Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2022 11:16
Qobustan rayonunda 1994-cü il təvəllüdlü Yunus şəxsi münasibətlər zəminində bacısını əri Vəfədara (adlar şərti verilib - red.) xəsarət yetirib.
Sonxeber.net Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən il iyunun 4-də baş verib. Yunus həmin gün saat 20 radələrində Vəfadarla onun Ərəbşalbaş kəndindəki həyətində mübahisə edib. Mübahisə zamanı o, başı ilə yeznəsinin burun nahiyəsinə, yumruqla isə bədəninin müxtəlif nahiyələrinə zərbə vuraraq ona xəsarətlər yetirib.
İstintaq orqanı tərəfindən Yunusun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Yunus elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Vəfadar bacısı Mahirənin əridir: "Vəfadarla heç bir ədavətimiz və söz-söhbətimiz olmayıb. İyunun 4-də saat 10 radələrində uşaqlarıma doğum haqqında şəhadətnamə almaq üçün bacımın əri ilə ASAN xidmət mərkəzinə getdik. İşlərimiz yekunlaşdıqdan sonra həmin gün saat 13 radələrində Şamaxı rayonundan Qobustan rayonunun Ərəbşalbaş kəndinə Vəfadarın evinə qayıtdıq.
Evə girəndə bacım bir neçə saat əvvəl qızı Samirənin evdə olmadığını aşkar etdi. Samirənin nişanlısı Mahirlə qaçdığını dedi. Vəfadar bu xəbəri eşidəndə əsəbiləşdi Mahirə ilə mübahisə etdi. Samirəni elə onun öyrətdiyini dedi, Mahirəni günahlandırmağa başladı".
Təqsirləndirilən şəxsin sözlərinə görə, Vəfadar Mahirənin üstünə qışqıraraq acıqlanıb: "Bacımla kobud danışdı, onu danladı və evdən getməsini bildirdi. Bacım da övladları Amil və Sadiqlə evdən çıxdı. Mahirəgilin qonşuya getdiyini düşündüm. Bir neçə dəqiqə Vəfadarla söhbət etdim, onu sakitləşdirdikdən sonra təxminən saat 15 radələrində öz evimə getdim. İçəri girəndə bacımı oğlanları ilə evimdə gördüm".
Yunus deyib ki, həmin gün təxminən saat 20 radələrində qardaşı Rafiqlə birlikdə Vəfadarın evinə gediblər: "Məqsədimiz Vəfadarı sakitləşdirib, bacımı və onun uşaqlarını evə qaytarmaq olub. Vəfadarı dayısı oğlu Cahidlə birlikdə evin həyətindəki çardağın altında oturduqlarını gördük. Onun içkili olduğunu hiss etdim. Qarşısında araq şüşəsi də vardı. Vəfadara təskinlik verdim. Dedim ki, olan şeydi, əsəbiləşmə, bu məsələ hər bir ailənin başına gələ bilər.
Bu sözdən sonra Vəfadar bacımın ünvanına nalayiq sözlər işlətdi. Ona danışığına fikir verməsini dedim. Mənə "çıx rədd ol burdan" dedi. Vəfadarın söyüşlərindən əsəbiləşdiyim üçün kəllə ilə onun burnuna vurdum. Əlini üzünə tutanda bədəninə 2-3 dəfə yumruqla zərbəsi vurdum. Dərhal qardaşım və Vəfadarın dayısı oğlu məni tutaraq kənara çəkdilər. Qardaşım məni həyətdən çıxardı və birlikdə öz evimizə getdik".
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vəfadar deyib ki, qızının nişanlısına qoşulub qaçması ilə bağlı arvadı ilə mübahisə edib: "Qaynım Yunusla evə gələndə Mahirə qızımız Samirənin evdə olmadığını, nişanlısı ilə qaçdığından xəbər tutduğunu dedi. Bu xəbəri eşidəndə çox əsəbiləşdim. Qızımı toy məclisi keçirib, adətlərimizə uyğun evimdən köçürmək istəmişdim.
Mahirəyə Samirəni onun öyrətdiyini dedim və evdən getməsini tələb etdim. O da Amil və Sadiqlə evdən çıxdı. Bir saatdan çox Yunusla söhbət etdik".
Vəfadarın sözlərinə görə, həmin gün təxminən saat 20 radələrində yaşadığı evin həyətində dayısı oğlu Cahidlə söhbət edən zaman Mahirənin qardaşları Rafiq və Yunus gəliblər: "Onlar salamlaşaraq yanmızda oturdular. Yunus mənə Mahirəni nahaq yerə evdən qovduğumu, Samirənin qaçmağında qəbahətli bir şeyin olmadığını dedi. Mahirəni və uşaqları evə qaytarmaq istədiyini bildirdi. Yunusa "get öz işinlə məşğul ol, mənim ailə məsələlərinə qarışma" dedim. Bu vaxt aramızda mübahisə yarandı. Hər ikimiz ayağa qalxdıq. Yunus kəllə ilə burnuma vurdu, zərbənin təsirindən bir az arxaya çəkildim, əlimlə üzümü tutdum. Bədənimin müxtəlif nahiyələrinə bir neçə yumruq da vurdu".
Zərərçəkmiş deyib ki, sonrakı günlərdə Yunus onunla barışmaq istəyəndə burnunun sınmasına görə təxminən 1200 manat pul ödəməli olduğunu bildirib: "Yunus maddi vəziyyətinin yaxşı olmadığını, əgər barışsam, təxminən 20 günə dəymiş ziyanı ödəyəcəyini bildirdi. Ona görə də iyulun 3-də onunla barışmam barədə Qobustan rayon polis şöbəsinə ərizə yazdım.
Buna baxmayaraq iyulun 10-da küçədə rastlaşan zaman Yunus ondan nahaq şikayət etdiyimi dedi, mübahisə yaradaraq ünvanıma söyüş söydü. Mən isə evimə getdim. Yunusun mənə dəymiş ziyanı ödəmədiyindən, həmçinin yenidən mənimlə mübahisə yaratdığından ondan təkrar şikayət etdim. Ərizəmdə burnumun sınması nəticəsində mənə dəymiş ziyanın ödənilmədiyini və şikayətçi olduğumu qeyd etdim".
Vəfadar məhkəmə ifadəsinin sonunda təqsirləndirilən şəxslə yenidən barışdığını, ondan heç bir şikayəti olmadığını deyib.
Bu cinayət işinə Qobustan rayon Məhkəməsində baxılıb.
Hakim hökm çıxaran zaman təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb.
Bu səbəbdən Yunusun barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.