Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Fevral 2022 19:38
Hər il olduğu kimi bu qış mövsümü də Azərbaycanda dəm qazından ölümlərlə müşaiyət olunmaqdadır. İysiz, rəngsiz bu məkrli qatil hər il ölkədə onlarla, hətta yüzlərlə can alır, onun qurbanları arasında bəzən bir ailənin bütün üzvləri olur. Elə ötən gün Qusarda bir ailənin 5 üzvü-ata, ana və onların 3 azyaşlı uşaqları dəm qazından boğularaq öldü. Bundan əvvəl Gəncədə bir ailənin 3 üzvü, Bərdədə ana və oğlu, Xaçmazda ana və qızı bu ucuz ölümün qurbanı olmuşdu. İllərdir aparılan maarifləndirmə tədbirlərinə, xəbərdarlıqlara baxmayaraq dəm qazı hər il ev yıxmaqda, faciələr törətməkdə davam edir.
Qeyd edək ki, dəm qazından boğulmalarla bağlı xəbərləri izləyəndə belə faciələrin böyük əksəriyyətinin hamamda baş verdiyi bəlli olur. Dəm qazının yaranmasına səbəb isə hamamda düzgün quraşdırılmayan, bir çox hallarda təhlükəsizlik standartlarına cavab verməyən su qızdırıcılarıdır.
Satıcılar bildiriblər ki, günah avadanlıqda deyil, onu düzgün quraşdırmayanlardadır. Çünki bir çoxları bu işi peşəkarlara həvalə etmək əvəzinə özfəaliyyətlə məşğul olur, YouTube-dən videoları izləyib qızdırıcıları quraşdırmağa girişir.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, el arasında "Vasmoy bazar" kimi tanınan Nizami rayonu, 8-ci kilometr qəsəbəsindəki bazarda Çin, Türkiyə, Rusiya, Almaniya, İtaliya, Polşa istehsalı olan (hər halda satıcılar malları belə çeşidləyirdilər) su qızdırıcıları satışdadır. Satıcılar deyirlər ki, Çin, Rusiya, Türkiyə malları digərlərindən nisbətən ucuz olduğundan yaxşı satılır. Amma istənilən halda soba və ya su qızdırıcı düzgün quraşdırılmazsa dəm qazının yaranma ehtimalı artır.
Bazarda Çin istehsallı su qızdırıcıların qiyməti tutumuna görə 85-100 manat arasında dəyişir. Rusiya, Türkiyə, Polşa, İtaliya, Almaniya istehsalı olan su qızdırıcılarının qiyməti 120-300 manat arasıdır. Satıcılardan biri deyir ki, məsələn, Rusiya istehsallı qızdırıcılar Çin malından cəmi 15-20 manat bahadır, amma daha təhlükəsizdir.
"Dünən birinə Almaniya istehsallı qızdırıcı satdım. Axşam gəlib ki, işləmir. Burda işə saldıq, işlədi. Məlum oldu ki, adam qaz və su xəttinin yerini ayırd etməyi belə bacarmır, avadanlığı quraşdırmaq üçün usta çağırmaq əvəzinə özü bu işlə məşğul olub", - satıcı danışıb.
Digər satıcı isə deyir ki, indi YouTube videolarına baxıb su qızdırıcısı quraşdırırlar. Halbuki qızdırıcının quraşdırılması üçün yeri düzgün seçilməlidir. Quraşdırılandan sonra qaz sızıntısının olub-olmadığına baxmaq lazımdır. Qızdırıcını hamamın içində quraşdırmaqdan mümkün qədər qaçmaq , onu yaxşı havalandırılan məkanda quraşdırmaq lazımdır. Əgər qızdırıcını hamamın içində quraşdırmaq yeganə variantdırsa bu zaman havalandırma yaradılmalıdır-qapının alt hissəsindən deşiklər açmaqla və nəfəslik qoymaqla.
Rəşad adlı satıcı isə and-aman edib ki, indi rayonlarda kustar üsulu ilə hazırlanan sobalar satılır, zəhərlənmələrin çoxu da su qızdırıcılarından deyil, həmin sobalardan olur. Bununla yanaşı, köhnə su qızdırıcılarını təmir edib, ikinci əl malı kimi satışa çıxaranlar da çoxdur: "Dəfələrlə bizim özümüzə də təklif ediblər. Bazarda satanlar olur, köhnə su qızdırıcısının bir-iki detalını dəyişirlər, yarı qiymətinə satırlar. Alan da var. Kasıb adamdı, Polşa istehsallı firma malına 260 manat verincə, guya yaxşı vəziyyətdə olan köhnəsinə 50-60 manat verir. Alıcını keyfiyyət deyil, qiymət maraqlandırır".
Satıcılar etiraf edirlər ki, istilik sistemləri bazarında alıcıları aldatmaq asandır. Baxmayaraq ki, indi çoxu istilik sistemlərindən məlumatlıdır. Məsələn, keyfiyyətsiz, saxta malları digərlərindən ayırd etmək çətindir.
"Çin istehsallı su qızdırıcıların hamısı keyfiyyətsiz deyil. Rusiya, yaxud Türkiyədən gətirilən qızdırıcılar arasında da keyfiyyətsiz mala rast gəlirik"- bunu isə bazarın girəcəyindəki mağazanın satıcısı deyir.
Satıcı bizə məsləhət görür ki, 240 manat qiymətində, kombidən fərqlənməyən qızdırıcını alaq, bu qızdırıcıların mühafizə sistemi daha çoxdur.
"Bu qızdırıcı kombidən çox da fərqlənmir. Amma qızdırıcıları elə quraşdırmaq lazımdır ki, tüstü tamamilə bayıra ötürülsün. Tüstü bacasının boruları damın üstündən yarım metr hündürlükdə qoyulmalıdır. Qapının aşağısında isə deşiklər açılmalıdır. Yoxsa nə qədər keyfiyyətli qızdırıcı olsa da, zəhərlənmə baş verə bilər", - o deyir.
Satıcılar deyirlər ki, qazın təzyiqi aşağı olanda su qızdırıcıları işə düşmür, buna görə də çox vaxt avadanlığa kənar müdaxilələr edirlər. Bu da dəm qazının yaranmasına səbəb olur. Buna görə də faciənin baş verməsini təkcə su qızdırıcıları ilə əlaqələndirmək olmaz. Zaur adlı satıcı məsləhət görür ki, hər servis xidmətinə, elan saytlarına etibar etməyək. Çünki ustaların peşəkarlığını yoxlayan yoxdur, hərə əlinə bir alət çantası alıb özünü usta hesab edir.
Satışda mənzildə karbon-dioksidin səviyyəsini göstərən xüsusi cihazlar da var. Məsələn, baca-qaz testləri, siqnalizasiyalar o qədər də baha hesab edilmir. Lakin alıcısı azdır, çoxları bu avadanlıqlara əlavə pul ödəmək istəmir. Satıcılar onu da deyirlər ki, hamı qızdırıcının keyfiyyətindən danışır, amma məsələn, dəm qazı zəhərlənməsi ilə bağlı aparılan cinayət işinin nəticəsi bəlli olmur. Nəticədə hadisənin malın keyfiyyətsizliyinə, yoxsa qızdırıcının səhv quraşdırıldığına görə baş verdiyi aydınlaşmır. Və dəm qazı zəhərlənmələri də yol qəzaları kimi adiləşir...