Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2022 19:21
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Pakistanın nüfuzlu "BOL" Media Qrupunun rəhbəri Ayşə Şeyxi, Qrupun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Syed Savez Alini, eləcə də "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri Rövşən Məmmədovu qəbul edib.
QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə AzTV və "BOL" Media Qrupu arasında imzalanan Anlaşma Memorandumu və iki ölkə xalqlarının dostluq və qardaşlıq münasibətlərinin təşviqi məsələləri müzakirə edilib.
Həmçinin qeyd edilib ki, bu amillər iki ölkə arasında bir sıra sahələrin, həmçinin informasiya texnologiyalarının inkişafına kömək edəcək.
Hikmət Hacıyev bildirib ki, Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində Pakistanın göstərdiyi dəstəyi yüksək qiymətləndirir.
Prezidentin köməkçisi hazırda Qarabağda yenidənqurma və bərpa işlərinin aparıldığını, ermənilərin bu bölgədə Azərbaycana məxsus tarixi-mədəni irsi dağıtdığını və minalar döşədiyini qonaqların diqqətinə çatdırıb. Onun sözlərinə görə, ermənilərin basdırdığı hər minanın əvəzinə sevgi və xeyirxahlıq naminə ağac əkiləcək.
O da qeyd olunub ki, "BOL" Media Qrupu və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin imzaladığı Anlaşma Memorandumu vasitəsilə hər iki media qurumu arasında sənədli filmlərin, verilişlərin mübadiləsi və mədəni əlaqələrin təşviqi, həmçinin təlimlərin keçirilməsi nəzərdə tutulub.