Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2022 23:18
İndi demək olar ki, hər aptekdə yeni növ koronavirus (COVID-19) testi götürmək üçün ekspress testə rast gəlmək olar. Həmin testlər vasitəsilə xəstəxanaya getmədən evdə virusa yoluxub-yoluxmamağı öyrənmək mümkündür. Ekspress testlər həm ucuz, həm də istifadəsi asan olduğuna görə bəzən infeksiyaya yoluxanlar PZR testi vermir və ondan istifadə edirlər.
Sonxeber.net xəbər verir ki, Tibbi Ərazi İdarələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndəsi Elnarə Baxış deyib: "Sınaq zamanı məlum olub ki, həmin testlər virus yükü aşağı olan, yeni yoluxmuş və sağalma mərhələsində olanlarda neqativ çıxır. Kəskin qızdırmalı, aktiv xəstələrdə isə nəticə pozitiv ola bilər. Ona görə də həmin testlərin istifadəsindən imtina edilib. Hazırda ölkəmizdə COVID-19-un təsdiqləyici testi kimi PZR testləri qəbul edilib, çünki həmin testlər Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən COVID-19-u aşkarlayan ən yüksək keyfiyyətli test kimi qiymətləndirilir".
Ev şəraitində ekspress testlərdən istifadə edilməsinə dair hər hansı qadağa qoyulmayıb. Bu, hər kəsin istəyindən asılıdır. Mütəxəssislər bildirirlər ki, ekspress testlərin effektivliyi PZR testlərlə müqayisədə zəifdir.
Mərkəzi Gömrük Hospitalının Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev bu barədə deyib: "Ekspress testlər hazırda apteklərdə və digər məntəqələrdə mövcuddur. Lakin beynəlxalq tələblərə görə, testlərin pozitivliyi və dürüst nəticələr 75 faizdən az olmamalıdır. Təəssüf ki, yeni ştamların yayıldığı şəraitdə ekspress testlərlə aparılan müayinələr zamanı həmin rəqəmlər 50, hətta 40 faizə düşə bilər. Ona görə ekspress testin nəticələrinə o qədər də doğru qəbul olunmur".
Koronavirusu aşkar etmək üçün müxtəlif üsullar olsa da, ən effektiv yol PZR testidir. Bu test üsulu həm dəqiqdir, həm də yeni ştamları müəyyən etmək qabiliyyətinə malikdir.