Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının ən məşhur məscidini tikən baş memar - Zivər bəy Əhmədbəyov - FOTO

Bakının ən məşhur məscidini tikən baş memar - Zivər bəy Əhmədbəyov - FOTO

Tarix: 16 Fevral 2022 22:04

Bu gün Zivər bəy Əhmədbəyovun anım günüdür

Bu gün Azərbaycanın ilk ali təhsilli memarı olan Zivər bəy Əhmədbəyovun anım günüdür.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, vəfatından 97 il ötən Zivər bəy Əhmədbəyovun yaratdığı bənzərsiz memarlıq abidələri bu gün də şəhərimizin ən gözəl tikililəri kimi göz oxşayır.

Bakının qədim memarlıq abidələri dünyanın bir çox şəhərlərinin arxitektura nümunələri ilə bəhsə girə bilər. Böyük bir tarixi dövrü yaşadan bu sənət inciləri əsas etibarilə ecazkar şərq elementləri əsasında, dünyanın ən qabaqcıl məktəblərinin təcrübəsindən yararlanaraq meydana gəlib. Belə gözəl əsərlərdən bir neçəsinin müəllifi də dövrünün görkəmli ziyalılarından sayılan Zivər bəy Əhmədbəyov olub. Onun yaratdığı bənzərsiz memarlıq abidələri mədəni irsimizə əvəzsiz töhfələr bəxş edib. Zivər bəy Gəraybəy oğlu Əhmədbəyov 1873-cü ildə mayın 25-də Şamaxı şəhərində qulluqçu ailəsində doğulub. Onun atası Şamaxıda quberniya idarəsində kiçik məmur vəzifəsində işləyib. Atası ilk əvvəl Zivər bəyi molla məktəbinə qoymuş, sonra isə Bakıya gimnaziyaya oxumağa göndərmişdi. Gimnaziyanın istedadlı tələbələrindən biri kimi tanınan Zivər bəy 1893-cü ildə əlaçı tələbə kimi Sankt-Peterburq Mülki Mühəndislər İnstitutuna göndəriş alır. Bu məktəb həmin dövrün zəngin uşaqlarının oxuduğu təhsil ocağı hesab olunurdu.

Azərbaycanın ilk ali təhsilli memarı olan Zivər bəy Əhmədbəyov 1902-ci ildə I Nikolay adına Peterburq mülki mühəndislər institutunu bitirdikdən sonra Bakı Quberniya idarəsinin texniki kimi fəaliyyət göstərib. 1918-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ildən isə Bakı şəhərinin baş memarı təyin edilib. Zivər bəyin layihəsi üzrə 1905-1914-cü illərdə Bakıda "Təzəpir" məscidi, 1912-1913-cü illərdə "Səadət " məktəbi, həmin illərdə "İttifaq" məscidi, 1898-1902-ci illərdə Göyçayda Əbülfəzlil Əbbas məscidi, 1908 -ci ildə Əmircanda Murtuza Muxtarov məscidinin binaları, yaşayış evləri və digər tikililər inşa edilib.

Azərbaycanlı memarın Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınıb.

Z.Əhmədbəyov öz layihələrində Qərbi Avropa və Şərq memarlıq ənənələrini böyük məharətlə birləşdirirdi. O dövrdə Bakının tanınmış simalarından olan Nabat Aşurbəyova Bakı şəhərində tikdirdiyi Təzəpir məscidinin inşasında ali təhsilli azərbaycanlı memar kimi Zivər bəy Əhmədbəyovun xidmətlərindən istifadə edib. Sonrakı illərdə isə Nabat xanım Zivər bəyə xeyli vəsait verərək, məşhur məscidlərin memarlığını öyrənmək üçün onu Şərq ölkələrinə ezam edib.

Səyahətdən sonra Zivər bəy ona arzuladığı hündür ikimərtəbəli (yaruslu) minarəsi olan yaraşıqlı məscidin layihəsini təqdim edir. Lakin Bakı qubernator idarəsi minarənin ancaq bir mərtəbəsinin tikilməsinə icazə verib. Deyilənə görə, əgər məscidin minarəsi ikimərtəbəli olsaydı, öz hündürlüyü və yaraşığına görə elə həmin dövrdə (1897-ci il) və yaxınlıqda tikilmiş Aleksandr Nevski pravoslav kilsəsini kölgədə qoyardı.

Dövrünün tanınmış xeyriyyəçilərindən sayılan Əjdər bəy Aşurbəyov Bakıda daha bir ibadət məkanı tikmək fikrinə düşür. Bunun üçün məqsədəuyğun yer axtarılır. Nəhayət ki, o zaman Qanlı təpə adlanan ərazini bəyənir və məscidin orada inşa edilməsini istəyir.

Beləliklə, tanınmış memar, Təzəpir məscidi və digər nadir memarlıq abidələrində iz qoyan Zivər bəy Əhmədbəyova yeni məscidin layihəsi sifariş verilir. İstedadlı memar Məkkədəki müqəddəs Kəbə evinin, Kərbəla məscidinin elementlərini özündə əks etdirən bir layihə hazırlayır. Əjdər bəy bu maraqlı layihəni bəyənərək tikintiyə başlamaq barədə tapşırıq verir. Nadir memarlıq abidəsi kimi tanınan Əjdər bəy məscidi də belə tikilir.

Z.Əhmədbəyov 1917-ci ildə "İslam mədəniyyət abidələrini qoruyan", 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan "Yeni Şirvan" cəmiyyətlərini yaradır.

2011-ci ildə Bakıda metronun "Nizami" stansiyasının qarşısında Zivər bəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub. İstedadlı memarın heykəlinin məhz burada ucaldılması da təsadüfi deyil. Çünki metro stansiyasının sol tərəfində tikilən binanın müəllifi Z.Əhmədbəyovdur. Metronun qarşısından keçən küçə də Z.Əhmədbəyovun adını daşıyır.

Görkəmli azərbaycanlı memar Zivər bəy Əhmədbəyov 1925-ci il fevralın 16-da Bakıda vəfat edib.


Etiketlər:  Bakının məşhur məscidini tikən baş memar Zivər bəy Əhmədbəyov FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ