Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2022 10:36
Ukraynada yaşayan və bu ölkəyə səfər edən Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir. Müharibə səbəbindən Ukraynadan çıxarılan vətəndaşlarımız yaxın ölkələrə təxliyə edilir, daha sonra Azərbaycana gətirilir. İndiyədək 5 mindən çox azərbaycanlının təxliyəsi həyata keçirilib.
Qızğın döyüşlərin getdiyi Ukraynadan təxliyə edilən soydaşlarımızdan biri də Həsənağa Qasımdır. O, Ukraynaya həyat yoldaşı ilə birlikdə müalicə almaq üçün gedibmiş.
Sonxeber.net xəbər verir ki, bu barədə modern.az-a danışan soydaşımız Ukraynada dəhşətli anlar yaşadıqlarını söyləyib:
"Təsəvvür edin ki, çölə çıxa bilmirsən, evdə qalmaq da təhlükəlidir. 7 gün ərzində müalicə müddətimiz yekunlaşdı, müharibə başlayan gün biz Ukraynadan çıxmalı idik. Müharibə başladı və biz qalmalı olduq. Dəhşətli anlar yaşadıq. Müharibə dəhşətləri haqqında kitab yazıram. Gözləmədiyimiz situasiya ilə üzləşdik".
Həsənağa Qasım özündən daha çox ailəsinə görə narahat olduğunu vurğulayıb:
"İnsan özündən çox onu sevənlərin narahat olmasına üzülür. Qızım, dostlarım, hər kəs çox narahat idi. Bombalar, raketlər başımızın üstündə uçuşurdu, biz isə sərhədi keçməyə çalışırdıq. Özəl taksilər çalışmırdı, ölkədə benzin yox idi. Kömək üçün səfirliyə müraciət etdik. Biz Emiratda qaldığımız üçün səfirliklər bizimlə əlaqə saxladı. Köməyə ehtiyacı olan hər kəsi qəbul edə biləcəklərini dedilər. Bir sözlə, müharibə dəhşətlidir. Onu sözlə ifadə etmək çox çətindir".
Qeyd edək ki, Ukraynadakı vəziyyətlə əlaqədar olaraq, bu ölkədən indiyədək 5000-dən çox vətəndaşımız və onların ailə üzvləri Azərbaycana təxliyə olunub. Bu vaxta qədər Rumıniyanın Buxarest və Yassi, Polşanın Katoviçe şəhərlərinə 12 çarter reysi və çoxlu sayda avtobus reysləri təşkil olunub.
Azərbaycan XİN-dən bildirilib ki, Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədən həmsərhəd ölkələrə üz tutmuş Azərbaycan vətəndaşları və onların digər ölkələrin vətəndaşları olan ailə üzvlərinin Azərbaycana təxliyə olunması istiqamətində davamlı tədbirlər görülür.