Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2022 23:56
Uzun illər idi ki, Kipr, Bolqarıstan və Malta kimi, AFR də bütün dünyadan olan iri özəl investorlara Avropa İttifaqının pasportlarını satırdı. Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Berlin həmin investorların ölkə iqtisadiyyatına böyük məbləğdə sərmayə qoyması müqabilində onlara əvvəlcə AFR-də yaşamaq üçün sənəd (müvəqqəti pasport), sonra isə sadələşdirilmiş prosedur üzrə Almaniya vətəndaşlığı verirdi. Bu proqram öz pullarını Almaniyada daşınmaz əmlaka, şirkətlərə sərmayə kimi yatırmağı və ya AFR-də bank depozitinə qoymağı arzu edən investorların cəlb edilməsi mexanizmi kimi düşünülmüşdü. Nəticədə üçüncü ölkələrin imkanlı vətəndaşları ümumavropa vətəndaşlığı və müvafiq olaraq, ümumavropa pasportu alırdılar.
Ancaq, görünür, əli təmiz olmayan sahibkarlar üçün bu sərbəstliyin sonu yetişir. Bu, heç də Ukrayna ətrafında münaqişə ilə əlaqədar qərb cəmiyyətinin sanksiyalar paketinin bir hissəsi deyil. Almaniyanın VIP-pasportları satışının dayandırılması haqqında qərar həmin münaqişənin kəskinləşməsinə qədər qəbul edilib. Məsələnin "qəlizliyi" ondan ibarətdir ki, Avropa İttifaqının üzvü olan dövlət öz vətəndaşlığını satanda, o, Avropa İttifaqının vətəndaşlığını, yəni ümumi vətəndaşlığı da satmış olur. Beləliklə, həmin dövlət Avropa İttifaqının üzvü olan başqa dövlətlərin icazəsini soruşmadan ona əsla aid olmayan nə isə ümumi bir hüququ satmış olur. Belə təcrübə yaxın vaxtlarda Avropa Komissiyasının etirazına səbəb olub və Avropa Komissiyası belə adlandırılan "VİP-pasportlar" verilməsinə son qoymağı tələb edib.
İndi qalmaqallı "investisiyalar müqabilində vətəndaşlıq" proqramı sona yaxınlaşır. Bu günlərdə Bundestaq müvafiq qanuna həmin proqramın dayandırılması barədə düzəlişi birinci oxunuşda qəbul edib.