Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: Bu il azad edilmiş torpaqlarda 5 su elektrik stansiyasının inşaatının tamamlanması nəzərdə tutulur

Prezident İlham Əliyev: Bu il azad edilmiş torpaqlarda 5 su elektrik stansiyasının inşaatının tamamlanması nəzərdə tutulur

Tarix: 11 Fevral 2022 12:45

Bu il azad edilmiş torpaqlarda 5 su elektrik stansiyasının inşası və artıq inşaatının tamamlanması nəzərdə tutulur.

Sonxeber.net xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Əgər neft-qaz sahəsində uğurlu siyasətimiz aparılmasaydı və tərəfdaşlar bizə inanmasaydılar, o cümlədən Azərbaycanın gələcəyinə inanmasaydılar, bu qədər böyük xarici sərmayə qoymazdılar. Ona görə bu gün bərpaolunan enerji növlərinin tam işə salınması istiqamətində çox ciddi iş gedir və bu işin nəticələrini biz görürük. Nədə görürük? İlk növbədə onda ki, xarici firmalar, böyük şirkətlər bu sahəyə investisiya qoyurlar. Keçən ay bu sahədə ən böyük şirkətlərdən biri - "Acwa Power" və Azərbaycan arasında imzalanmış kontrakt əsasında təməlqoyma mərasimi keçirildi, 240 meqavatlıq külək elektrik stansiyası gələn il istifadəyə verilməlidr. Hazırda bp şirkəti ilə Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik olan günəş elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. Birləşmiş Ərəb Əmirliyinin Mazdar şirkəti ilə danışıqlar gedir günəş elektrik stansiyasının inşası ilə bağlı, hər iki layihə haradasa 400-450 meqavat gücündədir. Üstəlik 240 meqavat qeyd etdiyim kimi "Acwa Power", ondan sonra Xudafərin və Qız qalası su anbarlarında İranla bərabər 280 meqavatlıq elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. O gücün yarısı bizə çatacaq, bu da əlavə 140 meqavat təşkil edəcək. Azərenerjinin özünün 50 meqavatlı külək elektrik stansiyası var, ondan sonra azad edilmiş torpaqlarda keçən il Güləbird, Suqovuşan-1, Suqovuşan-2, Kəlbəcərdə Lev çayı üzərində 4 su elektrik stansiyası yenidən quruldu və bu il azad edilmiş torpaqlarda 5 su elektrik stansiyasının inşası və artıq inşaatının tamamlanması nəzərdə tutulur. Orada da haradasa 25-30 meqavat gücündə bu stansiyalar olacaq və əlavə azad edilmiş torpaqlarda 30-a yaxın ermənilər tərəfindən dağıdılmış su elektrik stansiyalarının tikintisi mümkündür və olacaqdır və mən fürsətdən istifadə edərək, yerli və xarici investorları bu sahəyə dəvət etmək istəyirəm. Çünki dövlət onsuz da bu işləri görəcək və görür. Amma yaxşı olardı ki, özəl şirkətlər də bu sahəyə investisiya qoysunlar və əlbəttə ki, bizim böyük potensialımız Kəlbəcər-Laçın zonasındadır və digər azad edilmiş torpaqlarda. Mən bu rəqəmləri gətirmişdim 9 min meqavatdan çox təsdiq edilmiş enerji potensialı var, günəş və külək stansiyalarını nəzərə alaraq və ən böyük bizim potensialımız Xəzər dənizindədir və təsadüfi deyil ki, hal-hazırda dünyanın aparıcı enerji şirkətləri Xəzər dənizinə çox böyük diqqət yetirirlər, bizə artıq təkliflər gəlməyə başlamışdır. Xəzər dənizinin bərpa olunan enerji istehsalı ilə bağlı potensial 150 min meqavatdan çoxdur. Ona görə bütün bu işləri biz düzgün planlaşdırmalıyıq. Daxili tələbatı təbii ki, ödəmisik, ödəyəcəyik, ixracla bağlı öz fəaliyyətimizi genişləndirməliyik, yeni ixrac bazarlarına çıxmalıyıq. Bizim bütün dörd qonşu ölkə ilə dediyim kimi, enerji bağlantıları var, yeni bir layihə üzərində biz indi işləyirik. Zəngəzur dəhlizi üzərindən Azərbaycandan Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyəyə və İrana yeni xəttin çəkilişi indi artıq planlarımızdadır və mən demişdim ki, Zəngəzur dəhlizi təkcə dəmir yolu, avtomobil yolu, hava nəqliyyatlı üçün deyil, eyni zamanda, enerji növlərinin bu dəhliz üzərindən ixrac edilməsi ilə bağlı Zəngəzur dəhlizi öz rolunu oynayacaq və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasını elektrik enerjisi ilə təmin etmək üçün və oradan xarici bazarlara çıxmaq üçün və Türkiyədən sonra Avropaya çıxmaq üçün yeni bir xəttimiz olacaq. Bir xətt Gürcüstan-Türkiyə üzərindən keçir və ikinci xətt oradan keçməlidir. Bunun üzərində biz işləyirik və artan ixracımız həm önəmimizi artıracaq, geosiyasi önəmimizi artıracaq, eyni zamanda, bizə əlavə valyuta gətirəcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, elektrik enerjisindən də valyuta qazanacağıq və ölkəmiz daha da firavan yaşayacaq. Ona görə bütün bu layihələr bizim planlarımızdadır. Bugünkü açılış mərasimi bir daha gücümüzü göstərir, iradəmizi göstərir. Onu göstərir ki, qarşımızda duran bütün vəzifələri biz uğurla icra edirik".


Etiketlər:  Prezident İlham Əliyev azad edilmiş torpaqlarda elektrik stansiyasının inşaatının tamamlanması nəzərdə tutulur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ