Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Yerli-yersiz düşüblər Azərbaycan kinosunun üstünə" - Əməkdar artist

Tarix: 7 Fevral 2022 11:35

"Hal-hazırda mən ancaq kitab, ssenari oxuyuram. Sonuncu dəfə də bir nəfər Qarabağdan ibarət 3 kitabını mənə hədiyyə edib. Kitabı oxumuşam, çox qəribə bir stildə yazılıb. Rejissor Vaqif Mustafayeva yaxın olan bir mövzudur. Hansı rejissor sizə desə ki, heç nə etmirəm, ona inanmayın. "Heç nə etmirəm" o deməkdir ki, yəni film çəkmirəm. Amma rejissor çəkməsə də beyni hər zaman işləyir, yuxuda kinolar çəkir, götür-qoy edir. Mənim indi yaşımın o dövrüdür ki, götür-qoy etməliyəm"

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Elxan Qasımov bildirib.

O daha sonra əlavə edib. "O vaxt "Biz qayıdacağıq" filmini çəkəndə müharibə yox idi, zəfər elan olunmamışdı. Mən o filmdə vətənin bəzi problemlərini qaldırırdım ki, dövlətimizə, prezidentimizə kömək olsun. İndi artıq qalib xalqıq. Müharibə haqda çəkilən filmlərin əksəriyyəti müharibədən çox illər sonra yaranır. Bir az oturub düşünürsən, götür-qoy edirsən. İndi qəhrəmanlar bizim yanımızdadır, sağdırlar, onların bir-birlərinə olan münasibəti başqa cürdür. Yüksək rütbəli zabitləri işdən çıxarırlar, kadrların yerini dəyişdirirlər, bəzən tərif yazırlar, bəzən tənqid. Dəqiq olmayan bir şeyi bədii filmə köçürmək çətindir. Bədii film təkcə atışma səhnələri ilə kifayətlənməməlidir. Mən istərdim ki, filmlərimiz bu mövzuda layiqincə təbliğ olunsun" deyə əməkdar artist bildirib.

Elxan Qasımov yeni çəkilən filmləri tənqid edənlərdən də danışıb.

"Son vaxtlar bir şeydən narazıyam ki, yerli-yersiz düşüblər Azərbaycan kinosunun üstünə. Bəzən elə haqsız tənqidlər görürəm ki. Deyirlər ki, Azərbaycanda bu gün kino çəkilmir. Amma mən deyərdim ki, həddindən artıq çox film çəkilir. Bu işdə televiziyalar da artıq maraqlıdırlar. Həmin insanlar gedib heç bir filmi kinoteatrda izləmir, yalnız tənqid etməklə kifayətlənirlər. O gün biri deyir ki, prezident kinoya bu qədər pul ayırıb, bu pul hara gedir?! Nə qədər ki, Azərbaycanda bir nəfər də olsa belə əsl azərbaycanlı rejissor yaşayırsa Azərbaycan kinosu ölməyəcək. Tənqid acı olmamalıdır. Bu gün mən kino çəkmirəm, amma hər zaman kinostudiyadayam. Gənclərə məsləhət verib, tövsiyyələr edirəm. 58 ildir ki, kino sahəsindəyəm, məni ondan yalnız ölüm ayıra bilər. Mən Elxan Qasımov, bir yaşlı sənətkar kimi kinomuzdan tam da razı deyiləm. Təbii ki, hər çəkilən filmi bəyənmirəm. O gün bir filmə baxdım, amma bəyənmədim. Məndən soruşsalar ki, ən asan sənət hansıdır? Düşünmədən deyərəm ki, rejissorluq. Çünki hamı adının qarşısında rejissor yazır. Rejissor yazanda ona demirlər ki, get sənəd gətir. Polkovnik desə, gərək onun rütbəsi, haradasa sərəncamı olmalıdır. Deyirəm ay bala nə yazmısan? Deyir mənim iki klipim var! İki klipi olan özünə ssenarist deyir, o vaxt yazıçılar özlərinə ssenarist deməyə utanırdılar. Deyirdilər ki, bizə bir ssenarist də verin, kömək etsin. Bu problemlər də tədricən öz həllini tapacaq" deyə sənətkar bildirib.

Milli.Az


Etiketlər:  Yerli yersiz düşüblər Azərbaycan kinosunun üstünə Əməkdar artist


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ