Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Amaliya xanım qucaqlayanda danışa bilmirdim, dilim topuq vururdu...”

“Amaliya xanım qucaqlayanda danışa bilmirdim, dilim topuq vururdu...”

Tarix: 8 Mart 2022 14:24

Sonxeber.net xəbər verir ki, tanınmış aktyor, "Babək" filmində Buğday obrazının ifaçısı Məhəmməd Verdizadə Moderator.az-ın suallarını cavablandırıb.
 
- Məhəmməd bəy, hal-hazırda harada çalışırsınız və hansı ekran işlərində rol alırsınız?
- Hal-hazırda Rövşən İsaxın rejissoru olduğu "Yuxu kimi" serialında çəkilirəm. Mən həm də Teatr Xadimləri İttifaqında aktyor sənəti labaratoriyasının rəhbəriyəm, orada da biz festivala hazırlaşırıq. Bu festivala Əziz Nesinin "Bir qadının dueti" tamaşası ilə qatılacağıq. Tamaşanı mart ayının 7-də nümayiş etdirəcəyik. Səhnə əsərində rolları aktrisalar Rada Nəsibova və Günel Həmidova oynayırlar.
 
- Müasir dövrlə ayaqlaşmaq, seriallarda çəkilmək sizə necə təsir bağışlayır?
 
- Bütün dövrlərdə insan özünü həmin dövrlə həmahəng aparmaq, ayaqlaşmaq istəyir. Aktyor da yaşa dolduqca təbii ki, özünə uyğun olan rollar axtarır. Təəssüf ki, biz həmişə buna nail olmuruq. Hərhalda aktyor oynamadığı rolları gözləyir. O ki, qaldı seriala... Serial yeni bir janrdır. Orada mənim fikrimcə aktyor oyunu kinodan və teatrdan tamamilə fərqlidir. Azərbaycanda seriallar da incəsənətin digər növləri kimi başqa ölkələrdəkindən fərqlənir. Biz artıq özümüzə və cibimizə uyğun seriallar çəkirik. Nəticəsi də göz önündədir. Bizdə serialın tədrisi yoxdur. Sadəcə aktyor öz təcrübəsindən istifadə edib, oynayır.
 
- Səhv etmirəmsə Rövşən İsaxla universitet illərindən tanışsınız. İstərdim bu haqda da bizə məlumat verəsiniz.
- Mən uzun müddət Rusiyada yaşamışam və orada çəkilmişəm. Azərbaycana qayıdandan sonra 2-3 teatra müraciət etdim ki, məni aktyor ştatınıza götürün, amma götürmədilər. İndiyə qədər də işsizəm, Teatr Xadimləri İttifaqındakı o kiçik maaşı, 300-ü nəzərə almasaq mən işsiz sayılıram. Hətta İncəsənət Universitetinə də, Fərəh xanıma 4 dəfə müraciət etsəm də, söz verdi, amma məni pedaqoq kimi işlə təmin etmədi. Mən 1980-1990 cı illər arasında Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olurdum, Rövşən də o vaxtlar universitetdə aktyor sənəti fakültəsində oxuyurdu. Onların müəllimi Nəsir Sadıqzadə olsa da mən də dərs deyirdim. Mən Moskvadan gələndən sonra o mənə bu rolu təklif etdi və məmnuniyyətlə razılıq verdim. Obrazımı çox bəyənirəm, ümidlərimi doğruldur. "Yuxu kimi" Azərbaycanda bu gün ən reytinqli serialdır. Fikir vermisinizsə 5-ci gün axşam şəhərdə maşın səsləri azalır, hamı bu serialı gözləyir. Mən tamaşaçıların da küçədə, restoranlarda, bir çox yerlərdə yaxınlaşıb serial haqda mənə xoş söz deməklərinin şahidi oluram. Onlar məndən hadisələrin gələcək inkişaf xəttini də soruşurlar. Güman edirəm ki, Rövşənlə gələcəkdə də bir çox serial və filmlər üzərində çalışacağıq.
 
- Məhəmməd müəllim, niyə hələ də fəxri adınız yoxdur?
- Bu çox maraqlı sualdır. Mən Rusiyadan vətənə 2016-cı ildə qayıtmışam. Orada olanda iki ən böyük seriallara "Lesnik" və "Yasmin" ə çəkilmişəm. Bunlardan öncə də Eldar Quliyevin rejissoru olduğu "Təxribat" və "Babək" filmlərində baş rolları canlandırmışam. Son illərdə də bir neçə serialda çəkilmişəm. Nəinki mənim, heç Rövşən İsaxın da fəxri adı yoxdur. O neçə illərdir gözəl seriallar çəkir, bütün Azərbaycan tamaşaçısı onun ekran işlərini bəyənir. Fəxri adı verən Mədəniyyət Nazirliyidir, onlar da yəqin ki, serialı sənət saymırlar. Fəxri ad almaq üçün gərək dövlətin teatrında çalışasan, kino üzrə ümumiyyətlə ad verilmir. Kino, serial onlar üçün sənət sayılmır. Nəinki mən, aktyorlar tanıyıram ki, 20-30 serialda çəkiliblər, məhz o seriallara görə onlara fəxri ad vermək olardı amma verməyiblər. Eşitmişəm ki, fəxri adların verilməsi ilə bağlı gizli komissiya yaradıblar. Bu nə komissiyadır? Dünya praktikasında aktyorun hansısa filmdə yaxud tamaşada obrazına görə fəxri ad verilir. Çox işlədiyinə, yaşına görə sənətçiyə fəxri ad verilmir. Amma bizdə əksinədir. 50 ildir teatrda işləyir, heç bir şey etməyən adama deyirlər ki, gəlin bir ad verək. Gizli komissiya nə deməkdir? Ona kim səs verəəck? Niyə gizlidir axı?! Burada velosipedi ikinci dəfə kəşf etmək lazım deyil, dünyada necədirsə biz də onlarla ayaqlaşmalıyıq. Bizdə mədəniyyətimizin başında duranlar özlərindən elə şeylər kəşf edirlər ki, adam heç cavabını tapmır. Buyurub qiymətləndirsinlər. Düzdü fəxri ad aktyor üçün stimuldur, gələcəyə yeni bir uğurdur. Bu sualın cavabını fəxri adı verəndən soruşmaq lazımdır ki, niyə Məhəmmədə, Rövşən İsaxa, başqa qeyri insanlara heç olmasa quru bir fəxri ad vermirsiniz? O vaxt "Babək" filminə çəkiləndən sonra mənə "Əməkdar artist" fəxri adı verəcəkdilər.  Ulu öndər Heydər Əliyev tapşırmışdı ki, bütün baş rolları oynayan aktyorlara fəxri adlar verilsin. Mənim adım gələndə demişdilər ki, o tələbədir. Ona görə də mənə ad vermədilər. 
 
- "Babək" filmində Buğdan obrazına çəkilmisiniz. Bu filmlə bağlı hansı xatirələriniz var?
- Filmlə bağlı xatirələrim çoxdur. Bir şeyə təəssüflənirəm ki, vaxta görə bir çox səhnələr filmə düşməyib. Mən filmdə çəkiləndə 3-cü kursda oxuyurdum. Rasim Balayev, Səməndər Rzayev, Amaliya Pənahova, Şahmar Ələkbərov, Həsən Turabov və s. sənətkarlarla birlikdə çəkilməyimin özü mənim üçün bir xatirədir. O dövrdə yalnız onlara oxşamağı düşünürdüm. Hamı bu gün soruşur ki, niyə çəkilmirsiniz? Niyə sizi çəkmirlər? Mən onların cavabını belə verirəm ki, kim çəksin?! O dahi rejissorlar artıq yoxdur. 2 ay hardasa kurs keçən özünə rejissor deyir. Gəl ki, Rasim Ocaqovun, Eldar Quliyevin kim olduğunu bilmir. Heç aktyorları da tanımırlar. Savadsız insanlar basıb bizim kino aləmimizi.
 
- Filmə çəkiləndə kompleks yaşadınız?
 
- Əlbəttə ki, kompleks yaşamışam. Filmdə ilk sözlü çəkilişim pərdənin arxasından çıxanda Amaliya xanımın məni qucaqlaması səhnəsi idi. Amaliya xanım məni qucaqlayanda danışa bilmirdim, dilim topuq vururdu. Eldar müəllim dedi ki, fasilə verin, iki-üç dəfə "mandraja" düşsün. Daha sonra aktyorlarla dostlaşdıqdan sonra yavaş-yavaş komplekslərdən azad olurdum.


Etiketlər:  Amaliya xanım qucaqlayanda danışa bilmirdim dilim topuq vururdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ