Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Muğam Mərkəzinin "Dəyirmi masa"sında Cabbar Qaryağdıoğlu müzakirə olundu - FOTO

Muğam Mərkəzinin

Tarix: 19 Mart 2022 17:15

Martın 16-da Beynəlxalq Muğam Mərkəzinin "Dəyirmi masa" layihəsinin növbəti tədbiri görkəmli xanəndə Cabbar Qaryağdıoğluna həsr edildi. Layihənin ideya müəllifi BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov, koordinatoru fəlsəfə doktoru, tədqiqatçı Gülhüseyn Kazımlıdır.

Bu dəfə dəyirmi masada "Cabbar Qaryağdıoğlu - xanəndə, bəstəkar, tədqiqatçı" mövzusu müzakirə olundu. Tədbirin aparıcısı Gülhüseyn Kazımlı xanəndənin həyat və yaradıcılığı haqqında söz açdı. Bildirdi ki, Cabbar Qaryağdıoğlu  Azərbaycan musiqisinin tarixində və inkişafında təkrarsız rol oynayan və qiymətli irs qoyan, Qarabağ muğam məktəbinin ölməz ənənələrini davam etdirən böyük sənətkar olmuşdur (1861-1944). O, ustad xanəndə, istedadlı şair, bəstəkar, musiqişünas və pedaqoq idi. Ötən il anadan olmasının 160 illiyi tamam oldu.

Daha sonra iştirakçılar mövzu üzrə çıxışlarını davam etdirdilər. Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov xanəndənin ilk müəllimi , böyük qardaşı Məşədi Məhəmməd Bülbül haqqında danışaraq onun şeirlərindən nümunələr söylədi. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sürəyya Ağayeva çıxışı zamanı muğam sənətimizin tarixi və bu tarixdə xanəndənin rolu haqqında danışdı. Bildirdi ki, hələ eramızdan əvvəl Azərbaycan türkcəsində şeir, qəzəllər yazılıb oxunurdu, (bu məlumat T. Azərtürkün "Türkün və Türk dilinin genezisi" kitabında ətraflı şəkildə açıqlanıb). 14-15-ci əsrlərdə yaşayıb-yaratmış məşhur Azərbaycanlı alim-musiqişünası, xanəndə Əbdülqadir Marağalı öz elmi əsərlərində xanəndəlik sənətinin xüsusiyyətləri haqqında bəhs etmişdir. O yazırdı: "bəzi ifaçıların gözəl səsi var amma savadı yoxdur, muğam, qəzəl, şeir qaydalardan xəbərləri yoxdur. Mükəmməl xanəndə savadlı, səsin genişliyi iki oktavadan az olmamalı, bədahətən musiqi  söyləmə və bəstəkarlıq qabiliyyəti olmalıdır". S. Ağayeva dedi ki, bu nöqtətyi nəzərdən Cabbar Qaryağdı oğlu mükəmməl savadlı xanəndə olaraq ünlü əcdadı Əbdülqadir Marağalının layiqli davamçısıdır. O müxtəlif ölkələrdə Azərbaycan musiqisini  təbliğ etmiş, Azərbaycan mədəniyyətinin  inkişafında böyük rol oynamışdır.

Bakı Musiqi Akademiyasının professoru Arif Əsədullayev muğam dəstgahları, müasir xanəndəlikdə Cabbar Qaryağdıoğlu ənənələrinin davam etdirlməsi ilə bağlı düşüncələrini bölüşdü. Əməkdar mədəniyyət işçisi , yazıçı Mustafa Çəmənli, Cabbar Qaryağdıoğlu haqqında iki sənədli filmin ssenari müəllifi Kəmalə Musazadə, yazıçı, jurnalist Kənan Hacı çıxışlarında xanəndə haqqında qələmə aldıqları əsərlərlə bağlı faktları diqqətə çatdırdılar. Layihə çərçivəsində həmçinin BMM -nin solistlərinin ifasında  Cabbar Qaryağdıoğlunun mahnılarından ibarət musiqi nömrələri təqdim olundu.

Milli.Az


Etiketlər:  Muğam Mərkəzinin Dəyirmi masasında Cabbar Qaryağdıoğlu müzakirə olundu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ