Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“SGC ölkəmizə valyuta axını üçün ciddi amil olaraq qalacaq”

“SGC ölkəmizə valyuta axını üçün ciddi amil olaraq qalacaq”

Tarix: 5 Fevral 2022 16:44

"Dünya nə qədər alternativ enerji mənbələrinin yaradılmasına və inkişaf etdirilməsinə üstülük versə də, ənənəvi enerji mənbələri yaxın 30-40 ildə aparıcı iqtisadi mərkəzlərin - Avropa və ABŞ-ın əsas enerji mənbələri olaraq qalacaq".

Bunu report-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

O, bu barədə ötən gün Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclasını şərh edərkən danışıb.

"Məsələyə bu konteksdən yanaşanda SGC-nin nə qədər əhəmiyyətli olduğunu görürük. Həm Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, həm də Azərbaycanın Avropada nüfuzunun qaldırılmasında, ölkəmizə yüz milyardlarla dollar vəsaitin daxil olmasında bu dəhlizin son dərəcə böyük əhəmiyyəti var.

SGC-nin keçdiyi coğrafiya 6 ölkəni - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanı, o cümlədən Adriatik dənizi olmaqla böyük ərazini əhatə edir və onun əhəmiyyəti aydın görünür. Düşünürəm ki, dəhliz haqqında danışarkən onun komponentlərinə toxunmamaq olmaz. SGC 4 layihənin genişləndirilmiş son təzahür formasıdır", - o qeyd edib.

E.Əmirov xatırladıb ki, dəhliz "Şahdəniz" yatağından başlayır və daha sonra Cənub Qafqaz Boru Kəməri, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri ilə davam edir: "TAP-ın İtaliyada uzunluğu 8 km-dir. Bu kəmərlərin ötürücülük qabiliyyəti kifayət qədər böyük - 10 milyard kubmetrdir və 20 milyard kubmetrə qədər artırılması imkanları mövcuddur. Türkiyənin Gürcüstanla sərhədindən başlayaraq Türkiyə-Yunanıstan sərhədinə qədər davam edən TANAP-ın isə hazırda 16 milyard kubmetr ötürücülük gücü var ki, onu da 30 milyard kubmetrə qədər artırmaq mümkündür. Yəni, dəhliz mövcud durumu ilə strateji əhəmiyyətə malikdir və genişlənmə imkanları var. Bu, dəhlizin perspektivdə istifadəsi ilə bağlı mərhələləri şəkildə əlaqədar şirkətlərlə və dövlətlərlə müəyyən danışıqların aparılmasını, bu cür Məşvərət Şuralarının iclaslarının keçirilməsini daha da zəruri edir".

Ekspert bildirib ki, "Şahdəniz" yatağında 1,2 trilyon kubmetr qaz ehtiyatı, o cümlədən də 240 milyon ton kondensat ehtiyat var: "Bu faktor üzü bu ehtiyatların daşınması və Avropaya çatdırılması üçün infrastrukturun yaradılmasının nə qədər əhəmiyyətli olmasını göstərir. Bunun üçün də SGC 40 milyard dollara qədər investisiyanın yatarılması ilə ərsəyə gəlmiş çox böyük layihədir.

Bunun üzərinə "Babək" yatağında 400 milyard kubmetr, "Ümid" yatağında 200 milyard kubmetr həcmində qaz ehtiyatının olmasını və perspektivdə "Şahdəniz" yatağının alt qatlarında daha böyük potensialın olma ehtimalını nəzərə alsaq, hələ uzun müddət bu dəhliz Azərbaycan qazının Avropaya çatdırmaqla həm Avropanın təhlükəzliyində öz rolunu oynayacaq, eyni zamanda ölkəmizə valyuta axını ciddi amil olaraq qalacaq".

Vatırladaq ki, dünən Bakıda, "Gülüstan" sarayında leçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxış edən Prezident İlham Əliyev də vurğulayıb ki, milli səviyyədə koordinasiya XXI əsrin ən böyük layihələrindən biri olan SGC-ni icra etməyə kömək edib. Dövlət başçısı qeyd edib ki, onun dəyəri 33 milyard ABŞ dollarıdır: "Eyni zamanda, əlbəttə ki, biz enerji şirkətlərinin, tikinti şirkətlərinin, investorların fəal iştirakı olmadan uğur qazana bilməzdik. Bu gün onlar buradadırlar. Əlbəttə, onların, eləcə də beynəlxalq maliyyə institutlarının töhfəsi çox dəyərli idi. Cənub Qaz Dəhlizi layihəsi həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı. Beləliklə, aparıcı beynəlxalq maliyyə institutları bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırdı. İndi biz bütün nöqteyi-nəzərlərdən mürəkkəb olan bu layihənın yüksək səmərəliliklə tamamlanmasına görə həqiqətən də fərəhlənə bilərik".

Nazirlərin 8-ci toplantısında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson, Avropa İttifaqı Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyinin, eləcə də ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Hersoqovina, Ukrayna, Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin iştirakı ediblər.

Həmçinin enerji şirkətlərindən BP, BOTAŞ, TPAO, TANAP, TAP, SNAM, "Fluxys", İCGB, "Romgaz", SACE, SGC, Enagas, Uniper, TotalEnergies, Equinor, Lukoil, maliyyə qurumlarından isə Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankının nümayəndələrinin də tədbirə qatılması nəzərdə tutulur. Bugünki iclasda Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti, Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin nümayəndələrinin də iştirak ediblər.

8-ci iclas "Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər - Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi" və "Enerji keçidi - Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər" mövzularına həsr olunmuş plenar sessiyalarla davam edib.

Xatırladaq ki, nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı isə 2021-ci il fevralın 11-də keçirilib.

Milli.Az


Etiketlər:  SGC ölkəmizə valyuta axını üçün ciddi amil olaraq qalacaq


RƏYLƏR