Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2022 18:06
Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Hesab edirəm ki, milli səviyyədə koordinasiya bizə bu nəhəng layihəni - XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizini icra etməyə kömək etdi. Onun dəyəri 33 milyard ABŞ dollarıdır. Eyni zamanda, əlbəttə ki, biz enerji şirkətlərinin, tikinti şirkətlərinin, investorların fəal iştirakı olmadan uğur qazana bilməzdik. Bu gün onlar buradadırlar. Əlbəttə, onların, eləcə də beynəlxalq maliyyə institutlarının töhfəsi çox dəyərli idi. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Beləliklə, aparıcı beynəlxalq maliyyə institutları bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırdı. İndi biz bütün nöqteyi-nəzərlərdən mürəkkəb olan bu layihənın yüksək səmərəliliklə tamamlanmasına görə həqiqətən də fərəhlənə bilərik.
Əlbəttə, biz gələcəyə baxmalıyıq və mən əminəm ki, bugünkü iclasda iştirakçılar ənənəvi əməkdaşlıq sahələrini, gələcək planlarımızı müzakirə edəcək. Çünki hamımızın bildiyi kimi, əlavə qaz mənbəyınə tələbat artmaqdadır. Eyni zamanda, bərpa olunan enerji mənbələri ilə bağlı məsələlər də müzakirə olunacaq. Azərbaycan öz "yaşıl enerji" siyasətinə münasibətdə çox işlər görür. Dediyim kimi, yeni mənbələrdən qaz üçün tələbat artır. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Əminəm ki, komandamızın üzvü olan Albaniyada öz qazpaylayıcı şəbəkəsini tamamlayan kimi Azərbaycan qazını əldə edəcək.
Həmçinin o faktı vurğulaya bilərik ki, bugünkü iclasda keçən illə müqayisədə daha çox sayda ölkə və şirkətlər iştirak edir. Yeni iştirakçılarımız var və bu da onu göstərir ki, yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Biz hazırıq, çünki Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur".