Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2022 22:06
Qanyaradıcı sistemin xroniki bədxassəli xəstəliyi olan mieloma xərçəngin bir çox növlərindən fərqlənir.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, xəstəliyin əlamətləri, profilaktikası və müalicəsi barədə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının hematologiya şöbəsinin müdiri, həkim hematoloq Şəhla Şabanova məlumat verib.
Həkimin sözlərinə görə, çoxsaylı Mieloma xəstəliyi tək bir şiş kimi deyil, sümük iliyində anormal plazma hüceyrələrinin yığılması və qanda zülalın anormal miqdarda olması şəklində özünü büruzə verir. Bu zaman xəstə sümüklərdə ağrı, ürəkbulanma, halsızlıq, tez yorulma halları ilə üzləşir. Həmçinin, xəstədə patoloji sınıqlar, arıqlama, infeksiyalara tez-tez yoluxma müşahidə olunur. Azacıq hərəkət zamanı belə sümüklər sınır. Gecikmiş formalarda böyrək şikayətləri, Oliqo-Anuriya halları (sidiyə çıxmanın zəifləməsi və ya bəzən tamamən itməsi) da rastlanır. Başlanğıc mərhələdə adi qan analizinin nəticələrində anemiya, həm də yüksək EÇS dəyəri aşkarlanarsa, onda çoxsaylı Mieloma xəstəliyindən şübhələnmək olar.
Hematoloq Ş.Şabanovanın sözlərinə görə, bu xəstəliyin yaranma səbəbi hələ də tam bəlli deyil. Belə qəbul olunub ki, kimyəvi maddələr, neft və radiasiyaya məruz qalmaq xəstəliyi yaradan amillər sırasındadır. Çoxsaylı Mieloma hüceyrələri sümük iliyində yaranıb artdığı üçün xərçəng hüceyrələrinin sağlam sümük hüceyrələrinin istilasına səbəb olur.
Daha çox 50-60 yaşlı insanlarda aşkar edilən çoxsaylı Mieloma riski yaşla artır. Statistikaya görə, qadınlara nisbətən kişilər bu xəstəliyə daha çox meyllidirlər. Xəstəliyin diaqnostikası laborator, radioloji müayinələr, sümük iliyi aspirasiya və biopsiya, immumofiksasiya testləri əsasında aparılır. Vaxtında hematoloji müayinə və müalicənin aparılması xəstə ömürlük əlil olmasının, dializdən asılı qalmasının qarşısını alır və uzun müddət yaşamasına şərait yaradır.
Ş.Şabanova qeyd edir ki, çoxsaylı Mielomanın müalicəsində böyük elmi irəliləyişin olması - yeni dərmanların yaradılması və müasir innovativ terapiyanın ortaya çıxması xəstələrin uzunmüddətli remissiyasına imkan verir. Hazırda bu xəstəliyin dərman müalicəsi, kortikosteroid müalicəsi, kimyəvi terapiya, radioterapiya, sümük iliyi transplantasiyası ilə icra edilir.
Həkimin bildirdiyinə görə, pasiyentlərin heç də hamısı innovativ müalicə metodlarından xəbərdar deyillər. Buna görə də xəstəliklə bağlı maarifləndirmə aylığının, müxtəlif tədbirlərin təşkili, məlumatların paylaşılması mühüm əhəmiyyət kəsb edir.
Həkim Ş.Şabanova qeyd edib ki, hər qan azlığı çoxsaylı mieloma xəstəliyi demək deyil. Bununla belə, səbəbsiz anemiya aşkarlanarsa bu xəstəliyin araşdırılması və hematoloji chek-up aparılması tövsiyə edilir.