Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Aprel 2022 08:02
Xəbər verdiyimiz kimi, ötən gün bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Qazilər əlillik təyinatının olmaması, əksər hallarda imtina cavabı almaları, əyani müayinənin aparılmamasından, komissiyaya gec çağırılmalarından şikayətçidirlər.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi etiraz edən qazilərdən biri ilə bağlı açıqlama yayıb.
Agentliyin şöbə müdiri Tural Qurbanov bildirib ki, Sumqayıt şəhər sakini Bağırov Taleh Tahir oğlunun əlillik müddəti keçən ilin oktyabr ayında başa çatıb:
"Növbəti dəfə əlilliyinin qiymətləndirilməsi üçün 2021-ci ilin noyabr ayında Sumqayıt şəhər 4 nömrəli xəstəxana tərəfindən elektron sistemə göndəriş daxil edilib.
Qiymətləndirilmə zamanı müəyyən edilib ki, T.Bağırovun tibb müəsissələrində keçdiyi müayinə və aldığı müalicə kurslarının sayı yetərli deyil və müalicə kursları davam etməlidir. Həmçinin xəstəliyin ağırlaşmasını təsdiq edən köməkçi diaqnostik müayinənin nəticələri də qeyd edilməyib.
Belə olan halda əlilliyin qiymətləndirilməsi qanunvericiliyə uyğun olaraq mümkün olmur.
Bu səbəbdən T.Bağırova əlillik təyin edilməsindən imtina qərarı verilib.
Bununla belə nazirliyə müraciətinə əsasən o, əyani şəkildə müayinə olunması üçün tibbi-sosial ekspert komissiyasına göndərilib. Əyani müayinəyə gəldiyi zaman müayinənin nəticəsinə əsasən qərar veriləcək".
Qeyd edək ki, müharibə iştirakçıları sığorta pulu ala bilmədiklərini iddia edirlər: "Cəmi bir neçə qaziyə köməklik olunur, digərləri qayğıdan kənarda qalır. Veteranlığa görə verilən 80 manat çox azdır, xərclərimizi ödəmir. Əlilliklə bağlı müraciət edib imtina alandan sonra 6 ay gözləmək lazımdır. Bu qərar absurddur və ləğv edilməlidir. Biz tələb edirik ki, nazir bizi qəbul etsin, şikayətlərimizi dinləsin".