya çox az yataraq sutkanın çox hissəsini narahat keçirən uşaqlara laqeyd yanaşmaq olmaz.
Bundan başqa, tez-tez xüsusən qida qəbulu ilə əlaqədar olmayan qusmalar varsa, uşaq yuxudan ağlayaraq oyanırsa, diksinirsə bu da nevroloji problemə işarə ola bilər. Həmçinin qeyri-adi yığılmaları, göz və əl-ayaq hərəkətləri olan uşaqlar, ətraf və üz hərəkətləri assimetrik olan uşaqlar, xüsusən sonrakı inkişafları ləngiyən uşaqlar daha mütəmadi olaraq uşaq nevroloqunun konsultasiyasında olmalıdır.
Nevroloq qeyd edib ki, həkim uşağın motor (hərəki), sosial (psixi) və dil inkişafını ayrı-ayrılıqda dəyərləndirməlidir. Əgər uşaq iki ayında üzüstə vəziyyətində başını qaldırmırsa və əşyaları gözü ilə təqib etmirsə, 6 ayında arxası üstə uzanarkən başını önə doğru əymirsə və fırlanmırsa, ən geci 9 ayda oturmursa, ən geci 18 ayda yeriyə bilmirsə və heç bir söz demirsə, ən geci 3 yaşda sadə cümlələr qura bilmirsə valideynlər həyəcan siqnalı çalmalıdır. Uşağın inkişafının gecikməsinə səbəb olan amillər nevroloq tərəfindən aydınlaşdırılmalıdır.