Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda buraxılış imtahanları: çoxsaylı narazılıqlar eşidilir

Azərbaycanda buraxılış imtahanları: çoxsaylı narazılıqlar eşidilir

Tarix: 15 Mart 2022 21:48

Dövlət İmtahan Mərkəzinin tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 5-i və 6-sı keçirdiyi buraxılış imtahanlarında suallar çətin, ayın 12- də keçirilən imtahanlarda isə olduqca asan olub. Bu kəskin ziddiyyət barədə qənaət hər iki imtahanlarda iştirak edən çoxsaylı abituriyentlərdən topladığımız rəylərə əsasən formalaşıb. Suallar arasında səviyyə fərqinin isə balların hesablanması zamanı martın 12-də keçirilmiş imtahanda iştirak edən abituriyentlərin xeyrinə  ən azı 80-100 bal fərqi yaradacağı təxmin edilir.

Söhbətləşdiyimiz çoxsaylı abituriyentlər deyirlər ki, onların həmkarları WatsApp qruplarında martın 6-da və 12-də keçirilmiş imtahanlarda suallar arasında kəskin səviyyə fərqinin olduğunu yazırlar. Eləcə də sualların sosial şəbəkələrə sızdırılmış qismindən də bu fərqin olduğu görünür. Belə ki, martın 12-də keçirilən imtahanda bütün fənlərdən suallar əvvəlki imtahana nisbətən olduqca sadə imiş. (İmtahan sualları rəsmən açıqlanmadığı üçün redaksiya bu nümunələri təqdim etmir, - red.)

Arxa sıralarda oturanlar səsi yaxşı eşitməyib

Abituriyentlərin narazılıqları bununla yekunlaşmır. Onlar imtahanların təşkilindən də narazılıq edirlər. Əksər məktəblərdə imtahan prosesi zamanı xarici dil fənni üzrə dinləmə (listening) mətnlərinin səsləndirilməsində problemlər yaranıb. Arxa sırada oturan uşaqlar mətni dinləyə bilməyiblər, yaxud dinamiklər səsi keyfiyyətli ötürməyib və səs sinif otağında əks-səda verib. Bu problem həm Bakıda, həm də bölgələrdə müşahidə olunub. Narazılıqlardan biri də builki imtahanlarda Azərbaycan dili üzrə açıq sualların və situasiya tapşırıqlarının qəliz olmasıdır, hansı ki, təcrübəli repetitorlar da bunu təsdiq ediblər.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, DİM-in keçirdiyi imtahanlarda sualların səviyyəsi, obyektivlik və ədalət prinsiplərinin pozulması ilə bağlı narazılıqlar son illər, xüsusən kurikulum proqramı əsasında keçirilən imtahanlardan sonra tez-tez eşidilir. Ötən il də buraxılış imtahanlarında riyaziyyatdan salınmış sulların digər tarixlərdə keçirilmiş imtahanlara nəzərən çətin olması, dinləmə qurğularından səsin aydın eşidilməməsi kimi problemlərdən kütləvi şikayətlər edilirdi.

Əslində, imtahanların məqsədi ən yaxşıları seçməkdir və buna görə də imtahan suallarının çətin salınması başa düşüləndir. Lakin suallar çətindirsə bu, bütün abituriyentlər üçün eyni olmalıdır, əks halda obyektiv və ədalətli imtahan haqda danışmağa dəyməz. Abituriyentlər hesab edirlər ki, bir imtahanda digərinə nisbətən asan və sadə sualların salınması onlara qarşı haqsızlıqdır.

Ekspert narazılıqların bir qismini haqlı sayır: "Abituriyent ilk zərbəni almış olur..."

Təhsil eksperti Kamran Əsədli isə hesab edir ki, bir imtahanın digərinə nisbətən çətin və ya asan olması nəzəri olaraq mümkün deyil.

"Dövlət İmtahan Mərkəzi keçirdiyi bərabərhüquqlu bütün imtahanlarda test tapşırıqlarının ağırlıq səviyyəsi və yoxlama-ölçmə təcrübəsini eyni tətbiq edir. Yəni mümkün deyil ki, birində test tapşırığı asan, digərində çətin olsun", - DİM-lə ekspert qismində əməkdaşlıq edən K.Əsədli belə deyir.

Ekspertin fikrincə, sadəcə imtahan iştirakıçılarının suallarla tanışlığı fərqli formatda olur. Məsələn, abituriyent özünün iştirak etmədiyi imtahanın daha asan keçdiyini, imtahan iştirakçısı isə onun imtahanının çətin olduğunu qeyd edir. Məsələnin mahiyyəti odur ki, imtahanın ab-havası abituriyentdə gərginlik yaradır. Abituriyent evində sualları müzakirə edərkən həll yollarını daha asan tapa bilir: "Ümumilikdə zonalar üzrə keçirilən bütün test tapşırıqlarında tapşırıqların hazırlığı, çətinliyi, asanlığı, orta səviyyəsi bərabər paylanılır".

K.Əsədlinin sözlərinə görə, abituriyentlərin narazılıq etdiyi dinləmə mətnlərinin səsləndirilməsi məsələsi həqiqətən ciddi problemdir.

"Bununla bağlı çoxsaylı şikayətlər var. Bizə dinləmə, yəni listening sualları lazımdır. Amma listning sualları imtahan başlayan kimi yoxlanılmamalıdır. Onsuz da imtahana girən uşaq  həyəcanlı olur, üstəlik imtahan başlayan kimi əvvəlcə dinləmə sualı səsləndirilir.  Səslədirmə ilə bağlı problem yaranır, qabaq partada oturanlar sualı eşidirlər, arxada oturanlar yaxşı eşidə bilmirlər. Uşaq həm həyəcandan, həm də yaxşı eşitmədiyindən başa düşə bilmir ki, söhbət nədən gedir. Nəticədə  uşaqlar imtahana başlayan kimi ilk zərbəni alırlar", -Əsədli deyib.

Dinləmə sualları nəticələrə bilavasitə mənfi təsir edir

Müsahibimiz bildirir ki, konfransların əksəriyyətində qulaqcıqlardan istifadə edilir. Bu təcrübədən imtahanlarda da istifadə edilə, belə avadanlıqlar alına bilər. Bununla yanaşı, ekspert təklif edir ki,  dinləmə sualları imtahan başlayan kimi yox, imtahanın bitməsinə bir saat qalmış səsləndirilsin. Çünki uşaq ilk sualdan etibarən düşünsə ki, o şifahi səsləndirilən 5 suala cavab yaza bilmədi, artıq onda müəyyən psixoloji gərginlik yaranacaq.

"Məsələn, cənub bölgəsindən bizə yazmışdılar ki, dinləmə sualları aydın eşidilmıyib, sual sürətlə səsləndirilib. İkinci dəfə sualın səsləndirilməsi də mümkün olmayıb. Ümumilikdə bu bacarığın yoxlanılması yaxşıdır, amma hesab edirəm ki, daha yaxşı texniki imkanları tətbiq etməklə buna etməlidirlər. Etiraf edək ki, dinləmə suaları imtahan nəticələrinə bilavasitə mənfi təsirini göstərir", - K.Əsədli deyir.

Eləcə də virtualaz.org əməkdaşları çoxsaylı abituriyentlərdən və onların yaxınlarından belə şikayətlər eşidib- Bakının müxtəlif yerlərində imtahanlarda iştirak etmiş abituriyentlərdinləmə (şifahi) sualları ilə bağlı problemlə üzləşiblər-əksər hallarda arxa partalarda oturanlar səsi yaxşı eşidə bilməyiblər.

DİM isə təbii ki, razılaşmır: onlar hər şeyi ideal təşkil etdiklərini deyirlər

Dövlət İmtahan Mərkəzi isə bu iddialarla razılaşmır. Mərkəzin sektor müdiri Xanlar Xanlarzadə bildirib ki, DİM-in test bankında test tapşırıqları çətinlik dərəcələrinə görə kateqoriyalara ayrılır və imtahanlarda istifadə olunan bütün testlər standart alqoritm vasitəsilə eyni prinsiplə formalaşdırılır. Hər bir testə daxil edilən tapşırıqların çətinlik dərəcələri üzrə paylanması eyni olur. İmtahanda müxtəlif test variantları hər il tətbiq olunur və nəticələr əsasında dünyada qəbul olunmuş elmi-statistik metodlar vasitəsilə test variantlarının müqayisəli təhlili aparılır, digər məlumatlarla birlikdə illik hesabatın tərkibində ictimaiyyətin diqqətinə çatdırılır.

"Martda keçirilən imtahanların nəticələrinin hələ aprel ayının əvvəllərində elan olunması nəzərdə tutulur. Bu nəticələr təhlil edilmədən nəsə fikir söyləmək doğru deyil. Lakin uzun illər aparılan təhlillər eyni imtahan üzrə müxtəlif test variantları arasında korrelyasiya əmsalının 0,8-0,9 aralığında olduğunu göstərir ki, bu da yüksək səviyyədə uyğunluq deməkdir. Beləliklə, müxtəlif test variantlarının çətinlik dərəcəsi arasında ehtimali fərq məqbul statistik xəta payı çərçivəsindən kənara çıxmır", - DİM əməkdaşı belə deyib.

Müqayisə yanlış təəssürat yarada bilərmi...

Xanlarzadənin sözlərinə görə, test variantlarını müqayisə edən insanlar bir çox halda öz fikirlərini əsaslandırmaq üçün ümumilikdə test bloklarını yox, testlərə daxil olan ayrıca götürülmüş tapşırıqları müqayisə edirlər. Qeyd edək ki, oxşar və ya eyni mövzuya aid test tapşırıqları bir varianta mürəkkəbləşdirilmiş, digər varianta isə asanlaşdırılmış formada daxil edilə bilər. Bu halda testin çətinlik dərəcəsi başqa tapşırıqlar hesabına tənzimlənir. Buna görə də test variantlarına daxil olan oxşar tapşırıqların müqayisəsi yanlış təəssürat yarada bilər. Sağlam qənaət əldə etmək üçün müqayisə bütövlükdə bloklar arasında aparılmalıdır ki, bu da ətraflı statistik təhlillər əsasında həyata keçirilir.

X.Xanlarzadə qeyd edib ki, dinləmə mətnləri müəyyən bir bacarıq tələb edir. Mətni eşidib anlamaq üçün dinləmə qabiliyyəti inkişaf etdirilmiş olmalıdır. Yox, əgər səsləndirmədə hər hansı bir texniki problem olarsa, o yerindəcə həll edilir. Qurğuda səsi artırıb azaltmaq mümkündür. Hətta texniki nazaslıq aşkar olunarsa, o qurğu yenisi ilə əvəz olunur. Bütün bunlar imtahan zamanı həll olunur.

Əlbəttə, bütün bunlar nəzəri olaraq yaxşı səslənir, amma fakt budur ki, şikayətlər həddən artıq çoxdur, DİM son illər keçirdiyi imtahanlara görə daha tez-tez tənqid edilir, təkcə buraxılış imtahanları ilə bağlı deyil, magistr, müəllimlərin işə qəbulu və digər imtahanlarla bağlı da çoxsaylı şikayətlərə rast gəlmək olar. Bir vaxtlar qüsursuz imici ilə tanınan o zamanlı TQDK, indiki DİM deyəsən bu imicini əldən verməkdədir...


Etiketlər:  Azərbaycanda buraxılış imtahanları çoxsaylı narazılıqlar eşidilir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ