Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2022 19:28
Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən əvvəl Azərbaycan əsilli rusiyalı oliqarx, "Lukoil" şirkətinin rəhbəri Vahid Ələkbərov özünün "Galactica Super Nova" adlı yaxtasını satışa çıxarmışdı. Lakin müharibə başlayandan bir gün sonra o, yaxtanı tələm-tələsik İspaniyanın Barselona limanından qaçıra bilib. Bu haqda "The Wall Street Journal" yazır.
Qəzet bildirir ki, həmin ərəfədə ABŞ və Birləşmiş Ərəb Əmirliklərindən olan potensial alıcılar gəminin göyərtəsində olmuşdular, onunla maraqlanmışdılar. Yaxtanın göyərtəsində şəlalə və mənzərəli hovuz da var, onun dəyəri 83 milyon dollara yaxındır. Vahid Ələkbərov çox güman ki, daha iri yaxta almaq üçün onu satışa çıxarmışdı.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün ertəsi günü, fevraln 25-də gəminin kapitanı məzuniyyətdən yarımçıq geri dönüb, göyərtəyə qalxıb və heyətə yola çıxmaq üçün 48 saat vaxt verib. "Biz bazar günü üzürük",-həmin vaxt gəmidə olanlardan birinin dediyinə görə, kapitan heyət üzvlərinə bu əmri verib. Gəmi planlaşdırılan vaxtdan bir gün tez Barselonadan yola çıxıb.
Nəşr yazır ki, Vahid Ələkbərov sanksiyalar tətbiq edilən rusiyalı oliqarxların siyahısında yer almır. Lakin o, ABŞ Maliyyə Naziliyinin hazırladığı, Rusiya prezidenti Vladimir Putinə yaxın siyasi xadimlər və oliqarxlardan ibarət siyahıda yer alır. Bu da Ələkbərovun yaxtasını sanksiyaların potensial hədəfinə çevirir.
"Galactica Super Nova" Barselonadan yola çıxandan bir neçə gün sonra Montenegronun Tivat limanına yaxınlaşmaqda idi. Montenegro Avropa İttifaqının üzvü olmadığından həmin vaxt Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ona aidiyyatı yox idi. Lakin Vahid Ələkbərovun yaxtası Tivat limanına yaxınlaşan gün Montenegro hökuməti elan edib ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulur.
Nəticədə "Galactica Super Nova" həmin gün səhərə yaxın Tivat limanından sürətlə uzaqlaşıb və radiomayakı söndürərək radarlardan itib. Gəmilərin hərəkətini izləyən monitorinq saylarnda onun hara üzdüyü barədə məlumat əks olunmayıb. Lakin "SuperYacht Fan" saytı bir neçə gün sonra yaxtanın Türkiyənin Bodrum limanına yan aldığını görüntüləyib.
Türkiyə Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalara qoşulmur və nəticədə sanksiyalardan yayınmağa çalışan rusiyalı oliqarxlar üçün indi ən təhlükəsiz ölkələrdən hesab edilir.