Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2022 20:35
Ötən gün təhsil eksperti Kamran Əsədov "Facebook" səhifəsində paylaşım edərək bildirib ki, MUZ TV-də yayımlanan "Tarixin bir anı" verilişində qonaq olacaq və təhsili ictimai müzakirə edəcəklər. Bu paylaşıma isə insanlar müxtəlif reaksiya veriblər və xeyli müzakirələrə səbəb olub.
Ekspert Kamran Əsədov isə bu gün verilişdə iştirak etməyib.
Sonxeber.net xəbər verir ki, Kamran Əsədov azxeber.com-a açıqlamasında insanların buna reaksiyasına cavab verib və verilişdə hansı səbəbdən iştirak etmədiyinə aydınlıq gətirib.
O, qeyd edib ki, təhsillə bağlı ümumi narazılıq var və insanlar istənilən məsələyə etiraz edirlər:
"Heç kim təhsillə bağlı verilişə baxmır. Ümumiyyətlə, televiziyaya baxanların sayı çox azdır. Məsələ nədir, insanlar təhsildən narazıdırlar, insanlarda ümumi narazı fikirlər var. Bundan sonra da istənilən məsələyə etiraz edirlər, bu da normaldır. Biz kiminsə fikrinə hörmətlə yanaşmağı öyrənməliyik. Dünən mənə dedilər ki, saat 12-də efirdə canlı yayım var, amma aparıcını bilmədim. Axşam anonsu mənə göndərəndə gördüm ki, Tarix Əliyevin (Tolik) verilişidir. Amma hədəf tamam başqa idi. Biz təhsili müzakirə etməliyik. Hazırda orta və ali məktəblərdə ciddi problemlər var. Transferlərlə bağlı problemlər var. Koronavirus kimi problemlər var. Bu tipli məsələlər kənarda qalıb, müzakirə edə bilmirik. Təhsil Nazirliyi yanında İctimai Şura da problemləri aidiyyatı üzrə çatdırmır. Biz də məcbur oluruq ki, müxtəlif platformalarda təhsil məsələlərini müzakirə edək. Təbii ki, dəvət gələndə istər, istəməz özün də bu məsələdə maraqlı olmalısan. Müəyyən auditoriyaya fikir çatdırmaqda maraqlı olmalısan. Mənim izləyicilərə də hörmət etmək borcumdur".
Kamran Əsədov qeyd edib ki, insanlar düşünməsinlər ki, ictimai qınağa görə verilişdə iştirak etməyib, əslində səbəb başqa olub:
"Düşünməsinlər ki, mən ictimai qınağa görə verilişə getmədim. Sadəcə dedim ki, mənim bu platformada problemi deməyim düzgün olmaz. Həm də mənim orada çıxışım birtərəfli monoloq şəklində olacaq idi, çünki başqa təhsil eksperti dəvət olunmamışdı. Yəni, problemi gərək həmin sahənin mütəxəssisləri ilə müzakirə edəsən. Kütlə baxımından Tarix Əliyev kifayət qədər geniş kütləyə malikdir. İstər sosial şəbəkələrdən, istər televiziyadan. Amma həqiqətən insanlar bu məsələdən narahat olsaydılar, bir baxardılar ki, nə müzakirə olundu, nə deyildi. Mənim əsas məqsədim budur ki, təhsil müzakirə olunsun. Təhsil hanısa 5-6 nəfərin kabinetdə yığılıb çay içə-içə müzakirə edəcəyi bir məsələ deyil, təhsil bizim hamımızın işidir, ictimai işdir. Bunları ciddi müzakirə etmək lazımdır, amma ciddi müzakirəyə də insanlar heç biri baxmır".
Məsələ ilə bağlı Tarix Əliyev (Tolik) çıqlamasında bildirib ki, Kamran Əsədov verilişə gəlməsə də, efir çox maraqlı olub:
"Mən Kamran müəllimi həyatdan tanımıram, amma onu çox verilişlərdə görmüşəm. Onun doğurdan da yaxşı bir təhsil eksperti olduğunu bilirəm. Amma prodüserə deyib ki, insanlar tərəfindən təpki gəlib. Düzü, nə müzakirələr olub, bu barədə xəbərim yoxdur. Onlar gedib Lalə Azərtaşın verilişində otururlar, Ora ekspert kimi nəyə gedir ki? Gedib ailə problemlərindən danışır, mən təhsil üçün çağırmışdım. Bizim verilişə gəlmədi, canı sağ olsun, bizim veriliş də maraqlı keçdi, tamaşaçılar da gördü ki, mən istəsəm sosial mövzulara toxuna bilərəm".